Loading...
Loading...
Gündəm

Hər şeyi yığmaq ehtirası – Bu təhlükədir

Brown illər uzunu topladığı əşyaları bir-birinin üstünə qalaqlayıb və bu onun evini yaşamaq üçün narahat bir məkana çevirib.

“Bura gələnlər addım atmağa yer tapmırlar” – İngiltərənin şimalındakı Blackburn şəhərində yaşayan 60 yaşlı Brown belə deyir.

Brown yığıcılıq sindromu, yığıcılıq pozuntusu, kompulsiv yığıcılıq və ya silloqomaniya kimi tanınan psixi pozuntudan əziyyət çəkir.

Bu pozuntu insanı digərlərinin dəyərli hesab etmədiyi və ya az əhəmiyyət verdiyi əşyalardan qurtulmağa qoymur.

ABŞ-ın İllinois Texnologiya İnstitutunun psixologiya professoru, klinik psixoloq Gregory Chasson deyir ki, “Bu utilizasiya problemi çox vaxt yaşayış yerini dözülməz vəziyyətə gətirən, otaqların təyinatı üzrə istifadəsini yararsız hala salan böyük qarma-qarışıqlıqla nəticələnir”.

Qəzetlər, jurnallar, yemək qabları, ayaqqabılar, eləcə də kabellərdən tutmuş çətirlərə və ya butulka qapaqlarına qədər – yaxşı vəziyyətdə olan və ya çox istifadə edildiyi üçün yararsız hala düşmüş hər şey yığıcı üçün qiymətli əşyaya çevrilə bilir.

Bu, insanların cinsindən, mədəni və ya sosial-iqtisadi statusundan asılı olmayaraq yarana bilən vəziyyətdir.

Amerika Psixiatriya Assosiasiyasının məlumatına görə, bu xəstəliyə dünya əhalisinin ən azı 2,6 faizində – daha çox 60 yaşdan yuxarı insanlarda və ya həyəcan, depressiya kimi digər psixi problemləri olan şəxslərdə rast gəlinir.

Nəticələri Psixiatrik Araşdırmalar Jurnalı nəşrində dərc edilmiş bir araşdırmaya görə, “Covid-19” epidemiyası zamanı belə adamlarda xəstəliyin simptomları “xeyli dərinləşib”.

Yığıb saxlamaq ehtirası

Yeni əşyalar əldə etmək və bütün əşyaları saxlamaq ehtirası – sözügedən pozuntunun digər mühüm əlamətlərindən biri də budur.

Kanadanın “British Columbia” Universitetinin dosenti Christiana Bratiotis deyir ki, “Bu, sadəcə xaotik vəziyyət deyil, həm də yeni əşyalar almağa və ya passiv şəkildə həyatınıza daxil olan əşyaları toplamağa can atmaqdır. Bu tip insanlar əşyalarla bağlı düşüncələrinə və onlarla özləri arasında qurduqları güclü emosional bağa görə hamısını qoruyub saxlamaq istəyirlər”.

Bratiotisin sözlərinə görə, bəzi pasientləri ona bu tip sözlər deyiblər: “Bu əşyalar həm mənimçün, həm də bacım üçün çox önəmlidir. Onlardan ayrılmaq bacımla bütün əlaqələri kəsmək kimi bir şey olardı”.

Bratiotis deyir ki, yığıcıların topladığı əşyalar “onların şəxsiyyətinin bir hissəsini təşkil edir”.

Üstəlik, geniş yayılmış belə bir fikir də var ki, nə vaxtsa bu obyektlər təyinatları üzrə və ya alternativ istifadə üçün lazım ola bilər.

yığıcılar

Yığıcılığın təhlükələri

Bu problemə məhəl qoymamağın sağlamlıq üçün (xüsusilə də fiziki baxımdan) təhlükəsi göründüyündən daha böyükdür.

Klinik psixoloq Chasson kompulsiv yığıcılığı “yanğın, yıxılma, xəsarət və müəyyən xəstəliklər (məsələn, astma kimi) ehtimalını artıra biləcək ciddi risk” kimi şərh edir.

Bratiotissə başqa bir təhlükəyə diqqət çəkir – belə xəstələrin davranışlarını “tənbəllik, mənəviyyatsızlıq və ya şəxsi standartların olmaması problemi kimi qiymətləndirən və bunun psixi sağlamlıq problemi olduğunu başa düşməyən cəmiyyət onları damğalaya və sosial mühitdən təcrid edə bilər.

Davamlılıq

İnsanların çoxu əşyaları gözəlliyinə, yaxşı xatirələr oyatdığına və ya bir gün lazım ola biləcəyinə görə saxlamağa meyllidirlər. Təkamül nöqteyi-nəzərindən biz, əsasən ovçu-yığıcılardan törəmişik, əşyaları həyatımıza daxil etməyə və gizlətməyə meyl edirik. Ancaq bu, bizi yığıcıya çevirmir.

Bratiotis qeyd edir ki, bu, bir davranış modelidir və deməli, “nisbətən yüngül vəziyyətdən daha ağır olanına qədərki diapazonda meydana gəlir”.

Bəs, bunlardan hansı kompulsiv yığıcılığın, hansı sadəcə “kolleksiyaçı ruhun”  təzahürüdür?

Chasson deyir ki, “bəzən bu fərqi müəyyən etmək çətindir. Yalnız şəxsin özündə və ya ətrafındakılarda pozuntu və ya narahatlıq yaradanda problemə çevrilir və ancaq o zaman diaqnoz qoymaq mümkün olur”.

Bundan başqa, dağınıqlıq və yığıcılığın evdəki gündəlik həyatı çətinləşdirməsini də pozuntu üçün ciddi işarə hesab etmək olar.

 İçərisində addım atmağa yer olmayan bir ev – ən ekstremal hallarda vəziyyət belədir. Bu mövzu televiziya proqramlarında da müzakirə olunur.

yığıcılıq sindromu

Daha dəqiq təsvəvvür üçün aşağıdakı fotoşəklə – yığıcılığın psixi sağlamlıq probleminə çevrilməsini qiymətləndirmədə istifadə olunan mənbələrdən birinə nəzər salın.

Bunlar qonaq otağı, mətbəx və yataq otağının əşya sayına görə 1-dən 9-a qədər nömrələnmiş  şəkilləridir (1 – heç bir dağınıqlıq yoxdur, 9 – ən dağınıq), nəticələri 2008-ci ildə “Psixopatologiya və davranış qiymətləndirmə” jurnalında dərc edilmiş bir araşdırmadandır, 3 ildən sonra başlamış kompulsiv yığıcılığı təsvir edir.

Nədən qaynaqlanır?

Lakin əşya yığmaq problemin yalnız təzahürü və görünən hissəsidir.

“Dağınıqlığın arxasında problemin həm formal, həm də hərfi mənada daha az görünən, amma bu cür davranışın inkişafında həlledici rol oynayan amillər dayanır”, – Bratiotis belə deyir.

Qərar verməkdə çətinlik çəkmək, işləri sonraya saxlamaq və perfeksionizm kimi müəyyən xüsusiyyətlərin birləşməsi insanı yığıcılıq sindromuna meylləndirə bilər.

yığıcılıq sindromu həyatı necə dözülməz hala gətirir
 

Sözügedən pozuntunun bir neçə səbəbdən qaynaqlandığını bildirən Bratiotisin sözlərinə görə, “həmin insanlar daha ləng qərar verirlər və az sonra da qərarlarının doğru olmadığını  düşünürlər. Bu, yalnız genetika və ya nevrologiya deyil, təkamül biologiyasıdır, bunların hamısı rol oynayır”.

Bratiotis deyir ki, “kompulsiv yığıcının beyni fərqli işləyir” və bu fərq əşyalarını atmaq xahiş edilmiş insanların beyin tomoqrafiyası zamanı aşkar edilib.

Onun sözlərinə görə, “Bu səbəblərin müəyyən həyat təcrübələriyilə, xüsusən də itkilərin yaratdığı hisslərlə birləşməsi pozuntu yaradır”.

Bratiotis həmçinin qeyd edir ki,  əsasən orta yaşlarda üzə çıxan bu problem uşaqlıq və ya yetkinlik dövründə inkişaf etməyə başlayır.

“Tədqiqatlar göstərir ki, 50 faizdən çox hallarda problem 11-20 yaş aralığında yaranır”.

Chasson bildirir ki, simptomlar “başqalarının zibil hesab etdiyi əşyaları saxlamaq şəklində də üzə çıxa bilər”, amma ən çox təsir edən faktorlar düşüncə prosesi və insanları əhatə edən inanclardır.

Psixoloq deyir ki, yığıcılıq sonradan yaranır, çünki uşaqların əşyaları toplamaq və qocalana qədər saxlamaq imkanı yoxdur.

yığıcılıq

Müalicə etmək mümkündürmü?

Hələ ki yığıcılıq pozuntusunun müalicəsi tapılmayıb. Ancaq ən ümidverici üsul koqnitiv-davranışçı terapiyadır (CBT).

Geniş mənada bu terapiyanın məqsədi insanların davranışlarını dəyişməyə və özlərini daha yaxşı hiss etmələrinə nail olmaq üçün onların düşüncə tərzini dəyişməkdir.

“Nəticələrin müsbət olduğunu deyə bilərik, amma tam da uğurlu deyil” – Bratiotis belə deyir.

 Chasson vurğulayır ki, müalicənin məqsədi həm də “nəticələrin şiddətini və təsirini azaltmaq və (problemdən əziyyət çəkən şəxsin) həyat keyfiyyətini yaxşılaşdırmaq, uğurları davam etdirmək üçün müdaxilələr etməkdir”:

 “Başqa üsullar da  var –  məsələn, özü özünə kömək qrupları və ya fərqli yanaşmalı qruplar”.

 Bundan başqa, ailə və ya dostlar da hansısa şəkildə kömək edə bilərlər.

Bratiotis deyir ki, bunun üçün, əvvəla, “ittihamçı mövqe tutmaq əvəzinə, problemə empatiya və anlayışla yanaşmalıyıq, “sən” əvəzinə “mən” deməliyik:

“Məsələn, belə deyə bilərsiz: “Mən sənin bu evdə yaşamağından narahatam, çünki çətin günlər keçirdiyini bilirəm; sən bu dəhlizdən istifadə edə bilməzsən, çünki əşyalarla doludur, mənsə sənin yıxılmağını istəmirəm”. “Dəhlizi boşaltmalısan, yoxsa yıxılacaqsan” variantıyla bunun arasında çox fərq var”.

 Dostlar və ailə nə qədər xoş niyyətli olsalar da, onların kömək üçün ən uyğun insanlar ola bilməyəcəyini də qəbul etmək vacibdir. Ancaq yenə də onlar kənardan yardım axtarmaq və qoruma altına almaq məsələlərində dəstək ola bilərlər.

Mənbə: BBC News

24 saat” “Hər şeyi yığmaq ehtirası – Bu təhlükədir” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button