“Hesab.az”ın aid olduğu şirkət 2 mln. üzərində mənfəət əldə edib
Azərbaycanda onlayn ödəmələr bazarında fəaliyyətdə olan “Hesab.az” platformasının sahibi “QoldenPey” ASC və ya “GoldenPay” 2022-ci ildə 2 mln. 147.5 min manat xalis mənfəət əldə edib.
Banker.az xəbər verir ki, bu barədə şirkətin audit hesabatında qeyd edilir. Hesabat cəmi 4 səhifədən ibarət təqdim edilib.
Hesabata görə, müddət ərzində 11 mln. 155 min manat gəlir, 7 mln. 46 min manat xidmətin maya dəyəri üçün xərc çəkib. 2021-ci illə müqayisədə gəlirlər 33%, xərclər isə 34% artıb.
“GoldenPay”ın ümumi və inzibati xərcləri də yüksəlib. Ümumi və inzibati xərclər dedikdə şirkətin icarə, marketinq, işçilər və amortizasiyaya xərclədiyi xərclərdir. Bu xərclər illik müqayisədə 2% artımla 1 mln. 390 min manat təşkil edib.
Beləliklə, onlayn ödəmə şirkətinin xalis mənfəəti 2 mln. 148 min manat təşkil edib. 2021-ci ildə xalis mənfəəti 1 mln. 411 min manat idi.
Bu mənfəətdən sonra, 1 yanvar 2023-cü il tarixinə olan balansdakı bölüşdürülməmiş mənfəət 1 mln 891 min manatdan 4 mln. 39 min manata yüksəlib.
Şirkətin 6 mln. 626 min manat cəmi aktivi, 4 mln. 615 min manat cəmi kapitalı (bunun 571 min manatı nizamnamə kapitalı) və cəmi öhdəlikləri isə 2 mln. 11 min manatdır.
Xatırladaq ki, şirkətin yaradıcısı Fərid İsmayılzadə idi və o 2021-ci ildə qalan 20%-lik payını da satdığını elan etmişdi. O, bununla da şirkətin müşahidə şurasını da tərk etmiş oldu. Yuxarıda qeyd edildiyi kimi, şirkət audit hesabatında 4 səhifəni açıqlayır, cari səhmdarlarının kim olduğu üçün yer ayırmır.