2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İsrail və İran:korrupsiyaya qarşı “Xalq Cəbhəsi” – Təhlil

İsrail və İran – bir-birinə qənim kəsilmiş iki ölkə hazırda qarşılıqlı siyasi ittihamlarla deyil, daha çox korrupsiya qalmaqalları ilə gündəmdədir. İstər Benyamin Netanyahu hökuməti, istərsə də Həsən Ruhani administrasiyası günbəgün kəskinləşən suçlamaları dəf etməli olur.

Baş nazir bütün ailəsi ilə diqqət mərkəzindədir. Bahalı siqarlar, daş-qaş, Meray Kerrinin konsertinə bilet, müftə otel otağı… İstintaqda ifadə verən xanım Sara və gənc oğlu Yair Netanyahu ayrı-ayrılıqda müstəntiqlər qarşısında çətin və tərs suallara cavab verməli olurlar.

Avstraliyalı milyarder Arnon Milçanın bəxşişlərindən imtina etməməkdə şübhəli bilinənlər sırasında bəzi İsrail KİV-lərinin də adı çəkilir.

Saytların yığılması Saytlarin yigilmasi

Donald Trampla telefon söhbəti və gələn ay baş tutmalı olan ABŞ-a səfər ərəfəsində Netanyahu hökuməti küncə sıxılmış durumdadır. Xarici siyasətdə uğurlar belə israillilərin gözünə pərdə çəkməyə kifayət etmir. Onlar Tel-Əviv küçələrinə axışaraq korrupsiya əleyhinə şüarlar səsləndirirlər.

sara-netanyahu

2017-ci ilin parlament seçkilərini iki il geri çəkə bilmiş (17 mart 2015-ci il) “Likud” Partiyası üzərində dolaşıb-sürünən korrupsiya kölgəsindən qurtula bilməzsə, yeni növbədənkənar seçkilər labüddür.

İranda oxşar ovqat var: Həsən Ruhaninin üzünə korrupsiya ittihamları çırpılır. İndi həm də qardaşı Hüseyn Firuduna görə.

Həsən Ruhani kimi, Simnanda doğulmuş 53 yaşlı H.Firudun bir müddət Nişapur və Kərəcin valisi, sonralar Malayziyada səfir olub. Daha sonralar İran prezidentinin xüsusi köməkçisi kimi Lozann və Vyanada ölkəsinin nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edib. “5+1” sazişinin hazırlanması prosesində H.Firudun xarici işlər naziri Məhəmməd Cavad Zəriflə tez-tez yan-yanaşı durub. Amma budur, H.Firudunun böyük gələcək vəd edən siyasi portretinə artıq ilk palçıq atılıb və bu palçığın bir hissəsi böyük qardaşın nüfuzuna çilənib.

Düzü, İranda korrupsiya qalmaqalının təməli hələ ötən il qoyulub. Ayətullah Xamnəinin bir çıxışı ilə. Ölkənin beynəlxalq sanksiyalardan əziyyət çəkdiyi dövrdə hökumətdəki bəzi nazirlərin yetərindən artıq yüksək məvacib almasına dair xəbərdarlıq dərhal eşidildi. “Vahid xütbə”dəki bu tezis indi də cümə namazlarında tez-tez səslənir.

Həsən Ruhani hökuməti korrupsiya ittihamlarına sipər çəkməyə çalışır. Həm sağdan, həm də soldan zərbələr alan prezident müdafiə dəlilləri elə də güclü deyil. Onun rəqibləri arasında İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsini xüsusi qeyd etməyə dəyər. Mühafizəkar qanada yaxın “Xalq Cəbhəsi”nin rəhbəri Məhəmməd Həsən Rəhimian prezidentin iqtisadi siyasətinin əsas tənqidçilərindən biridir.

h-firudun-4

“İcraedici hakimiyyətimiz həmişə cəmiyyətin müşküllərini həll etməyə qabil olub. Amma bəzi məmurlar cah-calallı həyata və sərvət yığmağa meyillənib”, – deyən M.Rəhimianın sözlərini təkrarlamağa hazır olan adamlar hazırda İranda çoxluqdadır. O cümlədən qanunverici hakimiyyətdə və hakimiyyətin üçüncü qolunda – məhkəmə hakimiyyətində.

Ali Məhkəmə sədri Ayətullah Sadiq Laricani də Rəhimianın səsləndirdiyi ittihamları artıq təkrarlayıb və hökumət üzvlərini öz məvaciblərini açıqlamağa səsləyib. H.Ruhani “Twitter” hesabı ilə buna hazır olduğunu bəyan edib. Bircə şərtlə – məhkəmə hakimiyyəti üzvləri də öz məvaciblərinə şəffaflıq versin.

İndiyədək Laricaninin əlində yalnız bir “tutarlı” dəlil var idi: təxminən 3 milyard dollara qədər vəsaiti mənimsəməkdə təqsirli bilinən və edam cəzasına məhkum edilən Babək Zəncani 2013-cü ildəki son prezident seçkilərində H.Ruhaniyə maliyyə yardımı etməsini bildirmişdi. Bu bəyanat əsasında ittihama hələ şübhə ilə yanaşmaq olardı. Çünki müttəhim məhkəmədə özünümüdafiə üçün hər şey deyə bilər. Bu, boğulan adamın saman çöpündən yapışması kimi bir şeydir.

Hüseyn Firudunla bağlı ittihamlar isə əksinə, sənədli əsasa söykənir. Ödənilməmiş bank kreditləri, Birləşmiş Ərəb Əmirlikləri və Kanadadan şübhəli pul köçürmələri, Tehranın şimal hissəsindəki elit məhəllədə evlər… Həm də maliyyə fırıldağında təkcə prezidentin qardaşı və ailə üzvlərinin adı hallanmır. Taha Haşimi – vitse-prezident Məsumə Ebtekarın oğlu barədə məhkəmə həbs orderi verib və o axtarışdadır (H.Firudunun yaxını Şəbdüst Malmiri də). Üstəlik İran mediası M.Ebtekarı oğlunun qaçışına kömək etməkdə ittiham edir.

Maliyyə fırıldaqları ilə bağlı təfərrüatlar çoxaldıqca, Həsən Ruhaninin bu qalmaqaldan təmiz nüfuzla çıxacağı ehtimalı azalır. Elə də uzaq olmayan gələcəkdə, 2017-ci il mayın 19-da prezident seçkiləri keçiriləcək. Seçki öncəsi isə H.Ruhaninin ikinci dönəm üçün namizədliyinə sədlər artır.

 

Əziz Rzazadə

Strateq.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button