Loading...
Loading...
ÖLKƏGündəm

İstintaq pilotları təqsirləndirir…

Baş Prokurorluq noyabrın 30-da Xızıda Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin yerə çırpılması və 14 hərbçinin həlak olması ilə bağlı aparılan istintaqın nəticələri barədə məlumat yayıb.

Dekabrın 20-də yayılan məlumatda bildirilir ki, uçuş-atış təlimləri ilə əlaqədar təsdiq edilmiş plana əsasən, Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17-1V tipli, 20136 bort nömrəli helikopteri noyabrın 30-da saat 10:16-da N saylı hərbi hissədəki aerodromdan havaya qalxıb. Qeyd edildiyinə görə, onun ardınca təlimdə iştirak edən digər eynitipli, 20137 bort nömrəli helikopter də havaya qalxaraq uçuşa başlayıb: “Helikopterlər bir-birindən təxminən 70 metr aralı olmaqla uçuşu həyata keçirmişlər. Aparıcı 20136 bort nömrəli helikopter 17 dəqiqə 24 saniyə uçduqdan sonra saat 10:33-də Xızı rayonu ərazisindəki Müdafiə Nazirliyinin Qaraheybət təlim mərkəzində helikopter meydançasına eniş edərkən qəzaya uğrayıb”.



renderExternalContent(“https://www.youtube.com/embed/RRs6RgSDyf4?&&&fs=1&enablejsapi=1”)

Helikopter 2012-ci ildə istehsal edilib

Açıqlamaya görə, qəzaya uğramış desant-nəqliyyat tipli helikopter 2012-ci ildə Rusiya Federasiyasının Kazan şəhərindəki zavodda istehsal olunub: “…Həmin ilin sonunda DSX tərəfindən alınaraq istismara buraxılıb. İstehsal zamanı helikopterin təchiz edildiyi uçuş parametrlərinin avtomatik qeydiyyat sistemi (qara qutu) ilə müqayisədə yaddaş tutumunun həcmi və daha çox parametrlər üzrə qeydiyyat apara bilmə xüsusiyyətlərinə görə yeni müvafiq sistem 2013-cü ildə sifariş əsasında Çexiya Respublikasından alınaraq istehsalçı şirkətin mütəxəssisləri tərəfindən 2015-ci ildə helikopterə quraşdırılıb”.

Bu il Rusiyadan təmirdən gətirilib

Bildirildiyinə görə, 2020-ci ilin sentyabrında müvafiq təlimata uyğun olaraq, helikopter texniki baxış və təmir üçün bağlanmış müqaviləyə əsasən, Rusiya Federasiyasının Saratov vilayətindəki zavoda göndərilib: “2021-ci ilin aprel ayında müvafiq texniki qulluq həyata keçirildikdən sonra helikopter ölkəyə gətirilərək istismarı davam etdirilməklə qəza baş verən günə qədər 116 saat uçuş həyata keçirilmişdir. Texniki baxış və təmirdən əvvəlki, habelə ondan sonrakı dövrdə istismar olunarkən helikopterdə hər hansı nasazlıq aşkar edilməyib”.

“Qara qutu” açılıb

Bildirildiyinə görə, “qara qutu”nu hüquqi yardım haqqında sorğu əsasında Baş Prokurorluğun və Çexiya Respublikası Prokurorluğunun əməkdaşlarının iştirakı ilə müvafiq istehsalçı şirkətin mütəxəssisləri açıblar: “Uçuşa hazırlıq prosesindən qəza baş verən ana qədər olan bütün parametrlər üzrə məlumatlar, o cümlədən idarəetmə ilə əlaqədar qeydə alınmış səs yazıları Azərbaycan tərəfinə təqdim edilib”.

“Pilotların eniş zamanı…”

Hadisənin səbəbinə gəldikdə isə, açıqlamada sonra da oxuyuruq: “…Müəyyən edilir ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almayaraq helikopterin istismar qaydalarına zidd olaraq idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub…. Qəzanın səbəbi pilotların hündürlüyü nəzərə almadan “Şaq-Qaz” dəstəyini (aparıcı pərin ümumi addım dəstəyi) vaxtından əvvəl tam endirməsi, tanqaj bucağının (helikopterin burun hissəsinin yuxarı istiqamətdə üfüqi xəttə nəzərən dərəcəsidir) normadan çox artırılması, küləyin istiqamətinin və gücünün düzgün hesablanmaması olub…”.

Gözdən qaçırmayın:  Kiyev ətrafına Rusiya hərbi konvoyunun cəmləndiyi bildirilir

Bildirildiyinə görə, nəticədə mühərrikin dövrlər sayının, sürətin, hündürlüyün anidən azalması ilə idarə olunmaz halda olan helikopterin quyruq hissəsinin pəri (helikopterin tarazlığını saxlamaq funksiyasını yerinə yetirir) yerə dəyərək qırılıb. Vurğulandığına görə, daha sonra helikopterin sağ qanadında döyüş sursatının saxlanılması üçün nəzərdə tutulan hissəsi yerə dəyərək sınıb, bundan sonra sol tərəfi üstə yerə dəyərək sürüşüb, hərəkətdə olan aparıcı pərin təsirindən helikopter yerdən aralanaraq yenidən sol tərəfi üstə zərbə ilə yerə dəyib, sürtünmənin təsirindən yanacaq çənlərindən qaynaqlanan partlayışyanğın baş verib.

Bildirilir ki, zərbənin təsirindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxıb, helikopterdə olan şəxslərdən dörd nəfər çölə atılıb: “Onlardan ikisi aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölmüş, digər ikisi isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıblar”.

Bu açıqlamaya, hələlik, hadisə nəticəsində ölənlərin ( o cümlədən pilotun) yaxınları və sağ qalanlardan münasibət almaq mümkün olmayıb. Amma olaydan az sonra DSX rəisi Elçin Quliyev pilotun peşəkar olduğunu söyləmişdi.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button