Gündəm

Mehman Əliyev: “Hakimiyyətin marağı medianı tam nəzarətdə saxlamaqdır”

Ələsgər Məmmədli: “Cəmiyyəti narahat edən məsələlərin müzakirəyə çıxarılması qənaətbəxş haldır”
“”Media haqqında” Qanunla bağlı gizli müzakirələrin aparılması və ictimaiyyətə təqdim olunmaması onu göstərir ki, hakimiyyətin marağı medianı tam nəzarətdə saxlamaq və onun azadlığını məhdudlaşdırmaq yönündədir”.
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev “Toplum TV”-yə danışarkən belə deyib.
İyulun 3-də Medianın İnkişafı Agentliyinin (MEDİA) direktoru Əhməd İsmayılov Mehman Əliyev və media hüququ üzrə ekspert Ələsgər Məmmədli ilə görüşüb.
Görüş media ilə bağlı hazırlanan yeni qanun layihəsi ilə bağlı olub.
Görüşdən öncə “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Əhməd İsmayılova açıq məktub ünvanlamışdı. O, yeni qanun layihəsinin ictmiayyətə təqdim olunmasının vacibliyini vurğulayırdı.
Bu müraciətdən əvvəl isə jurnalist Nurlan Qəhrəmanlı (Libre) MEDİA-ya gedərək qanun layihəsinin müstəqil ekspertlərlə müzakirəsini tələb etmişdi.
Məlumata görə, baş tutan görüşdən sonra “Media haqqında” qanun layihəsi ilə bağlı növbəti həftə müzakirələrin keçirilməsi nəzərdə tululub və bu barədə razılığa gəlinib.
Mehman Əliyev isə “Toplum TV”-yə deyir ki, Əhməd İsmayılovla belə bir razılaşma olmayıb.
O qeyd edir ki, görüşdə onlara heç bir qanun layihəsi də təqdim olunmayıb: “Görüşdən sonra da bizə heç nə təqdim olunmadı. Sadəcə, vahid vəsiqə və vahid reyestr kimi müəyyən məsələlərlə bağlı müzakirələr getdi. Düşünmürəm ki, medianın problemi vahid vəsiqə və ya reyestrla həll olunacaq. Medianın əsas problemi Azərbaycan hökumətinin azad medianı istəməməsidir. Bununla bağlı uzun illərdir ki, savaş aparır və müəyyən dərəcədə buna nail olub. Yəni nəticə etibarilə bu siyasət dəyişməlidir”.
M.Əliyevin sözlərinə görə, görüşdən sonra onların şübhələri öz təsdiqini tapıb: “Bizə deyildi ki, qanun layihəsi hazır olduqdan sonra Milli Məclisə, daha sonra ictimaiyyətə təqdim olunacaq. Biz isə bunun düzgün qərar olmadığını düşünürük. Əvvəlcə qanun müzakirə olunaraq hazırlanmalı, daha sonra Milli Məclisə təqdim edilməlidir”.
Ələsgər Məmmədli 
Görüşün digər iştirakçısı Ələsgər Məmmədlinin sözlərinə görə, görüşdə bir çox məsələlər müzakirə olunub: “Yeni yaranan Medianın İnkişafı Agentliyinin perspektivi, öncəki qurum olan KİVDF-dən fərqi və görüləcək işlərlə bağlı müzakirələr aparıldı. Qurum bizə həm öz planları, qismən də “Media haqqında” yeni qanunun layihəsinin konturları ilə bağlı məlumat verdi. Biz də öz yanaşmamızı, xüsusilə də medianın lisenziyalaşması və vahid vəsiqə məsələsi ilə bağlı fikirlərimizi ifadə etdik”.
M.Əliyevdən fərqli olaraq Ə.Məmmədli görüşü qənaətbəxş sayır: “Ümumiyyətlə, dövlət qurumlarının ictimai müzakirələr aspektindən hərəkət edərək ekspertləri dinləməsi müsbət addımdır. Bu o demək deyil ki, bizim orada qeyd etdiyimiz bütün məsələlər baş tutacaq. Amma ən azından bu təşəbbüs, başqalarının da fikrini dinləmə istəyi və cəmiyyəti narahat edən məsələlərin müzakirəyə çıxarılması qənaətbəxş haldır”.
“Media haqqında” Qanunun layihəsinin müzakirəyə çıxarılmasına gəlincə, ekspert düşünür ki, MEDİA bu məsələdə ictimaiyyətdəki həssaslığı nəzərə almalıdır: “Medianın sferası geniş olduğu üçün biz bu sahədə qəbul olunacaq qanunun ictimai müzakirədən keçməli olduğunu özəlliklə vurğuladıq. İndiki halda layihənin hazırlanma prosesinə ictimaiyyət cəlb olunmayıb. Bu, neqativ haldır və bununla bağlı da narahatlığımızı dilə gətirdik. Amma qanunun istər daxili ictimai müzakirə, istərsə də beynəlxalq ekspertizaya getməli olduğu ilə bağlı fikirlərimizi çatdırdıq. Qurum isə layihə hazır olduqdan sonra bunun mümkün olacağını bildirdi”.
Bundan öncə isə müstəqil jurnalistlər yeni “Media haqqında” Qanun layihəsinin ictimai müzakirəyə çıxarılması tələbi ilə bəyanat yaymışdı.
Bəyanatı imzalayanlar tələb edirdi ki, Azərbaycanda hazırlanan və indiyə qədər heç vaxt mətni açıqlanmayan “Media haqqında” Qanun layihəsi həm jurnalistlərə, həm də vətəndaş cəmiyyəti nümayəndələrinə təqdim edilsin.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button