Loading...
Loading...
Gündəm

“Meşə torpağı daşınaraq kərpic zavodlarına satılır”

Masallı sakini: “Ağacların kəsilməsinə etiraz etdiyimə görə işdən çıxarıldım”

“Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Göytəpə meşəbəyliyinin  13 saylı dolayında aralarında “Qırmızı kitab”a düşən azat ağacı da olmaqla 400-dən çox iri və xırda diametrli ağacları kəsiblər. İzi itirmək üçün diblərinə işlənmiş mühərrik yağı çəkiblər”.

Bunu Meydan TV-yə Masallı rayon sakini, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq əməkdaşı, 2-ci qrup əlil Kərəm Ağayev bildirib.

Marketinq cookie-lərini qəbul etmək və bu məzmunu aktivləşdirmək üçün klikləyin.

Kərəm Ağayevin sözlərinə görə, iridiametrli ağaclar material kimi kəsilərək sexlərə daşınıb. O, meşələrin məhv edilməsi ilə bağlı şikayətlərindən sonra işdən çıxarıldığını deyib: “Keçmiş iş yoldaşlarımın çoxundan fərqli olaraq, çalışdığım sahə üzrə yeganə ali təhsilli işçiyəm. Meşədə ağacların qırılmasına etiraz etdiyim üçün işdən uzaqlaşdırıldım”.

Şikayətçi deyib ki, 2019-cu ilin martından bu ilin sentyabrınadək həmin müəssisədə çalışıb. 

“Müdiriyyət müxtəlif qanunsuzluqlara yol verirdi. Məsələn, meşə torpaqları satılıb, yerində istirahət mərkəzləri tikilib. Məni məcbur edirdilər ki, həmin yerləri qeyri-meşə fondu kimi, yaxud köhnə tikili  kimi göstərim. Buna görə də dəfələrlə təzyiqlə üzləşmişəm. Narazılıq edəndə deyirdilər ki, işdən çıxarılacaqsan və “qara siyahıya” salınacaqsan”, – şikayətçi deyib.

Onun sözlərinə görə, iyulun sonunda mərkəzin müdiri payıza hazırlıq məqsədilə 1,9 ha əkinin sxem və koordinatlarını 2-3 saat ərzində hazırlayıb, nazirliyə göndərməli olduğunu söyləyib. 

Bu zaman Kərəm Ağayev 1,9 ha ərazini işləmək üçün 2-3 saatın bəs etmədiyini, üstəlik o ərazilərə gedib, yerindəcə bu işin görülməli olduğunu bildirib: “Dedim ki, torpaq qanunla baxış keçirildikdən sonra kadastr olunmalıdır. Müdriyyət isə benzinin bitməsini, vaxtın azlığını bəhanə gətirdi, etiraz etdim və araya narazılıq düşdü”, – Ağayev söyləyib.

Narazılıqdan sonra Ağayevin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətt” xidmətinə zəng vuraraq şikayət etməsi problemi daha da artırıb. 

Kərəm Ağayev deyib ki, bundan sonra bir həftədə iki töhmət alıb.

“Müdriyyət şikayət etdiyimi öyrəndikdən sonra xəbərim olmadan iclas keçirib. Avqustun 31-də  nizam-intizam qaydalarını pozduğuma görə mənə töhmət yazıldığını öyrəndim. Artıq işdən qovulacağımı hiss edirdim. Buna görə də işdən çıxarılmamışdan qabaq – sentyabrın 4-də onları ifşa etmək üçün Baş Prokuroluğa, bu işlərlə mübarizə aparan “Ecofront” təşkilatına xəbər edib, məsələnin ictimailəşdirilməsini xahiş etdim. Nazirlik etdiyim şikayəti araşdırmadı”, – şikayətçi qeyd edib.

Kərəm Ağayev sosial şəbəkələrdə Masallı meşələrində baş verənlərlə bağlı məlumat paylaşandan sonra ikinci töhməti aldığını, daha sonra işdən çıxarıldığını da bildirib. Ona deyiblər ki, idarənin sirrini yaydığı üçün işdən çıxarılır: “Əmək Məcəlləsinin tələblərinə görə, işdən çıxarılanda ailə vəziyyəti, əllilik dərəcəsi nəzərə alınmalıdır. Amma nəzərə almayıblar, öhdəmdə azyaşlı övladım da var”.

Gözdən qaçırmayın:  “Kiyev kabusu” artıq 16 Rusiya təyyarəsi vurub

“Ecofont” İctimai Birliyi Ağayevin şikayətindən sonra Masallı meşələrinə baxış keçirib. 

Şikayətçi deyir ki, sənəd üzərində 1000 ha dövriyyədə əkin olduğu göstərilib. Bu əkinlərin 800  ha yoxdur, halbuki hər ay bu əkinlərə görə pul silinir: “138 ha əkin sahəsi məhv olub, amma sənəd üzərində ərazini örtülü meşə sahəsinə keçiriblər. 2016-cı ildən bu yana hər ay olmayan əkin sahəsinə pul ayrılıb. Belə faktlar çoxdur. Hər bir iddiamı sənədlərlə təsdiqləyə bilərəm. Meşə torpağı daşınaraq kərpic zavodlarına satılır. “Ecofont” da araşdırmadan sonra deyilən faktları təsdiqlədi. Ağacların kəsilməsi, saxta yolla sənədləşdirməsi faktları da çoxdur və doğru araşdırma aparılsa, illərlə meşə təsərrüfatına vurulan zərər bəlli olar. Nazirlikdən isə deyirlər ki, burdan çörək yeyirsən, amma “Ecofont”a şikayət edirsən”.

Şikayətçi Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinə ünvanladığı müraciətin düzgün araşdırılmadığını deyib. 

Dövlət Əmək Müfəttişliyinin Mətbuat Xidmətindən isə Meydan TV-yə bildiriblər ki, Kərəm Ağayevin şikayəti araşdırılıb və özünə cavab göndərilib: “Şikayətdən narazı olmaq onun haqqıdır və istəyərsə məhkəməyə müraciət edə bilər”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildiriblər ki, mətbuat katibi İradə İbrahimova hazırda məzuniyyətdədir. Nazirliyin digər şöbələrindən isə suallara cavab vermək istəməyiblər.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button