2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Murovdağ yüksəkliyindən Ermənistana -Xəbərdarlıq

Sentyabr ayında keçirilən hərbi paradda işğalçı Ermənistanın “İsgəndər” raket komplekslərini nümayiş etdirməsi, ardınca Azərbaycanı təhdid edən mövqeyin sərgilənməsi və təmas xəttində atəşkəsin pozulması hallarının artması danışıqlar yolu ilə tənzimlənməyə olan ümidləri heçə endirib.

Azərbaycan prezidentinin ötən həftə açıq mətnlə dediklərindən ortaya çıxan qənaət isə budur ki, böyük güclər qapalı danışıqlarda Bakıya Dağlıq Qarabağın müstəqilliyini tanımaq üçün təzyiqlər edirlər. Belə olan təqdirdə isə mənasız danışıqların növbəti raundunda iştirak edib də təzyiqlərlə üz-üzə qalmağa, üstəlik də işğalçının ələ keçirdiyi mövqelərdə möhkəmlənməsinə xidmət edən danışıqları davam etdirməyə ehtiyac qalmır. Elə bugünlərdə məlum olub ki, Dağlıq Qarabağ separatçıları işğal altındakı Azərbaycan ərazilərində müxtəlif layihələr həyata keçirməyə başlayıblar. Separatçılar Qarabağın münbit torpaqlarında sitrus meyvələrinin plantasiyalarını salmağa başlayıblar. Eyni zamanda Qarabağ balının xaricə çıxarılması istiqamətində hərəkətə keçiblər. Qarabağın baş separatçısı Bako Saakyan isə oktyabrın 12-də Hadrut rayonuna gələrək burada yeni mənzillərin açılışını edib. Görünən budur ki, aprel döyüşlərindən sonra ciddi şəkildə təşvişə düşən düşmən son aylarda özünün himayədarlarının dəstəyinə ümid edərək ərazilərimizin yağmalanması işinə start verib. Bütün bunlar isə Ermənistanın islah olunmayacağı qənaətini möhkəmləndirir və terrorçularla silah dilində danışmağı zəruri edir.

Elə Azərbaycan ordusunun rəhbərliyi də vəziyyəti real qiymətləndirərək hərəkətə keçib. Son iki gündə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub. Nazirliyin rəsmi saytının məlumatına görə, Azərbaycan Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətindəki Odundağ zirvəsi və Murov dağı bölgəsindəki bölmələrdə olan müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Müdafiənin ön xəttində döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə tanış olub. Dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttində yerləşən bölmələrdə müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti barədə ətraflı məruzə edilib. Səngərlərdə döyüş növbəsi çəkən hərbi qulluqçular Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda hər an döyüşə hazır olduqlarını bildiriblər.
Nazir hərbi qulluqçuların atəş və taktiki hazırlıq məşqləri keçdiyi təlim-atış mərkəzində də olub. Müdafiə nazirinə poliqon haqqında məlumat verilərək bildirilib ki, ərazidə cəbhə xəttindəki vəziyyətin modelləri vasitəsilə real döyüş şəraitinə uyğun təlimlərin keçirilməsi, düşmənin təxribat-kəşfiyyat cəhdlərinin qarşısının alınması, əks tədbirlərin görülməsi və digər praktiki məşqlərin keçirilməsi üçün şərait yaradılıb. Poliqonda şəxsi heyət silahlanmada olan atıcı silahlar, minaatanlar və qumbaraatanlardan istifadə etmək bacarığını daha da təkmilləşdirmək və təcrübələrini artırmaq imkanı əldə edir. Müdafiə naziri atış, taktiki sahə, kəşfiyyat, snayper hazırlığı kursu və digər təlim nöqtələrində praktiki hazırlıq çalışmalarını izləyib.

Müdafiə Nazirliyinin rəhbərliyi daha sonra artilleriyaçıların döyüş hazırlığını yoxlamaq məqsədilə ön xətdə yerləşən artilleriya hərbi hissə və bölmələrində olublar. Raket və artilleriya qoşunları bölmələrinin şəxsi heyəti ilə görüşən nazirliyin rəhbərliyi vəziyyətlə yerində tanış olaraq onların döyüş hazırlığını, döyüş vəziyyətində tətbiqini, idarəetmə fəaliyyətini və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini yoxlayıb. Müdafiə naziri artilleriya bölmələri tərəfindən real döyüş şəraitinə uyğun tapşırıqların icrası ilə bağlı müvafiq tapşırıqlar verib.

Cəbhə bölgəsində xidmət edən şəxsi heyətlə görüşən Zakir Həsənov düşmənə növbəti xəbərdarlığını edib: “Düşmən tərəfinin istifadə edə biləcəyi bir neçə qurğuya cavab olaraq Silahlı Qüvvələrimiz sərəncamındakı minlərlə raketlərdən, döyüş vasitələrindən cavab verməklə həmin raketləri vura bilməyə və düşmənin istənilən məsafədəki bütün hərbi infrastrukturunu məhv etməyə qadirdir. Ermənilərin həmin raketlərdən istifadə barədə səsləndirdiyi hədələr isə uydurmadan başqa bir şey deyil. Aprel döyüşləri qarşı tərəf üçün bir dərs olmalı idi. Lakin görünür, onlar bu zərbədən nəticə çıxarmayıblar. Düşmənin növbəti təxribatına veriləcək cavab daha dağıdıcı və sarsıdıcı olacaq, onu tam məhv edəcək”.
*****
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiyanın Ermənistanı “İsgəndər” raketləri ilə təchiz etməsi rəsmi Bakını xeyli hərəkətə gətirib: “Bölgədə bütün dəngələr dəyişib. Birincisi, prezident İlham Əliyev Rusiyanın adını çəkmədən Ermənistanı silahlandıranları tənqid etdi. Ermənistanı silahla yalnız bir ölkə təchiz edir. Ona görə də tənqidin ünvanı bəlli idi. İkincisi, son günlər Azərbaycan ordusunda hərbi təlimlərin sayı xeyli artıb. Müxtəlif növ təlimlər və artilleriya atəşləri həyata keçirilir.

Bu da Ermənistanın ”İsgəndər” raketlərinə yiyələnməsi ilə bağlıdır. Üçüncüsü, Azərbaycan işğalçının “İsgəndər” raketlərini neytrallaşdırmaq üçün həm xaricdən müasir raket kompleksləri almağı planlaşdırır, həm də yerli hərbi-sənaye kompleksi raket komplekslərinin istehsalına başlayır. Dördüncüsü, müdafiə naziri Zakir Həsənovun son açıqlaması da diqqəti çəkir. Zakir Həsənov Azərbaycanın düşmənin “İsgəndər” raketlərini məhv edəcək müasir silahları olduğunu bildirdi. Yəni bu bir növ Azərbaycan cəmiyyətinə mesaj idi ki, Azərbaycan ordusunun əlində “İsgəndər” raketlərindən də güclü silahı var”.

E.Şahinoğlunun fikrincə, bu, həm də Ermənistan cəmiyyətinə mesajdır: “Beləliklə, bölgədə silahlanmanın miqyası getdikcə genişlənir. Bunun günahkarı işğalçı Ermənistan və onun havadarı Rusiyadır. Əgər bu iki dövlət Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində addım atmaq istəmirsə, onda növbəti hərbi qarşıdurmanın qarşısını almaq çətin olacaq. ”Biz müharibə istəmirik” ifadəsini hamı işlədir, ancaq bunun baş verməməsi üçün münbit zəmin yoxdur. Danışıqlarda heç bir irəliləyiş müşahidə olunmur. Bunun alternativi hərbi toqquşmadır. Cəbhə bölgəsində gərginlik getdikcə artır”.

Politoloq növbəti savaşın dəhşətli olacağına şübhə etmir: “Budəfəki müharibə apreldəkinə bənzəməyəcək. Biz bir az da, türklər demişkən, dəliqanlı olmaq məcburiyyətindəyik. İşğalçı bu dəfə elə zərbə almalıdır ki, müharibənin davamının ona baha başa gəldiyini anlasın. Düşmən anlamalıdır ki, müharibə nəinki onların Dağlıq Qarabağ üzərindəki nəzarətinin itirilməsinə gətirib çıxaracaq, total müharibənin nəticələri Ermənistanın özündə də hiss olunacaq. Əlbəttə, bu halda bizim də itkilərimiz olacaq, ancaq biz buna daxilən hazırıq, çünki nəyin uğrunda savaşdığımızı bilirik. Ermənistan vətəndaşlarını ölümə göndərən separatçılar isə bu itkiləri xalqlarına necə izah edəcəklər? Həm də düşmən anlamalıdır ki, əgər ”İsgəndər” raketlərindən Azərbaycana qarşı istifadə etsələr, müharibə yalnız Dağlıq Qarabağ və ətraf rayonları əhatə etməyəcək, total müharibənin bütün qanunları işləyəcək, müxtəlif istiqamətlərdən Ermənistana “hücum” əmri veriləcək”.

Qeyd edək ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti burada fəaliyyət göstərən, yerli şəraitə uyğunlaşdırılmış mobil səhra hospitalında da olublar. Müdafiə Nazirliyinin mətbuat xidməti bu barədə məlumat yayıb. Ən müasir tibbi avadanlıqla tam təchiz edilən və müharibə şəraitində ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalında yaradılan şəraitlə tanış olan müdafiə naziri müvafiq tapşırıqlarını verib. Bu kimi hazırlıqlar isə ordunun müharibə hazırlıqlarından xəbər verir.

Yeri gəlmişkən, düşmən Azərbaycanı günahlandırmaqdan da çəkinmir. Bir həftə əvvəl Lələtəpə istiqamətində xidmət edən əsgərimizi snayperlə qətlə yetirən erməni tərəf 11 oktyabrda “daxili qarşıdurmalar” səbəbindən ölmüş erməni əsgərinə görə Azərbaycanı günahlandırır. Bu da düşmənin ənənəvi metodlarından biridir və çox güman ki, ardınca yeni təxribatlar olacaq. Erməni mediası 1989-cu il təvəllüdlü əsgər Sanasar Qriqoryanın ölümündə Azərbaycan ordusunu suçlu sayır. Ancaq artıq Azərbaycan tərəf düşmənin sərsəm iddiasını cavablandırıb.

Qeyd edək ki, Ali Baş Komandanın hökumətin iclasında dedikləri də bir sıra ekspertlər tərəfindən müharibə düyməsinin basılması kimi dəyərləndirilmişdi. Hesab olunur ki, ölkə rəhbərliyi düşmənin istənilən təxribatlarının dəf olunması və bunun ardınca işğalçıya sarsıdıcı zərbələr endirilməsində qərarlıdır.

Ermənistanın qudurğanlığı o yerə çatıb ki, Qarabağ ərazilərində terrorçu ASALA təşkilatının bayraqlarını sancmaqdan belə çəkinmirlər. Bu barədə modern.az xəbər yayıb. Belə ki, dünya birliyinin terror təşkilatı kimi tanıdığı ASALA qruplaşmasının bayrağı Qarabağdakı təmas xəttində asılıb. Bu fotofaktı ermənilər sosial şəbəkədə yayıblar. Onlar həmin bayrağın 2011-ci ildən bəri təmas xəttinin Tərtər rayonu istiqamətindəki döyüş mövqelərində asıldığını və Azərbaycan mövqelərindən göründüyünü yazırlar.

Əslində düşmən Azərbaycan üçün unikal bir şans yaradıb. Antiterror koalisiyasının üzvü kimi terrora qarşı mübarizə aparan, elə Əfqanıstana növbəti hərbi kontingentini iki gün əvvəl yola salan Azərbaycan öz ərazilərində gizlənmiş, beynəlxalq səviyyədə rəsmən tanınmış terrorçu birləşməyə – ASALA-ya qarşı hərbi əməliyyatlar keçirmək hüququ da əldə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button