2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Nazir: “Bu il 178 cinayətkar qrup zərərsizləşdirilib”

“Ağır və xüsusilə ağır cinayətlər törətmiş 466 nəfərdən ibarət 178 cinayətkar qrup zərərsizləşdirilib. Axtarılan təqsirləndirilən şəxslərin 83,3 faizi tutulub. Törədilmiş cinayətlər nəticəsində vətəndaşlara dəymiş maddi ziyanın 79, xırda talamalar nəticəsində vurulmuş ziyanın 93,1 faizi ödətdirilib”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bu barədə oktyabrın 27-də Daxili İşlər Nazirliyində (DİN) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin, şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin vəziyyətinə, eləcə də cari ilin 9 ayının yekunlarının müzakirəsinə həsr olunmuş onlayn formatda Kollegiya iclasında daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bildirib.

Vilayət Eyvazov hər üç məsələnin fundamental insan hüquqlarının müdafiəsində, vətəndaş məmnunluğunun təmin edilməsində, hər bir şəxsin qanuni mənafelərinin cinayətkar qəsdlərdən qorunmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Müzakirələrə başlamazdan əvvəl nazir V.Eyvazov Xankəndi şəhəri və ona yaxın ərazilərdə yerləşmiş Ermənistan ordusunun qalıqlarının basdırdığı minaların bu ilin sentyabr ayının 19-da partlaması nəticəsində daha 6 nəfərin, o cümlədən polis əməkdaşlarının həlak olması, həmin gün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirlərində iştirak edən Daxili İşlər Nazirliyinin şəxsi heyətindən 20 nəfərin şəhid olmasını və 24 nəfərin yaralanmasını, ümumilikdə isə Vətən müharibəsi də nəzərə alınmaqla Daxili Qoşunların və polisin 78 şəhid verdiyini və 370 nəfərin yaralandığını diqqətə çatdırıb və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

General-polkovnik V.Eyvazov oktyabrın 15-də də ölkəmizin növbəti dəfə tarixi anların və hadisələrin şahidi olduğunu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Xankəndidə, Xocavənddə, Xocalıda və terrorçulardan təmizlənmiş digər ərazilərdə Dövlət bayrağımızı ucaltdığını, habelə Daxili İşlər Nazirliyinin Xankəndi şəhər polis şöbəsinin yaradıldığını, Xocalı, Tərtər və Xankəndiyə müvəqqəti komendantların təyin edildiyini, işğaldan azad edilmiş həmin ərazilərdə təhlükəsizliyin və asayişin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüldüyünü, hər bir evin, hər bir binanın və infrastruktur obyektlərinin mühafizəyə götürüldüyünü, qanunsuz silahlı birləşmələrin atıb getdikləri mövqelərdən çoxsaylı silah-sursatın və hərbi texnikanın aşkarlandığını qeyd etdi.

Bütövlükdə polisin və Daxili Qoşunların Qarabağın bütün ərazisində xidməti vəzifələri böyük məsuliyyətlə, peşəkarlıqla yerinə yetirdiyini, təhlükəsizliyi qoruduğunu, bu prosesin davamlı olacağını vurğuladı.
Nazir daha sonra bildirib ki, daxili işlər orqanları və Daxili Qoşunlar qanunla müəyyən edilmiş vəzifələri cari ilin 9 ayında da layiqincə yerinə yetirib. Ümumi cinayətlərin açılması 86,8 faiz təşkil edib, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 26.778 cinayətin 88,6 faizi açılıb.

Baş Prokurorluqla birgə görülmüş tədbirlərlə keçmiş illərdən bağlı qalmış 336, o cümlədən bir neçə xüsusilə ağır cinayətin açılması təmin edilib.

Qəsdən sağlamlığa ağır zərər vurmaların, xuliqanlıqların, quldurluqların, dələduzluqların, hədə-qorxu ilə tələb etmələrin, soyğunçuluqların və avtonəqliyyat vasitəsini qaçırmaların açılması yaxşılaşıb.

Odlu silahın tətbiqi ilə törədilən cinayətlər, oğurluqlar, quldurluqlar, soyğunçuluqlar, xuliqanlıqlar, avtonəqliyyat vasitəsinin qaçırılması faktlarının sayı azalıb.

Ağır və xüsusilə ağır cinayətlər törətmiş 466 nəfərdən ibarət 178 cinayətkar qrup zərərsizləşdirilib. Axtarılan təqsirləndirilən şəxslərin 83,3 faizi tutulub. Törədilmiş cinayətlər nəticəsində vətəndaşlara dəymiş maddi ziyanın 79, xırda talamalar nəticəsində vurulmuş ziyanın 93,1 faizi ödətdirilib.

Ölkədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri də nəzarətdə saxlanılıb. Qanunsuz dövriyyədən ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 ton 19 kiloqram çox – yəni 4 ton 18 kiloqram narkotik vasitə və 343 kiloqram psixotrop maddə çıxarılıb, 244 nəfərdən ibarət 110 cinayətkar qrup zərərsizləşdirilib və bu cinayətlərə görə ümumilikdə 6.344 nəfər məhkəmə məsuliyyətinə verilib. Antinarkotik təbliğat sahəsində işlər də davamlı olmaqla təhsil müəssisələrində 1.028 maarifləndirmə tədbiri keçirilib.

Yol hərəkəti təhlükəsizliyinin təmini və təşkili, qəzаlаrın qаrşısının аlınmаsı, sürücü intizаmının аrtırılmаsı məqsədilə davam etdirilən tədbirlərlə respublika üzrə qeydə alınmış yоl-nəqliyyаt hаdisələrinin sayı 55 fakt, qəzalar nəticəsində xəsarət alanların sayı 65 nəfər azalıb. Müəyyən edilmiş yol hərəkəti qayda pozuntularının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 milyondan çox artaraq 5,1 milyona çatıb və onların 64 faizi хüsusi tехniki vаsitələrlə аşkаrlаnıb.
Vətəndaşların müraciətlərinə baxılması, qəbulların keçirilməsi, şikayətlərə çevik reaksiya verilməsi sahəsində görülən işlər ötən 9 ayda da gündəlik nəzarətdə qalmaqla daxil olmuş 75.146 müraciətə baxılıb, habelə bu mühüm işə paralel olaraq kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın 9 şəhər və rayonunda 3.000-ə yaxın vətəndaşın qəbulu həyata keçirilib. Qaldırılan problemlərin həlli təmin edilib, təşəbbüskarlardan 2.500-dən çox minnətdarlıq məktubları alınıb.

Gündəlikdəki məsələlər üzrə Nazirliyin aidiyyəti baş idarələrinin və bir sıra ərazi orqanlarının rəisləri görülmüş işlər, əldə edilmiş nəticələr, fəaliyyətin daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər barədə məruzə ediblər.

İclasa yekun vuran nazir V.Eyvazov cari ilin 9 ayında cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmini sahəsində qarşıya qoyulmuş vəzifələrin bütövlükdə layiqincə yerinə yetirildiyini vurğulayıb.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əldə olunmuş müsbət nəticələri yüksək qiymətləndirən Nazir bu istiqamətdə fəaliyyətin daha böyük əzm və qətiyyətlə həyata keçirilməsini tapşıraraq diqqəti qarşıda duran vəzifələrə çəkib, həmçinin yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirən hər bir şəxsə, o cümlədən bloggerlərə və digər ictimai fəallara, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə və media mənsublarına təşəkkürlərini bildirib.
Paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı görülən işlərin üzərində də dayanan Nazir yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyatın normal axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılmasının və digər qanunazidd halların aradan qaldırılmasının, ümumən bu sahədə tədbirlərin gücləndirilməsinin zəruriliyinə toxunub, hərəkətin təhlükəsizliyinin təmini ilə əlaqədar qarşıda duran vəzifələri müəyyən edib və aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button