Now Reading:
Nazirliyin “yeni islahatı” yoxsa “işləmək görüntüsü”

Nazirliyin “yeni islahatı” yoxsa “işləmək görüntüsü”

Bizim Təhsil Nazirliyinin işi əlindəki kitabı tərsinə tutub oxumağa bənzəyir. Arada bir “kitabı baş-ayaq tutmusunuz” xəbərdarlığı edirsən, amma heç nə dəyişmir. Orda oturan adamlar elə düşünür ki, önəmli olan kitabı əldə saxlamaqdır, tərsinə və ya düzünə tutmağın elə bir fərqi yoxdur.  Nazirliyin islahat adına ortaya qoyduğu yeni “ideya” da belə baş-ayaq işlərdən biridir. Məlum olduğu kimi, dünən  nazirlik rəsmisi bəyan edib ki, tədris ilini daha iki həftə uzatmağa hazırlaşırlar. Nazirlik rəsmisinin  “inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridəyik” fikrinə bir az düzəliş etmək də olar. Ən acınacaqlısı, bizim təhsil sisteminin səviyyəsi inkişaf etmiş ölkələrin tədris səviyyəsindən ən azı 3-4  dəfə geridədir. Zamanında bütün səyləri təhsilin keyfiyyətinin yüksəlməsinə yönəltsəydik, bu gün vaxtın uzadılmasına da irad tutan olmazdı heç.

 

Bizim fikirlərimiz öz yerində. Amma baxaq, nazirliyin bu yeni “islahatı” haqqında təhsil mütəxəssisləri nə düşünür? İlk sualımızı təhsil məsələləri üzrə ekspert Nabatəli Qulamoğluna ünvanladıq. Tədris müddətinin uzadılması ilə bağlı müsahibimin fikirləri belə oldu: “Bir faktdır ki, bizdə tədris ilinin dərs həftələri dünyanın sivil ölkələrində olduğundan fərqlənir. Yəni bizdə həftələrin sayı azdır. Amma bu o anlama gəlmir ki, ağına- bozuna baxmadan dərs ilini uzadasan. Birincisi, məktəblərimizdə lazımi infrastruktur yoxdur (ventilyasiya sistemi, kondisioner və s.). İkincisi, belə bir ideya varsa, bunu kütləvi şəkildə yay məktəbləri təşkil etməklə həyata keçirmək olar. Amma bunun üçün də hökumət əlini cibinə salmalıdır, necə ki, müxtəlif idman oyunlarında səxavətlə edir. Hələlik bizim ölkənin isti iqlimi və infrastrukturun olmaması buna imkan vermir. Nazirlik də israr edir ki, dədəmin gözünü çıxarım, mənə də “Koroğlu” desinlər. Dövlət sektorunda 1-2 istisnanı çıxmaqla tədris səviyyəsinin  olmadığını nəzərə alsaq, bu müddətin uzadılma məsələsi “desinlər ki, işləyirlər” görüntüsü yaratmaqdan başqa bir şey deyil.”

 

İkinci müsahibim BDU-nun professoru Elmira Muradəliyeva da ilk müsahibimizlə yaxın fikirdədir.  Elmira xanımın məsələ ilə bağlı mövqeyi belə oldu: “İş və islahat görüntüsü yaratmaq üçün nəyi necə gəldi tətbiq etmək olmaz. Müddətin uzadılması fikrini belə əsaslandırmağa çalışırlar ki,  Avropa ilə müqayisədə biz yenə iki həftə geri qalırıq.  Burada da söhbət yalnız həftə sayından gedir, keyfiyyətdən yox. Şagirdi mexaniki yükləməklə keyfiyyət artmaz. Başqa bir tərəfdən də, bizdə iqlim  şəraitini nəzərə almaq lazımdır. O isti yay aylarında şagirdləri məktəbə aparıb-gətirən nəqliyyat vasitələri, məktəbdə normal dərs atmosferini təmin edəcək resurslar varmı? Bunlar nəzərə alınmadan dərs müddətinin uzadılması heç bir şəkildə doğru deyil.”

 

Pedaqoji elmlər üzrə fəlsəfə doktoru Məlahət Mürşüdlünün fikirləri isə bir qədər fərqlidir:

 

“2007-ci ildən orta məktəblərdə təlim kurikulumlar üzrə aparılır. Bu özündə yeni məzmun və innovativ metodları ehtiva edən bir proqramdır. Yeni məzmun da dərs ilinin daha iki həftə uzadılmasını tələb edir. Digər səbəb tədris ili ərzində iş günü hesab edilməyən tarixi bayramlarla bağlı verilən tətillərin çox olmasıdır. Verilən tətilləri təxmini hesablasaq, bu il ərzində 40-50 gün edir. Azərbaycanda fəaliyyət göstərən Türkiyə Liseylərində də dərslər iyunun 15-də bitir. Orada bizim uşaqlar təhsil alır. Heç kim şikayət etmir. Bilirsiniz, əsas məsələ artıq, lazımsız hesab etdiyimiz bu 15 gündə təlim-tərbiyə işinin səmərəli qurulmasıdır. Təlimin keyfiyyəti il ərzində səmərəli fəaliyyət nəticəsində meydana gələn bir prosesdir. 15 gün isə onun təkrarına, qazanılmış bilikləri möhkəmləndirməsinə xidmət etməlidir.”

 

Nazirliyin yeni “islahatı” ilə bağlı təhsil mütəxəssislərinin fikirləri belə oldu. Son müsahibimin fikrindəki bir maraqlı məqama toxunmaqla yazını yekunlaşdırmaq istəyirəm. Deməli, il ərzində qeyri-iş günləri  üzündən verilən tətillərin sayı 40-50 gün edir. Hələ keyfiyyət o yana qalsın, bu uzun “bayram” günlərinin sayını azaldıb, tədris müəssisələrini qızmar yay günlərinin əzabından xilas etmək olmazmı, yəni?

 

Səadət

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.