2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Oğlumu çarpayıya bağlayıb, işgəncə veriblər”

Aslan Aslanovun oğlunun ölümünə görə ömürlük cəza alan Vüqar Əliyev xəstəxanalıq olub.

«Oğlumun başına bir iş gəlsə, cavabdeh Aslan Aslanov və onun ədliyyə sistemində işləyən oğludur»

Saytların yığılması Saytlarin yigilmasi

Şəmkirin keçmiş icra başçısı, daha sonra Kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun oğlu Ruslan Aslanovun ölümünə görə ömürlük həbsə məhkum olunmuş Vüqar Əliyev Penitensiar Xidmətin müalicə müəsissəsinə yerləşdirilib. Bu barədə “Azadlıq”a məhkumun anası Məlahət Ismayılova məlumat verib.

Onun dediyinə görə, sözügedən ölüm işilə əlaqədar təxminən 13 illik həbsdə saxlanılan Lamiyə Quliyeva azadlığa çıxdıqdan sonra özünü bu cinayətdə günahsız bilən Vüqar da xeyli ümidlənib. Buna görə də keçən ildən başlayaraq, azadlığa çıxmaq uğrunda mübarizəyə başlayıb. Ömürlük azadlıqdan məhrum edilmiş məhkumların saxlanıldığı Qobustan qapalı həbsxanasında etirazın yeganə formasını aclıq aksiyası keçirməkdə görən Vüqar Əliyev həbsxana əməkdaşları tərəfindən təzyiqlərlə üzləşib.

Məlahət Ismayılova deyir ki, oğlu keçən il oktyabrın 3-də aclıq etdiyi üçün 5 gün, noyabrın 30-da keçirdiyi aksiyaya görə isə 10 gün “kars” cəzası alıb.

“Bu il mayın 21-də isə Qobustandakı qapalı həbsxanada yenidən aclıq aksiyası keçirdiyi üçün 10 sutka ”kars”a salınıb. Onun üçün gələn sovqatı özünün icazəsi olmadan təsərrüfat briqadasının dustaqlarına paylayıblar. Vüqarın əlini və ayaqlarını çarpayıya qandallayıb, iki gün ona işgəncə veriblər. Bu işgəncə tədbirlərini həbsxananın Namiq adlı əməkdaşı həyata keçirib. Bu əməliyyatda qapalı həbsxananın rejim rəisi Emin adlı şəxs də iştirakçı olub”,- deyə Məlahət Ismayılova bildirib. Qeyd edib ki, Vüqarın başına gətirilənlər haqda elə oğlunun özündən xəbər tutub.

Ananın sözlərinə görə, bütün bu təzyiq və işgəncələrdən sonra Vüqarın səhhətində ciddi problemlər yaranıb və bunu görən həbsxana rəhbərliyi onu müalicəyə göndərmək məcburiyyətində qalıb. Vüqar Əliyev iyunun 7-də Penitensiar Xidmətin Müalicə Müəsissəsində ailə üzvlərilə görüşüb.

“Vüqar iyunun 4-dən müəssisədə müalicə alır, səhhətində ciddi problemlər var. Həkimlərin dediyinə görə, müalicəsi azı, 45 gün davam etməlidir”, – deyə atası Ibrahim Ismayılov məlumat verib.

Ibrahim Ismayılov oğlunun taleyindən narahatlığını da dilə gətirib: “Aslan Aslanovun oğlu Turqay Aslanov Ədliyyə Nazirliyində çalışır. Qorxuram ki, bu məsələlərin arxasında onun əli olsun. Oğlumu hər hansı yolla aradan götürə bilərlər. Odur ki, mətbuat vasitəsilə, bütün aidiyyəti orqanlara çatdırıram ki, əgər oğlumun başına bir iş gəlsə, buna cavabdeh Aslan Aslanov və onun oğlu Turqay Aslanovdur”.

Xatırladaq ki, Vüqar Əliyev o dövrdə nişanlısı olmuş Lamiyə Quliyeva ilə birlikdə yaşadıqları Şəmkir rayonunun icra başçısının oğlu Ruslan Aslanovu qətlə yetirməkdə təqsirləndirilərək həbs olunub. Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il (hadisə baş verərkən Lamiyənin 16 yaşı tamam olmamışdı və qanun yetkinlik yaşına çatmayan şəxsə 10 ildən artıq cəza verilməsini qadağan edir) azadlıqdan məhrum edilmişdi. Həbsxanada olduğu müddətdə Lamiyə Quliyevanın cəzası daha iki dəfə artırılmış, 2015-ci ilin əvvəlində o, cəzaçəkmə müəssisəsində uşaq dünyaya gətirəndən sonra azadlığa buraxılmışdı.

Vüqar Əliyev günahsız olduğunu bildirir və işinə yenidən baxılması, ömürlük cəzanın müddətli həbslə əvəz olunması üçün dəfələrlə aidiyyəti orqanlara müraciət edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button