"Abzas Media" Jurnalisti Nərgiz Absalamova Nəzarətçi Tərəfindən Hücuma Məruz Qalıb

Siyasət • 10 May 2025

nərgiz-absalamova

1 saylı Bakı İstintaq Təcridxanasının qadın korpusunda işləyən Aygül Babayeva adlı nəzarətçi yenidən qeyri-qanuni hərəkətləri ilə gündəmə gəlib. Bu dəfə onun hədəfi "Abzas Media"nın həbsdə olan jurnalisti Nərgiz Absalamova olub.

Məlumata görə, Absalamova vəkillə görüşdən qayıdarkən həbsxananın digər məhbusu Sevinc Vaqifqızıya salam vermək istəyib. Lakin Aygül Babayeva buna icazə verməyərək jurnalistin qolunu dırnaqları ilə cızaraq dərin yaralar əmələ gətirib.

Bu hadisə təcridxana işçisinin ilk kobudluq aktı deyil. Daha əvvəl də o, "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızıya qarşı fiziki zorakılıq tətbiq edib. Vaqifqızının ifadəsinə görə, nəzarətçi onun qolunu güclə sıxaraq divara doğru itələyib.

Qeyd edək ki, 2023-cü il noyabrından etibarən "Abzas Media"nın 6 əməkdaşı - Ülvi Həsənli, Məhəmməd Kekalov, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova və Hafiz Babalı həbsdədir. Onlara qarşı əvvəlcə qaçaqmalçılıq, daha sonra isə daha ağır ittihamlar irəli sürülüb.

Həbsxana rəhbərliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bu barədə heç bir rəsmi açıqlama verməyib.

Beynəlxalq hüquq müdafiə təşkilatları bu hadisələri siyasi motivli təqib kimi qiymətləndirərək jurnalistlərin dərhal azad edilməsini tələb edir.

🔗 Bunu paylaş:

💬 Şərh yazın