2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qurultaydan gözlənənlər, gözlənməyənlər…

Aprelin 22-i və 23-də Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirilməlidir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənir.
Qurultayın rəsmi açılış mərasimindən sonra Komitənin fəaliyyətinə dair hesabat verilməlidir. Habelə, “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır.
Tədbiri “Zəfər Qurultayı” adlandıran F.Muradov qeyd edib ki, onun tarixi zəfərin rəmzi olan Şuşada keçirilməsi çox böyük siyasi əhəmiyyətə malik tarixi hadisə, unudulmayacaq bayramdır. (44 günlük müharibə nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin Şuşa şəhəri daxil yarıdan çoxuna nəzarəti bərpa edib)
Bu vaxta qədər keçirilən analoji qurultaylarda İranda yaşayan azərbaycanlıların dil və başqa məsələlərlə bağlı problemləri də gündəmə gəlib. Bu dəfə belə məsələlərə toxunulub-toxunulmayacağı, hələlik, açıqlanmayıb.
İlk belə qurultay 2001-ci ildə Bakıda keçirilib.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov “Turan”a açıqlamasında həmin tədbiri belə xatırlayır: “I qurultayda 103 nəfərdən ibarət Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası yaradıldı, 23 nəfərdən ibarət İdarə Heyəti seçildi, həmçinin beş mühüm sənəd qəbul edildi. Bütün bunlar sübut edir ki, dünya azərbaycanlılarının təşkilatlanması və diaspor quruculuğu məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır”.
O xatırladıb ki, 2006-cı il martın 16-da II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultaylar keçirilib: “Azərbaycan Prezidenti İlham Əliyev qurultayların hər birində geniş nitqlə çıxış edərək dünya azərbaycanlılarının davamlı olaraq təşkilatlanması, diaspor fəaliyyətinin müasir dövrün tələbləri əsasında qurulması ilə əlaqədar mühüm tapşırıq və tövsiyələrini verib”.
C.Osmanov vurğulayıb ki, dünya azərbaycanlılarının qurultaylarında Azərbaycan həqiqətlərini özündə əks etdirən bir çox mühüm qərar və müraciətlər qəbul olunub: “2018-ci ildə yeni Strateji Yol Xəritəsinin işlənib hazırlanması və icrası nəticəsində bu sahədə bir çox uğurlara imza atılıb. Son dörd ildə 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurası və 12 ölkədə 18 Azərbaycan Evi yaradılıb”.
Deputatın sözlərinə görə, dünyada yaşayan azərbaycanlıların təşkilatlanması və diaspor fəaliyyətinin genişləndirilməsi işinə Birinci vitse-prezident Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu da çox mühüm töhfələr verir: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ” Azərbaycan məktəbləri təsis olunub və hazırda həmin məktəblərdə 250-dən artıq azərbaycanlı uşaq ana dilində təhsil alır”.
Siyasi şərhçi Ərəstun Oruclu isə deyir ki, bütün bu tədbirlər daha çox hakimiyyətin özünü təbliğ etməsinə xidmət edir: “Əgər Azərbaycanda insanların hüquqları, adicə işlə təmin olunmaq, təhsil almaq, sağlamlıq, yaşamaq hüquqları təmin olunmursa, belə tədbirlərin məqsədləri nədir? Yəni dünya azərbaycanlılarını cəlb etmək, dünya azərbaycanlıları ilə bağlı mesajlar vermək üçün birinci növbədə ölkə daxilində insan hüquq və azadlıqlarını təmin etmək lazımdır”.
Politoloq qeyd edib ki, bunu etməyən bir hakimiyyətin dünya azərbaycanlılarının hüquqları, mədəniyyəti, onların dilini qorumaq haqqında danışması doğru deyil.

24 saat” “
Qurultaydan gözlənənlər, gözlənməyənlər…
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button