Gündəm

Rusiya xəlvətcə sığınacaqları yoxlayır  – 24 saat

Mənbə: Bloomberg

Tərcümə: Novator

ABŞ-ın “Bloomberg” agentliyinin internet səhifəsində “Rusiya müharibənin genişlənməsi xofu altında xəlvətcə bomba sığınacaqlarını yoxlayır” başlıqlı yazı dərc olunub.

Yazıda deyilir ki, Ukrayna cəbhəsində hərbi mövqelərini qorumaqdan ötrü çaba göstərən Rusiya öz ərazisində soyuq müharibə dövründən qalma bomba sığınacaqlarını bərpa etmək üçün iş aparır.

Agentlik bu prosesin içində olan insanlara istinadla yazır ki, hökumət nümayəndələri xəlvətcə zirzəmiləri və raket, bomba zərbələrindən qorunmağa yararlı digər məkanları yoxlayır, sovet dövründə tikilmiş, Sovet İttifaqı dağılandan sonra isə baxımsız qalmış sığınacaqların təmizlənməsi və ya təmir olunmasına göstəriş verir.

“Bloomberg” qeyd edir ki, bu addımlar mülki müdafiə infrastrukturunu Ukrayna müharibəsinin daha da genişlənməsi variantına hazır vəziyyətə gətirmək məqsədilə görülən tədbirlərin bir hissəsidir.

Agentlik xatırladır ki, bomba sığınacaqlarının ölkə boyu bərpa olunması kampaniyası rəsmən elan edilməyib, ona görə bu işin hansı təhdidlərlə əlaqəli olduğuna da açıq şəkildə aydınlıq gətirilməyib.

Hökumət yalnız hərbi əməiyyatların keçirildiyi ərazilərə yaxın bir neçə bölgədə sığınacaqların yaradıldığını, yaxud bərpa olunduğunu təsdiqləyib. Aprel ayında Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ölkənin cənubunda bomba sığınacaqlarının tam inventarlaşdırılması barədə tapşırıq verib. Patruşevin imzaladığı sənəddə cənub bölgələrində federal mülkiyyətdən çıxarılmış mülki müdafiə obyektlərinin geri qaytarılması tələbi də qoyulub.

Ancaq “Bloomberg” vəziyyətdən xəbərdar şəxslərə istinadla vurğulayır ki, sığınacaqlara baxış prosesi bütün ölkə boyu gedir, bütün şəhərlərdə sovet dövründən qalma çoxmənzilli binaların, məktəblərin və dövlət idarələrinin zirzəmiləri təmizlənir, yaxud təmir edilir.

“Bloomberg” xatırladır ki, Ukraynada bomba sığınacaqları saysız-hesabsız insanı Rusiyanın mülki hədəflərə endirdiyi raket zərbələrindən qoruyub. Bəzi şəhərlərdə sığınacaqlara girişi tapmaq üçün avtobus dayanacaqlarında və digər məkanlarda xüsusi nişanlar quraşdırılıb. Ukraynanın iri şəhərlərində metro stansiyalarından da sığınacaq kimi istifadə edilir.

Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım yarımadasını zəbt edib, martda onu Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib.

Həmin il Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Bu əməliyyatlar nəticəsində Zaporojye və Xerson vilayətlərinin böyük hissəsi də ələ keçirilib.

Sentyabrın 23-dən 27-dək dörd işğalçı rejimdə Rusiyaya birləşmək “referendumları” təşkil edilib, müsbət cavab çıxarılan qanunsuz səsvermələrdən sonra rejim rəhbərləri Rusiyaya birləşmək barədə müraciət ediblər.

Rusiya prezidenti sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyan fərmanlar imzalayıb.

Sentyabrın 30-u Moskvada dörd bölgənin Rusiyanın tərkibinə keçməsini nəzərdə tutan müqavilələr imzalanıb. İlhaq sənədlərini Rusiya prezidenti ilə saxta rejimlərin rəhbərləri qollayıb.

Müqavilələr oktyabrın 2-də Konstitusiya Məhkəməsindən müsbət cavab alıb, oktyabrın 3-də parlamentin aşağı palatasında (Dövlət Duması), oktyabrın 4-də yuxarı palatasında (Federasiya Şurası) təsdiqlənib, müvafiq qanun layihələri qəbul edilib.

Rusiya prezidenti oktyabrın 5-də Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin Rusiyanın tərkibinə keçməsini nəzərdə tutan sənədlər paketini imzalayıb.

Ukrayna hərbçiləri isə son vaxtlar fəal əks-hücum əməliyyatlarına başlayıb. Əks-hücumun əsas istiqamətlərindən biri Xeson vilayətidir. Rusiyanın hərbi-siyasi rəhbərliyi məhz bu həmlələri nəzərə alaraq işğal etdiyi bəzi bölgələrdən çəkilmək qərarı verib.

Noyabrın 11-i səhər Rusiya qoşunlarının Ukraynanın Xerson vilayətinin bir hissəsini, o cümlədən bölgənin mərkəzi şəhəri Xersonu tam tərk etdiyi bəyan olunub. Bundan sonra Ukrayna döyüşçüləri martın 3-dən işğal altında olan Xerson şəhərinə daxil olub.

24 saat” “Rusiya xəlvətcə sığınacaqları yoxlayır  – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button