Loading...
Loading...
Texnologiya

Snapdragon 8+ Gen 1 və flaqman özəlliklərə sahib Snapdragon 7 Gen 1 prosessorları təqdim edilib

    Qualcomm şirkəti keçirtmiş olduğu xüsusi təqdimat tədbiri çərçivəsində yeni Snapdragon 8+ Gen 1 flaqman prosessorunu və özündə flaqman özəllikləri birləşdirən Snapdragon 7 Gen 1 prosessorunu təqdim edib. İlk öncə Snapdragon 8+ Gen 1 prosessorundan başlayaq. Qeyd etmək lazımdır ki, sözügedən prosessor adi Snapdragon 8 Gen 1-in davamçısıdır. Snapdragon 8+ Gen 1-in mərkəzi prosessorunun perfromansında artım reallaşdırılıb. Lakin ən əsası odur ki, yeni Snapdragon 8+ Gen 1-in enerji sərfiyyatı diqqət çəkəcək dərəcədə aşağı endirilib. Məlumatda qeyd edilib ki, Snapdragon 8 Gen 1-in mərkəzi prosessorundan fərqli olaraq Snapdragon 8+ Gen 1-in mərkəzi prosessorunun performansı 10% yüksəlib. Bunun əsas səbəbi isə yeni prosessorun sahib olduğu yüksək performanslı Cortex-X2 nüvəsinin çalışma tezliyinin 3 GHz-dən 3.2 GHz-ə yüksəlməsidir.

    Yeni prosessorun qrafik sürətləndiricisinin performansında da 10%-lik artım var. Bununla belə CPU ilə GPU-nun enerji sərfiyyatları 30% aşağı düşüb. Ümumilikdə Snapdragon 8+ Gen 1 enerji sərfiyyatı baxımından 15% daha effektivdir. Bu isə prosessorun istehsalında Samsung-un 4 nanometrlik texnoloji prosesinə keçidi ilə bağlıdır. Snapdragon 8+ Gen 1-in digər özəllikləri adi Snapdragon 8 Gen 1-in özəllikləri ilə eynidir. Belə ki, yeni prosessor da 200 MP-lik kameraları, 10 Gbit-lik 5G internetini, Wi-Fi 6E texnologiyasını və Quick Charge 5 adlı sürətli şarj texnologiyasını dəstəkləyir. Artıq rəsmi olaraq məlumdur ki, ASUS, Xiaomi,Honor, Lenovo, Motorola, OnePlus, OPPO, Realme, Vivo və s. kimi brendlər Snapdragon 8+ Gen 1 prosessoruna sahib ilk smartfonlarını bu ilin üçüncü rübündə satışa çıxardacaqlar.

    Snapdragon 8+ Gen 1 flaqman prosessorundan əlavə olaraq Qualcomm şirkəti həmçinin Snapdragon 7 Gen 1 adlı yeni prosessorunu da təqdim edib. Bu prosessor, Snapdragon 778G Snapdragon 778G+ modellərinin davamçısıdır. Sözügedən prosessor özündə 8 ədəd nüvəni birləşdirir. Söhbət, 2.4 GHz tezlikdə çalışan 1 ədəd Cortex-A710 Prime nüvəsindən, 2.36 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A710 Performance nüvəsindən və 1.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 Efficiency nüvəsindən gedir. Bununla yanaşı Snapdragon 7 Gen 1 özündə Adreno 662 qrafik sürətləndiricisini və Snapdragon X62 5G modemini birləşdirir.

    Snapdragon 7 Gen 1-in performansı yüksəldilib və o özündə flaqman smartfonlarda mövcud olan texnologiyaları birləşdirir. Snapdragon 7 Gen 1 prosessoru 4 nanometrlik texnoloji proses əsasında hazırlanıb. Məlumatda qeyd edilib ki, Snapdragon 778G-dən fərqli olaraq Snapdragon 7 Gen 1-in qrafik sürətləndiricisinin performansı 20% yüksəlib. Bundan əlavə olaraq yeni prosessor süni zəka əsaslı əməliyyatları 30% daha sürətlə yerinə yetirir. Prosessora inteqrasiya edilmiş Adreno Frame Motion Engine texnologiyası mobil oyunlarda kadrların tezliklərini 2 dəfə artırır. Bununla belə bu halda prosessorun enerji sərfiyyatı səviyyəsi Snapdragon 778G prosessorunun enerji sərfiyyatı səviyyəsində qalır.

Gözdən qaçırmayın:  Youtube-da olacaq yeni funksiya videoların ən vacib və maraqlı hissələrini əks etdirəcək

    Qeyd etmək lazımdır ki, Snapdragon 7 Gen 1 16 GB-a kimi LPDDR5 standartlı RAM yaddaşlarını dəstəkləyir. Bununla yanaşı o, Quad HD+ keyfiyyətli ekranları, 200 MP-ə kimi olan kameralarda eyni anda 3 obyektiv vasitəsilə çəkiliş imkanını, HEIC formatında foto və HEVC formatında videoları 10 bit-lik çəkilişlərini, 4K HDR formatlı kontentlərin əks etdirilməsini, saniyədə 4.4 Gbit sürətlə 5G internetə qoşulmanı, Wi-Fi 6E texnologiyasını, Bluetooth 5.3-ü və Quick Charge 4+ adlı sürətli şarj texnologiyasını dəstəkləyir. Yaxın zamanda Xiaomi, OPPO və Honor brendləri Snapdragon 7 Gen 1 prosessoruna sahib ilk smartfonlarını təqdim edəcəklər.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button