Milyarderlərin qiyamət sığortası və etik dilemmalar
Bəzi ekspertlərə görə, milyarderlər arasında müşahidə olunan bu təmayül qorxudan daha çox güc simvoludur. Onların fəlakət ssenarilərinə qarşı hazırlıqla bağlı marağı, həm də nəzarət və üstünlük arzusunu əks etdirir. Lakin bəzi tədqiqatçılar bu cür investisiyaları "etik məsuliyyətdən qaçış" kimi dəyərləndirirlər.
"Qiyamət sığortası" anlayışını ilk dəfə LinkedIn-in qurucularından Reid Hoffman dilə gətirmişdi. Hoffman, potensial böhranlara qarşı "təhlükəsiz bölgələrdə" əmlak aldığını açıq şəkildə bildirmişdi. Xüsusilə Yeni Zelandiya, bu cür yatırımlar üçün milyarderlərin seçilmiş məkanlarından birinə çevrilib.
Zukerberqin gizli layihəsi və şayiələr
Oxşar şəkildə, Mark Zukerberq də Havayda inşa etdirdiyi 400 milyon dollarlıq nəhəng obyekti ilə gündəmə gəlmişdi. Layihədə işləyənlərə məxfilik müqavilələri imzaladıldığı və torpağın altında 1500 kvadratmetrlik bir sığınacaq planlaşdırıldığı iddia olunurdu. Zukerberq bu iddiaları rədd edərək, "Bu, sadəcə bir zirzəmi qatıdır" açıqlamasını vermişdi. Lakin onun Palo Altoda 11 əmlak alması və onların altına 650 kvadratmetrlik yeraltı sahələr əlavə etdirməsi şayiələri daha da gücləndirmişdi.
Süni intellekt qorxusu və mütəxəssis rəyləri
Bu "qiyamət hazırlığı" təmayülü, bəzi texnologiya liderlərinin süni intellekt qorxuları ilə də əlaqəlidir. Xüsusilə "AGI" yəni insan intellektini üstələyən ümumi süni intellektin yaxın gələcəkdə inkişaf etdirilə biləcəyinə inanan şəxslər arasında Sam Altman, Ilya Sutskever və Demis Hassabis də var. Sutskever, "AGI-ni elan etməzdən əvvəl mütləq bir sığınacaq inşa edəcəyik" deyərək bu narahatlığını açıq şəkildə ifadə etmişdi.
Lakin bəzi alimlər bu qorxuları həddindən artıq şişirdilmiş hesab edirlər. Sauthempton Universitetindən Dame Wendy Hall, "Süni intellekt təsiredicidir, lakin insan intellektinə yaxınlaşmaqdan çox uzaqdır. AGI hələ də elmi fantastika səviyyəsindədir" qiymətləndirməsini verdi. Kembric Universitetindən Prof. Neil Lawrence isə "Necə ki, həm uçan, həm də üzən tək bir ümumi nəqliyyat vasitəsi ola bilməz, tək bir ümumi zəka növü də ola bilməz" deyərək AGI anlayışının əsassız olduğunu müdafiə etdi.
Milyarderlərə ünvanlanan tənqidlər
Professor Lorensə görə, əsas təhlükə gələcəkdəki super zəka deyil; indiki süni intellektin yaratdığı bərabərsizlik, işsizlik, qərəzlilik və yanlış informasiya problemləridir. Lakin milyarderlərin bu problemlərə həll yolu tapmaq əvəzinə öz təhlükəsizliklərini prioritet etməsi tənqidlərin mərkəzindədir.
Texnologiya mədəniyyəti tənqidçisi Douglas Rushkoffa görə, bu təfəkkür "bəşəriyyəti xilas etmək" iddiası altında milyarderləri daha da zənginləşdirir. Rushkoff deyir ki, "Hər böhran sahibkarlar üçün yeni bir iş imkanı kimi görülür. Kapitalizm xilas edilmədən dünyanın xilas edilə bilməyəcəyi anlayışı hökm sürür."

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz