2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Vəkil: İttihamlar “sadəcə həbs etmə niyyəti üçün”dür

ReAL hərəkatının icra katibi Natiq Cəfərlinin həbsindən apellyasiya şikayəti verilib, onun vəkili Cavad Cavadov BBC Azərbaycancaya deyib.

“İttihamın özü vergidən yayınma üzrə qurulur, amma vergidən yayınma ittihamı olmaya-olmaya bu maddələri ona vermək gülməldir. Sadəcə formal olaraq 192.1 maddəsi [qanunsuz sahibkarlıq] verilir və tamamilə əsassız olaraq, sadəcə həbs etmə niyyəti üçün 308.2 [vəzifə səlahiyyətindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda və ya seçkilərin və ya referendumun nəticələrinə təsir etmək məqsədi daşıdığında] maddəsi verilir.”

Vəkil Cavadov ittihamları “hüquqi əsası olmayan məsələ” adlandırır.

Saytların yığılması Saytlarin yigilmasi

Natiq Cəfərlinin hərəkatdakı hüquqi nümayəndəsi Rəsul Cəfərov onun hansı qismdə vəzifəli şəxs kimi tanınmasının “açıq sual” olduğunu və bunun cavabının həbs olunan zaman məhkəməyə təqdim olunan sənədlərdə də əks olunmadığını deyir.

ReAL hərəkatının idarə heyətinin üzvü Erkin Qədirli həbsi “düşünülmüş və siyasi” adlandıraraq bunun ReAL-a qarşı yönəldiyi qənaətindədir.

Cənab Cəfərli avqustun 13-də Nəsimi rayon məhkəməsində axşam keçirilən iclasdan sonra qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda və ya seçkilərin və ya referendumun nəticələrinə təsir etmək məqsədi daşıdıqda maddələri ilə ittiham olunaraq 4 ay müddətinə həbs edilib.

Baş Prokurorluq Natiq Cəfərlinin “2011-2014-cü illərdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq … dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqda” şübhəli bilindiyini açıqlayıb.

“Gözlərini yumub”

Vəkil Cavad Cavadov deyir ki, 2014-cü ildə QHT-lərə qarşı başlanan ümumi cinayət işi ilə bağlı ifadə vermək üçün tez-tez hüquq mühafizə orqanlarına çağırılan Natiq Cəfərlinin 2012-ci ildə, xarici təşkilatdan aldığı qrantla bağlı problemi var idi.

Hüquq müdafiəçisi əlavə edir ki, həmin dövrdə keçirilən vergi yoxlaması zamanı Natiq Cəfərliyə cərimə yazılıb və o da cəriməni ödəyib. “Ona görə vergidən yayınma maddəsi verilməyib”, o fikrini davam etdirir.

“İndi ona qanunsuz sahibkarlıq verirlər. Halbuki, bu maddə ona düşmür. Yeni redaksiyada yalnız vergi uçotunda durmadan və lisenziya almadan fəaliyyət göstərmək qanunsuz sahibkarlıq sayılır”, vəkil digər maddənin verilməsini “gülməli” adlandırır.

Prokurorluğun məlumatına görə Natiq Cəfərli iş üzrə verdiyi ifadələrində “göstərilənləri təsdiq edərək qrant müqavilələrini müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirmədiyini, ayrılmış qrant vəsaitini dostu, eyni zamanda həmin dövrdə REAL Hərəkatının həmsədri olmuş İlqar Məmmədovun köməkiliyi ilə mənfəət əldə etmək məqsədi ilə aldığını və fiziki şəxs kimi həmin vəsaitlərin rəhbəri olduğu layihələr üzrə xərclənməsinə sərəncam verdiyini təsdiq etmişdir”.

2014-cü ildə ölkədə fəaliyyət göstərən və əsasən hakimiyyəti tənqid edən yerli insan hüquqları ilə məşğul olan qeyri-hökümət təşkilatları və bu sahədə layihələr həyata keçirən xarici QHT-lərin yerli nümayəndəliklərinin bank hesabına Baş Prokurorluğun vəsatəti əsasında həbslər qoyulub.

Cənab Cavadov iddia edir ki, həbs qərarı veriləndə məhkəmə onun hansı vəzifə səlahiyyətlərindən sui istifadə etməsini “əsaslandırmayıb” və Natiq Cəfərlinin əməlində “ağır nəticələrdən ümumiyyətlə söhbət gedə bilməz” deyir.

“Qanunda göstərilib ki, ağır nəticələr odur ki, bina yanmalıdır, kütləvi tələfat olmalıdır. Bu maddə Xədicə İsmayıla da verilmişdi və Ali məhkəmə onu götürmüşdü ki, burda bu maddənin yeri yoxdur. Sadəcə olaraq nə baş verdisə bunlar gözlərini yumub bu ittihamı verirlər”, vəkil deyir.

“Təşəbbüs qrupu”

Siyasi fəal Rəsul Cəfərov deyir ki, Natiq Cəfərlinin ittiham olunduğu hər iki maddə
Siyasi fəal Rəsul Cəfərov deyir ki, Natiq Cəfərlinin ittiham olunduğu hər iki maddə “biabırçıdır”

Rəsul Cəfərovun sözlərinə görə, Natiq Cəfərli 2006-cı ildən fərdi sahibkar kimi vergi orqanlarından qeydiyyatdan keçib və buna görə ona qarşı qanunsuz sahibkarllıq maddəsi ilə ittiham irəli sürmək “biabırçıdır”.

“Bu maddəni verməyin qanunsuz olduğunu anlamaq üçün heç hüquqşünas olmağa da ehtiyac yoxdur”, cənab Cəfərov deyir.

ReAl hərəkatının İdarə Heyətinin üzvü Rəsul Cəfərov düşünür ki, həbsdə “kompleks səbəb var”.

“O, İlqar Məmmədovdan sonra ReAl hərəkatının, sözün əsl mənasında, mühərrikinə çevrilmişdi. Fikirləşdirlər ki, bu mühərriki dayandırmaq lazımdır və indi etdilər. Niyə indi? Çünki qarşıdan referendum gəlir və bununla bağlı Natiq təşəbbüs qrupu yaratmışdı”, cənab Cəfərov həbs qərarına baxmayaraq qrupun referendumla bağlı hazırladığı planı həyata keçirəcəyini deyir.

Rəsul Cəfərov baş vermiş hadisə ilə bağlı Azərbaycandakı səfirliklər və xarici təşkilatları məlumatlandırdığını deyir. “Fikirləşirəm ki, həftə ərzində reaksiya olacaq.”

“Psixoloji basqı”

ReAl Hərəkatının üzvü Erkin Qədirli
ReAl Hərəkatının üzvü Erkin Qədirli “növbəti hədəfin” ola biləcəyini istisna etmir

Hərəkatın İdarə Heyətinin üzvü Erkin Qədirlinin sözlərinə görə, həbs zamanı gecə ilə Natiq Cəfərlinin evinə baxış keçirilib və ona məxsus olan kompüter götürülüb.

“Yoldaşının adına olan evin sənədlərini, şəxsi ziynət əşyalarını, üzüyü, sırğası, boyunbağı da götürdülər. Deyiblər ki, bunlar ziynət əşyalarıdır. Ola bilsin qanunsuz sahibkarlıq nəticəsində ləğv olunan pul hesabına alınıb. O adla götürüblər” – o, nəql edir.

Cənab Qədirli deyir ki, bu həbs “həm ReAl-ın azadlıqda olan üzvlərinə, həm də həbsdə olan sədrinə psixoloji basqıdır” və əlavə edir ki, “növbəti hədəf ola bilər”.

“Bu siyasi təqibdir və istədikləri maddə ilə saxlaya bilərlər. Yalandan saxta bir ittiham verib, təki həbs etsinlər. Siyasi sifariş baxımından hansı maddə ilə həbs etmək onlar üçün böyük önəm kəsb etmir”, cənab Qədirli deyir.

Hakim partiyanı və İlham Əliyevi tənqid edən hərəkatın lideri İlqar Məmmədov 2013-cü ildən həbsdədir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button