2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Avto xəbərlərXəbərlər

Vergidən azadetmə avtomobil bazarına necə təsir edəcək?

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiq edib. Dəyişikliklərdən biri də ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışının 2023-cü il mayın 1-dən 10 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunmasıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bəs, dəyişikliyin əhəmiyyəti nədir və avtomobil bazarına necə təsir edəcək?

Əvvəlcə ondan başlayaq ki, ƏDV malların və xidmətlərin qiymətinə əlavə olunmaqla istehlakçılar, yəni alıcılar tərəfindən ödənilən vergi növüdür. Azərbaycanda ƏDV 18 faiz dərəcəsi ilə tətbiq edilir. Məsələn, ƏDV tətbiq edilərək satılan 20 000 manatlıq hər hansı bir məhsulun öz qiyməti 16 949.15 manat, üzərinə əlavə edilmiş ƏDV-si isə 3050.85 manatdır.

Belə görünür ki, ölkədə istehsal olunan minik avtomobillərinin istehsalçı tərəfindən satışının ƏDV-dən azad edilməsi onların ucuzlaşmasına səbəb olacaq. Söhbət ondan gedir ki, ƏDV-siz satış qiymətin 15 faizdən çox azalması deməkdir.

Yeri gəlmişkən, avtomobillərin utilizasiyasını nəzərdə tutan qanunvericilikdə tərəflərindən biri də yerli avtomobil istehsalçılarıdır. Qanuna görə, avtomobilini utilizasiyaya verən şəxsə bu barədə təsdiqedici sənəd verəcək və onun əsasında 3 il ərzində yalnız ölkədə istehsal edilmiş yeni avtomobili güzəştli qiymətə almaq mümkün olacaq. Beləliklə, maşınını “metalloma” vermiş şəxs bu güzəştlə yanaşı, ƏDV ödəmədən yeni avtomobil ala biləcək.

Yerli minik avtomobillərinin təkcə satışı yox, onların yığımı (minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı) üçün nəzərdə tutulmuş 45 adda xammal və materialların ölkəyə gətilməsi də ƏDV-dən azad edilib.

Təcrübə onu göstərir ki, vergi və gömrük güzəştlərinin tətbiqi avtomobillərin ilkin bazarında qiymətə təsirini göstərir. Bu baxımdan yerli bazarda Müstəqil Dövlət Birliyinə üzv ölkələrin istehsalı olan avtomobillərin qiymətlərinin digərləri ilə müqayisədə aşağı olması təkcə texnologiya ilə yox, həmçinin bu ölkələrdən Azərbaycana idxalda gömrük rüsumunun olmaması ilə bağlıdır.

Bundan başqa, Azərbaycana elektrikli avtomobillərin gətirilməsi (2019-cu ildən), eyni zamanda satışı (2022-ci ildən) ƏDV-dən azaddır. Ötən il istehsal ilindən 3 ilədək ötmüş belə avtomobillərin idxalı üçün gömrük rüsumu da 15 faizdən 0 faizə endirilib. Bu avtomobillərdə daxili yanma mühərriki olmadığından onlar üçün aksiz vergisi də hesablanmır.

Həmçinin istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azaddır.

Vergi və gömrük güzəştlərinin fonunda belə avtomobillərə maraq artıb. Belə ki, rəsmi göstəricilərə görə, 2023-cü ilin birinci yarısında ölkəyə idxal olunmuş hibridlər avtomobillərin sayı 17.9 faiz, elektromobillər isə 7.3 dəfə artıb.

Yerli istehsal avtomobillərin satışının vergidən azad edilməsinin digər avtomobillərin qiymətlərinə təsir edib-etməyəcəyi də böyük maraq doğurur. Hesab etmək olar ki, vergidən azadetmənin yerli minik avtomobillərə marağı artırması fonunda bazarda rəqabət arta, qiymətlər enə bilər.

Lakin nəqliyyat eksperti Eldəniz Cəfərov belə düşünmür. Fikirlərini “Qafqazinfo” ilə bölüşən ekspert deyir ki, ölkədə istehsal olunan avtomobillərin sayı az olduğundan onların bazarda qiymətlərin enməsinə təsiri olmayacaq:

“Azərbaycanda ildə cəmi 2 minə qədər minik avtomobili istehsal edilir. Ona görə də bu gün avtomobillərin sayı imkan vermir ki, ƏDV-dən azadetmənin avtomobil bazarına hər hansı bir təsiri, o cümlədən qiymətlərin enməsinə təsiri olsun. Amma istehsal həcmi təxminən 10 min səviyyəsində olsa, bazara təsir etmə imkanları ola bilər. Çünki yerli istehsal daha ucuz olacaq”.

Müsahibimiz hesab edir ki, ƏDV-dən azadetmə sahibkar üçün avtomobil istehsalını həcmini artırmaq üçün fürsətdir. ƏDV olmadığından onların istehsal etdikləri avtomobillərin qiyməti rəqabətədavamlı olacaq.

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button