Xeyir verən qocalar - 24 saat xəbərlər
Now Reading:
Xeyir verən qocalar
Full Article 5 minutes read

Xeyir verən qocalar

Və ya ailə kultu niyə bizdə güclüdür…

Norveçdə qocalar evlərinə ziyarət xidmətləri gəlirli biznesdi. Bir neçə nəfər gənc yığışıb, bir şirkət təsis edir və ölkəboyu çoxsaylı qocalar evlərinə öz xidmətlərini təklif edirlər. Xidmət də ondan ibarətdir ki, gənclər təyin olunmuş gündə və təyin olunmuş vaxt ərzində müəyyən qocalar evini ziyarət edir, oranın sakinləri ilə vaxt keçirir, söhbət edir, domino oynayır, çay içirlər. Bu xidmətlərinə görə də çox yaxşı pul alırlar.

Ümumiyyətlə, Qərbdə yaşlılara xidmət sahəsi çox gəlirli və inkişafda olan sahədir. Minlərlə həkim, tibb bacısı və feldşer bu sahədə çalışır. Ən çox kadr çatışmazlığı olan sahə də məhz heriatriya sahəsidir. Yüzlərlə, minlərlə insana ehtiyac var ki, o adamlar gəlib qocalara qulluq etsinlər, onlarla vaxt keçirsinlər, yaşlıların asudə vaxtının maraqlı və mənalı keçirməsi üçün müxtəlif dəvətlər təşkil etsinlər. Və təbii ki, buna görə yüksək qonorar alsınlar.

Şəksiz ki, belə bir sistemin olmasının çox ciddi iqtisadi tərəfləri də var. İş orasındadır ki, normal ölkələrdə işləyən insanlar ömürləri boyu çox həvəslə vergi ödəyir. Vergi deyib, keçməyək, bu vergi faizləri kifayət qədər yüksəkdir. Aylıq gəlirin məbləğindən asılı olaraq, 27, 36, 48 hətta 50 faizi keçən vergilər var. Amma insanlar gəlirlərini gizlətmir, vergini müntəzəm və həvəslə ödəyir, ödədiyi məbləğə də heyifsilənmir.

Çünki, bu, normal ölkədə yaşayan insanın öz qocalığına qoyduğu sərmayədir. İnsan bilir ki, hakimiyyətə kimin gəlməyindən asılı olmayaraq, o pula heç kim toxuna bilməz. Bilir ki, nə qədər çox vergi, sosial rüsum ödəsə, bir o qədər çox təqaüd alacaq. Nə qədər çox təqaüd alsa, özünə ən dərin qocalığında ən bahalı, ən komfortlu qocalar evini seçə biləcək. Buna görə də, normal ölkələrdə insan təqaüdə çıxana qədər yorulmadan və həvəslə işləyir ki, sonra kef eləsin.

Azərbaycan və ona bənzər ölkələrdə isə dövlətə inam o qədər aşağıdır ki, hamı başının çarəsinə özü baxmaq məcburiyyətindədir. Bu vəziyyət sovet vaxtı da olub, ondan çox-çox əvvəl də.

Ona görə də buna müvafiq bir ailə kultu formalaşıb. Ailə özünə məxsus lokal sosial yardım institutuna çevrilib. Yeni evlənmiş gənclər çalışır ki, ən azı 3-4 uşaq dünyaya gətirsin. Çünki nə bilmək olar, birdən biri əsgərlikdə ölər, o birini maşın vurar, ya xəstəlik aparar və ya bizdən üz döndərər. Buna görə mümkün qədər çox doğmaq lazımdır ki, yetkinlik yaşına heç olmasa biri çatsın.

Beləliklə, bizdə qocalığa qoyulan sərmayə uşaq doğma və uşaq böyütmədir. Hamı gözləyir ki, böyütdüyü uşaq qocalıqda ona baxacaq. Bütün bu ailə kultu, böyük-kiçik yeri bilmək, ana ayaqları altındakı cənnət, ata qayışının şirin ağrısı ona görə lazımdı ki, uşaqları valideynlərinə bağlasın, sonuncular üçün müftə işləməyə məhkum etsin, müstəqil yaşamalarına mane olsun.

Övlad dünyaya gətirməyin vacibliyi barədə mübahisələr düşəndə də, bizimkilərin adətən gətirdiyi ən populyar arqument budur: “Qocalanda bir stəkan su verənim olsun”, ya da “Qocalanda mənə baxan olsun”. Çünki yazıq əmindir, bu bir stəkan suyun ona verilməsi, ona baxılması problemi dövlətini düşündürmür, bərbad vəziyyətdəki “Qocalar evləri” də bir insanın yaşlananda orda yaşaması üşün olduqca təhqiramizdir. Bir sözlə, uşaq, övlad, “Qocalar evinin” alternativi kimi dünyaya gətirilir, tərbiyə olunur və böyüdülür.

Heç şəksiz ki, ata-ana olsun, ya olmasın, yaxud yad adam olsun, yaşlı, köməksiz insana baxmaq, qayğı göstərmək ali, nəcib hərəkətdir. Amma yaşlıya, özünə məşğuliyyət tapa bilmək iqtidarında olmayan adama təkcə qayğı lazım deyil, həm də bol vaxt, diqqət xərcləmək lazımdır. Özünü, ailəsini, valideynini dolandırmaq üçün işləməli olan övladların isə bu qədər vaxtı, səbri və fiziki gücü, təbii ki bəs etmir. Buna görə də, qocalara qayğı göstərməli olan institutların olması çox vacibdir.

Və hansı ölkələrdə ki, bu institutlar inkişaf edib, gözəl infrastruktura, peşəkar heyətə malikdir, orda qocalar daha xoşbəxtdir. Onlar ailə kultunun daha çox güclü olduğu ölkələrdəki kimi, küçələrdə tum satmır, dilənmir, küçə süpürmür, onlar krallar kimi yaşayır.

Və bəli, Avropada yaşlı şəxslər öpüşən gənc görəndə nəinki onlara şıllaq atır, bəzən çox nəvazişlə baxır, öz gəncliklərini xatırlayır, çox vaxt isə, ümumiyyətlə, mane olmamaq üçün heç o tərəfə baxmırlar. Əlbəttə ki, səbəb o qocaların da zamanında normal gənclik yaşamasıdır.

Günel Mövlud

Günel Mövlud 1981-ci ilin 9 oktyabrında Cəbrayıl rayonunun Mehdili kəndində doğulub. 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib….

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

24saat.org

Mənbə – www.meydan.tv

Input your search keywords and press Enter.