2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yazılmadan oxunan başlıq: “Ölüm var!” – Həmkarımız Səbuhi Məmmədlinin xatirəsinə

[

Bir jurnalistin də ölüm xəbərini yaşatdı bu dünya bizə. Həmkarımız Səbuhi Məmmədli köçdü bu dünyadan. Dünyamızı dəyişə bilmədən bu dünyadan bir-bir köçürük. Deyəsən, jurnalistlərin ölüm xəbərinə də alışırıq artıq.

Səbuhini tanıyan hər kəs gecədən bəri onun necə istedalı jurnalist olmasından, son zamanlar səhhəti ilə bağlı çəkdiyi ağrılardan yazır. Bir insanın gözünün önündə yavaş-yavaş öldüyünü izləmək acıların ən ağrılısı imiş. Sonuncu dəfə xəstəxanaya aparılarkən bəlkə də çoxumuzun qəlbindən keçirib, dilinə gətirə bilmədiyi bu ömrün çox yaxında başa çatacağı idi. Gerçək bu. İnsan dərk etdiyinə bəzən özünün də inanmasını istəmir. Amma ömür belədi, bir gün mütləq dünya həyatına son verir.

Saytların yığılması Saytlarin yigilmasi

Sosial şəbəkələr xatırladanda çox zaman dünyasını dəyişmiş dostlarımızın yazdığı rəylər çıxır qarşıma. Yazılanlar içərisində bir-birilərinə irad, bəzən incə yumor, hadisələrə verdiyi reaksiyalar dünyanın o başından əl edir sanki. Adamın onları silməyə də əli gəlmir. Dünyasını dəyişmiş dostlarımızın telefon nömrələrini yaddaş kitabçasından silməyə əlim gəlmədiyi kimi…

Dünyanın tək gerçəyidir ölüm. O gələndə ölümdən başqa həqiqət qalmaz. İnsanın bu gerçəyi qəbul etməsi də həqiqətlər içində ən çətini.

***

Səhifəni açmışam, gözümü dikmişəm ona. Sonra qalxıb otaqda var-gəl edib, nəyi, necə yazacağımın hesabını aparıram. Bu hesablar arasında düşüncələrimi didib-dağıdan bir fikir imkan vermir uzun müddət yazını tamamlamağa. Tanıdığım, dost olduğum, dəyər verdiyim insanların barədə yazmaqdan utandım mən. Bəlkə də elə özümüzə elegiya yazırıq…

***

Jurnalistika ağır sahədi. Baş verənləri araşdırmaq, hadisələrin içində əsəb gərginliyi keçirmədən yaşamaq asan iş deyil. Bir də unudulmaq qorxusu, yaddan çıxmaq reallığı var bu peşənin çətinlikləri arasında. O gün qarşıma çıxdı, tanınmış bir jurnalist haqqında sosial şəbəkədə paylaşıma yazılan rəylərin arasında adamın üzünə tərs şillə kimi dəyən bir ifadə gördüm: “Bu kimdi ki, mən tanımıram”.

Mətbuatın bir də belə unutqan üzü varmış. Bu unutqanlıq cəmiyyətin fərdlərinin problemi deyil. İstedadlı jurnalistlərin bir tikə çörək üçün iddiası istedadından böyük olanların tabeliyində əzab çəkməkdi. Vəzifəli adamlarla poz verib, “mükafat”lar yağmuruna tutulanları gördükcə hər istedad hər gün bir az da ölür. İçindəki həyata bağlanmaq eşqi bitir.

Dünya ərəbcədən dilimizə gələn sözdü. Mənasında bir “alçaq” anlamı var. Dünya mahiyyətində özünə yaxın olanların dəyərini onu gözardı edənlərin dəyərindən üstün tutur. “Hər quş öz cinsi ilə uçar: qartallar qartalla, qarğalar qarğalarla” misalı kimi…

***

Səbuhi jurnalist idi. Onun üçün bu peşənin çətinliyi yoxdu. Reportajları hər jurnalistin qibtə edə biləcəyi biçimdə, üslübu fərqli. Onu xatırlayan həmkarlarımızdan biri Səbuhi barəsində “hətta getmədiyi yerlərdən gözəl reportajlar hazırlayırdı” yazmışdı. Bu gün həmkarlarının Səbuhinin getdiyi yerə əminliyi hər kəsi daha çox üzdü. Dünyanın o üzündən “Ölüm var!” başlığı yazılmadan oxundu. Ölümün bizə bir qədər də yaxınlaşdığını anlatdı.

Qəlbini mətbuata, bədəninin bir parçasını özündən əvvəl torpağa verən, qardaş, ruhun şad olsun!

Allah rəhmət eləsin!  

Rəsul Mirhəşimli

Gununsesi.info

 

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button