Gündəm

Yeni düşmənlə üz-üzə – 24 saat

MƏNBƏ: Bloomberg

TƏRCÜMƏ: Novator

ABŞ-ın “Bloomberg” agentliyi bir aya yaxındır İranda davam edən iğtişaşlarla bağlı məqalə yayıb. “İranın lideri yeni qorxunc düşmənlə – məktəbli qızlarla üz-üzə qalıb” başlıqlı məqalənin müəllifi “Bloomberg”in yazarı Bobbi Qoşdur. Məqalənin tərcüməsini təqdim edirik.

Bir-iki həftə əvvələdək mən narahat idim ki, həmkarlar ittifaqları və ya teokratik dövlət daxilindəki mötədil müxalif kəsim əsasən gənclərdən ibarət olan etirazçılara kömək etməz, nəticədə İranda rejim əleyhinə nümayişlər səngiyər. Düşünürdüm ki, ölkənin ali dini lideri Əli Xamneyini sərt addımlardan çəkindirəcək səviyyədə etirazçı qruplara ehtiyac var.

Orta nəslin nümayəndələri hələ özünə gəlməmiş tiran və onun teokratları gözləmədikləri bir auditoriya ilə – məktəbli qızlarla üz-üz qalıb. Müxalif fikirli insanlara qarşı daima güc tətbiq edən rejim üçün bu, yeni problem deməkdir.

Görəsən, Xamneyi öz amansız dəstələrini məktəbyaşlı uşaqların üstünə göndərməyə risk edəcəkmi?

Artıq neçə həftədir İranda gənc qadın Məsiha Əmininin ölümü ilə əlaqədar aksiyalar gedir. Sentyabrın 13-də əxlaq polisinin hicab qaydalarını pozma ittihamı ilə tutduğu Məhsa Əmini üç gün sonra dünyasını dəyişib. İran hakimiyyəti rəsmən təkzib etsə də, bir çoxları gənc qadının fiziki zorakılığın qurbanı olduğuna inanır. Sentyabrın 18-dən başlanan etiraz aksiyaları nəinki səngimir, əksinə, daha da genişlənir.

Nümayişlərdə hələ də qadınlar çoxluq təşkil edir. İndi onlar təkcə rejimin tətbiq etdiyi geyim qaydalarına simvolik itaətsizlik göstərərək hicablarını, baş ötrüklərini yandırmaqla kifayətlənmirlər, həm də dövlətin teokratik təməlini dağıtmağa çağırış edirlər.

Etirazçı qadınların cərgəsinə məktəbli qızlar da qoşulub. Onlar da rejimin devrilməsinə çağırırlar. Hökumət rabitə şəbəkəsini nə qədər məhdudlaşdırmağa səy göstərsə də, orta məktəb siniflərində müəllimlərə və məmurlara etiraz edən şagird qızların çəkib yaydığı videolar sosial mediaya çıxmaqda davam edir. Bəzi videolarda uşaqların “Diktatora ölüm!” şüarı səsləndirdiyini, rejim liderlərinin şəkillərini tapdadığını görmək mümkündür.

Hətta riyakarlıqda mahir olan bir rejimə də bu videoları xarici qüvvələrin əməli kimi təqdim etmək çətindir. Həmişə olduğu kimi, Əli Xamneyi etirazlarda ABŞ və İsraili günahlandırır. Ancaq necə olub ki, xarici qüvvələr nəzarətçilərin gözündən yayınaraq məktəblərə soxula bilib, uşaqların beynini zəhərləməyi bacarıb? Bunu izah etmək dini liderə asan olmayacaq.

Tehranın Şərif Universitetində nümayişçilərə divan tutulandan sonra vüsət almış etirazlar demək olar indi ölkənin hər universitet şəhərciyində duyulur. Tələbələri döymək rejim üçün adi haldır. İranlılar xüsusilə 1999-cu ildə tələbə şəhərciyində baş vermiş qırğını yaxşı xatırlayırlar. O vaxt dini lider İnqilab Keşikçiləri Korpusunu (SEPAH) və bu korpusun nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının (hökumət tərəfdarı olan könüllülər dəstəsi) üzvlərini senzuraya etiraz edən tələbələrin üstünə qaldırmışdı.

Ancaq dini lider hələ ki, heç vaxt həmin qüvvələri şagirdlərin üstünə göndərməyib. Görəsən, SEPAH və “Bəsic” öz hərəkətlərinin mobil telefon kameralarına düşəcəyi, dünyada nümayiş olunacağı riskinə göz yumub məktəbli uşaqları dəyənək altında itaətə məcbur etməyə çalışacaqmı?

İran anlamalıdır ki, dünyanın diqqət mərkəzindədir. ABŞ-da, Kanadada, Avropada, Türkiyədə iranlı nümayişçilərə dəstək aksiyaları keçirilir. Onların “Qadınlar! Həyat! Azadlıq!” şüarı hətta Əfqanıstanda da səsləndirilir.

İranda cərəyan edən proseslər dünya liderlərinin də diqqətindədir. Artıq İranın əxlaq polisinə və rejimin digər rəsmilərinə sanksiyalar elan etmiş ABŞ prezidenti Cozef Bayden etirazçılara divan tutanların üzərinə əlavə məsuliyyətlərin qoyulacağını açıqlayıb. Avropa İttifaqı Almaniya, Fransa, Danimarka, İspaniya, İtaliya və Çexiyanın İrana sanksiyalar tətbiq edilməsi barədə müraciətini nəzərdən keçirir.

Məktəblilərə qarşı istənilən addım, şübhəsiz, İranın xarici ölkələrdə çalışan diplomatlarının həmin ölkələrdən qovulması, Tehranın beynəlxalq forumlarda iştirakına qadağa qoyulması kimi daha sərt cəzalarla nəticələnəcək. Hətta belə şəraitdə İranın Çin və Rusiya kimi müttəfiqlərinə də Tehranı dəstəkləmək çətin olacaq.

Amma dini rəhbəri bəlkə də ən çox narahat edən məsələ odur ki, uşaqlara qarşı repressiyalar böyüklərin kütləvi şəkildə küçələrə axışmasına gətirib çıxara bilər. 

Uşaqlar – problemdir və Xamneyi üçün bu problemi həll etmək elə də asan deyil.

24 saat” “Yeni düşmənlə üz-üzə – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button