Loading...
Loading...
Texnologiya

Yeni Huawei P50E smartfonu və naqilsiz FreeBuds 4E qulaqlıqları təqdim edilib – QİYMƏTİ

    Huawei şirkəti P50 smartfon seriyasını yeni model ilə genişləndirib. Belə ki, şirkət P50E smartfon modelini təqdim edib. Sözgüedən yeni smartfon adi P50 modelinin bir qədər sadələşdirilmiş versiyasıdır. O özündə Qualcomm prosessorunu, sürətli şarj texnologiyasını, təkmilləşdirilmiş kameraları və sudan qorunan gövdəni birləşdirir. Huawei P50E modeli xarici görünüşcə adi P50 modelini təkrarlayır. Faktiki olaraq smartfonlar prosessor xaric digər texniki özəlliklər baxımından da eynidirlər. Beləliklə P50E modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib 2700×1224 piksel keyfiyyətli 6.5 düym OLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.

    Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunur. Əsas texniki göstəricilərə gəldikdə isə P50E modeli Snapdragon 778G (4G) prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP + 13 MP + 12 MP üçlü arxa kamera, 13 MP-lik ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 4100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipə də sahibdir. Huawei P50E HarmonyOS 2.0 vasitəsilə çalışır. Smartfon bu ayın sonunda satışa çıxacaq. 128 GB yaddaşa sahib model 645$-a, 256 GB yaddaşa sahib model isə 710$-a satılacaq.

    P50E smartfonu ilə yanaşı Huawei şirkəti həmçinin FreeBuds 4E adlı yeni naqilsiz qulaqlıqları da təqdim edib. Sözügedən yeni qulaqlıqlar klassik dizaynda reallaşdırılıblar və onlar ətraf səs-küyün aktiv boğulması özəlliyinə və aşağı göstəricili siqnal gecikməsinə sahibdirlər. Qulaqlıqlar 14.3 mm-lik drayverlər ilə təchiz olunublar. Onlar isə öz növbələrində yüksək səslənmə keyfiyyətini təmin edirlər. HarmonyOS vasitəsilə çalışmaq sözügedən qulaqlıqlara eyni anda iki siqnal mənbəyinə qoşulmaq imkanını verir. Şirkətin verdiyi məlumata əsasən qulaqlıqlara inteqrasiya edilmiş Bluetooth 5.2 texnologiyası cəmi 90 millisaniyəlik siqnal gecikməsini təmin edir.

    İdarəetmə sistemi isə qulaqlıqların gövdələrində olan sensorlu panellər vasitəsilə reallaşdırılır. Hər bir qulaqlıq 30 mAh enerji tutumlu batareyaya, qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj keysi isə 410 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Qulaqlıqlar ətraf səs-küyün aktiv boğulması funksiyasının aktiv olduğu vəziyyətdə 2.5 saat, funksiyanın deaktiv olduğu vəziyyətdə isə 4 saat ərzində çalışa bilirlər. Lakin şarj keysindən istifadə çərçivəsində funksiyanın aktiv olduğu halda qulaqlıqlar 14 saat, funksiyanın deaktiv olduğu halda isə 22 saat çalışa bilirlər. Onu da qeyd etmək lazımdır ki, qulaqlıqların gövdələri IP67 standartı üzrə sudan qorunurlar. Huawei FreeBuds 4E-nin Çində qiyməti 110$ təşkil edəcək. Onun qlobal bazarda satış çıxıb-çıxmayacağı məlum deyil.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button