Loading...
Loading...
Cəmiyyət

Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi: Cinayət, yoxsa siyasi motiv?

Baş prokurorluğun açdığı cinayət işi əsasında bazar günü jurnalist Əvəz Zeynallıvəkil Elçin Sadıqov barədə məhkəmənin həbs qərarı verməsi ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub.

Baş prokurorluq onları “rüşvət almaqda” təqsirli bilsə də, Əvəz ZeynallıElçin Sadıqov bu ittihamla razılaşmayıblar.

BBC News Azərbaycancaya danışan hüquq müdafiəçiləri prokurorluğun təqsirləndirilən şəxslər barədə irəli sürdüyü maddələri əsassız sayırlar.

Həbs edilən şəxslərin yaxınları isə bildiriblər ki, onların həbsi “sifarişlidir və siyasi xarakter” daşıyır.

Hər iki şəxsin həbsi ilə bağlı bazar ertəsi ictimaiyyət nümayəndələri Müsavat partiyasının qərargahında konfrans keçirib və tədbir çərçivəsində Əvəz ZeynallıElçin Sadıqovun Hüquqlarının Müdafiə Komitəsi yaradılıb.

Milli Məclisin İnsan haqları komitəsinin üzvü Hikmət Babaoğlu deyir ki, Azərbaycanda hökumət kimlərinsə həbs edilməsində “maraqlı deyil”, ona görə də deputat istintaqın sonunu gözləməyi təklif edir.

Baş Prokurorluq bu gün yaydığı açıqlamasında bildirib ki, mediada yayılan məlumatlar və prokurorluğa daxil olan müraciət əsasında aparılan araşdırma nəticəsində Əvəz Zeynallı və Elçin Sadıqov cinayət məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir neçə gün öncə haqqın.az saytının Baş redaktoru, hökumətyönlü jurnalist Eynulla Fətullayev iddia edib ki, jurnalist Əvəz Zeynallı həbsdə olan iş adamının ailəsindən yüksək məbləğdə – 20 min manat pul tələb edib və bunun müqabilində onu tənqid etməyi dayandıracağını bildirib. Əvəz Zeynallı bu iddiaları rədd edib, tərəfdarları isə səs yazısında rüşvət almaqla bağlı heç bir sübut olmadığını deyiblər.

Əvəz Zeynallı və Elçin Sadıqov nə ediblər?

Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı BBC News Azərbaycancaya bildirib ki, jurnalistin həbsi “siyasi xarakterlidir”.

Məlahət Zeynallı buna səbəb kimi yoldaşının öz çıxışlarında “Tərtər işi” ilə bağlı məsələləri işıqlandırdığını, bundan əlavə, Gəncə məhbusları və Tovuz məhbusları, bir sözlə hüququ pozulan hər kəsə tribuna verdiyini göstərib.

O, prokurorluq əməkdaşlarının jurnalistin evində və ofisində axtarışlar aparmasını isə “məxfi sənədlərlə” bağlı olduğunu bildirib.

“Prokurorluq evdə axtarışa başlamazdan bir neçə gün əvvəl Əvəz çıxışlarında demişdi ki, hazırda vəzifədə olan şəxslərlə bağlı onda bir çox məxfi sənədlər var. …Prokurorluq evdə axtarış aparanda da fikirləşdik ki, yəqin həmin sənədləri axtarırlar”, – Məlahət Zeynallı deyib.

Lakin o bildirib ki, Əvəz Zeynallı həmin sənədləri evə gətirməyib, prokurorluq əməkdaşlarının evdən apardıqları sənədlər isə vətəndaşların şikayət məktubları və məhkəmə qərarları olub.

Məlahət Zeynallı əlavə edib ki, qurum nümayəndələri Əvəz Zeynallıya və onun özünə məxsus kompüterləri, övladlarının təhsil haqları və kitab satışından əldə edilən gəlirləri də götürüblər.

Vəkil Elçin Sadıqovun həyat yoldaşı Zibeydə Zəkəriyyəyeva da hesab edir ki, Elçinin həbsi onun peşə fəaliyyəti ilə bağlıdır.

O bildirib ki, vəkil Sadıqov daha çox siyasi motivli işlərə baxması və onun müdafiə etdiyi şəxslərin əksəriyyəti barədə Avropa Məhkəməsindən müsbət cavabların gəlməsi ola bilsin onu “hədəfə çevirib”.

Həbs edilən jurnalist və vəkilin yaxınları onların 20 min manat rüşvət almaları ilə bağlı iddiaları təkzib ediblər.

Bazar ertəsi açıqlama yayan Baş Prokurorluq bildirib ki, “Xural Yayınları” MMC-nin baş redaktoru Əvəz Zeynallı “Baku Steel Company” şirkətinin hazırda həbsdə olan keçmiş sədri Rasim Məmmədovun yaxınlarından cəmiyyətdə onun “müsbət imicini formalaşdırmaq məqsədi ilə 2022-ci ilin avqustunda 20 min manat rüşvət alıb”.

Prokurorluğun bəyanatında Rasim Məmmədovun vəkili Elçin Sadıqovun rüşvətin alınmasında “vasitəçilik etdiyi” qeyd olunub.

Elçin Sadıqov ofisindəki axtarışdan sonra

Səs yazısında nədən danışılır və o necə yayılıb?

Məlahət Zeynallının sözlərinə görə, keçmiş şirkət rəhbəri Rasim Məmmədov vəkil Elçin Sadıqovdan xahiş edib ki, Əvəz Zeynallı onu daha tənqid etməsin, əksinə əgər bacarırsa, ona köməklik göstərsin.

“Əvəz Zeynallı da deyib ki, mən bu adamı hər zaman tənqid etmişəm. Hətta son çıxışında Əvəz Zeynallı Rasim Məmmədovu nəzərdə tutaraq deyib ki, “dünən fərman verən, bu gün can verir”. Əgər iddia edildiyi kimi həqiqətən ortada rüşvət məsələsi olsa idi, Əvəz Zeynallı heç vaxt Rasim Məmmədov haqqında belə ifadə işlətməzdi”, – Məlahət Zeynallı bildirib.

Gözdən qaçırmayın:  “Mayka” söhbətinin axırı pis qurtardı – İşdən çıxartdılar

Jurnalistin həyat yoldaşı deyib ki, Əvəz Zeynallı Whatsapp-da göndərdiyi və rüşvətlə bağlı danışdığı iddia olunan səs yazısında, həmin məxfi sənədlərin qaytarılmasını nəzərdə tutub.

Məlahət Zeynallı güman edir ki, Əvəz Zeynallının səsini vəkil Elçin Sadıqov Rasim Məmmədovun həyat yoldaşına göndərib, o da səsi ailəyə yaxın şəxslərə ötürüb, nəticədə bu mediada yayılıb.

Bu iddialarla bağlı Baş prokurorluqdan cavab almaq mümkün olmayıb.

Reaksiyalar necədir?

Hüquq müdafiəçisi Anar Məmmədlinin fikrincə, Əvəz Zeynallıya və Elçin Sadıqova qarşı qaldırılan rüşvət ittihamında tutarlı faktlar yoxdur və onlar barəsində həbs qətimkan tədbiri seçilmədən də bu prosesi davam etdirmək mümkün idi.

“Lakin baş verənlər onların həbsinin siyasi sifariş olduğunu göstərir və Elçini, eləcə də Əvəz Zeynallını təcrid etməklə onları cəzalandırmağa çalışırlar. Əslində Rasim Məmmədovun müəyyən məlumatlardan bəhs etməsi də prokurorluğun atdığı addımların siyasi mahiyyətini üzə çıxarır”, – Anar Məmmədli deyib.

Əvəz Zeynallı
Əvəz Zeynallı ofisində axtarışdan sonra. Orda olan hüquq müdafiəçilərinin sözlərinə görə, Xural TV-nin rəhbəri öz maşını ilə prokurorluq işçilərini müşayiət edib.

Əvəz Zeynallının vəkili Aqil Layıc BBC News Azərbaycancaya müsahibəsində, prokurorluğun bu şəxsləri vəzifəli şəxs kimi təqdim etməsini “cəfəngiyyat” adlandırıb.

Onun sözlərinə görə, “Xural Yayınları MMC” Əvəz Zeynallının təsis etdiyi müstəqil şirkət olaraq buklet və kitapçaların nəşri, lüğətlərin və ensiklopediyaların hazırlanması xidmətini göstərib və cəmiyyətin qeydiyyatının əsasları da bu olub.

Aqil Layıc qeyd edib ki, bu şirkətin Əvəz Zeynallının jurnalistik fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur və onun fəaliyyət sferası başqadır.

“Şəxs rüşvət alarkən ya vəzifəli şəxs olmalı, ya da rüşvət aldığı iddia edilən şəxslər barəsində hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab edilə bilər. Nəticə, de-jure olaraq Əvəz Zeynallının jurnalistika fəaliyyəti MMC ilə bağlı deyildir, vəzifəli şəxs hesab edilə bilməz”, – vəkil bildirib.

Elçin Sadıqovun vəkili Şəhla Hümbətova isə bildirib ki, istintaqı Baş prokurorluğun istintaq idarəsi apardığı halda, qərarın icrası Dövlət Təhlükəsizlik Xidmətinə həvalə edilib, ona görə də, onlar həbslərini dövlət təhlükəsizlik xidmətində keçirirlər.

Bununla belə, o deyib ki, hazırda vəkil Elçin Sadıqovun həbs edilməsi ilə bağlı heç bir hüquqi əsas yoxdur.

Müsavat, həbs, jurnalist, vəkil, insan haqları
Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı Müsavat partiyasının qərargahında keçirilən konfrans çərçivəsində təqsirləndirilən şəxslərin hüquqlarının müdafiə komitəsi təsis edilib

Bir qrup ictimaiyyət nümayəndəsinin bazar ertəsi Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı Müsavat partiyasının qərargahında keçirdikləri konfrans çərçivəsində təqsirləndirilən şəxslərin hüquqlarının müdafiə komitəsi təsis edilib.

Komitənin həmsədri Bəxtiyar Hacıyev BBC News Azərbaycancaya bildirib ki, konfrans iştirakçıları həm Əvəz Zeynallının, həm də vəkil Elçin Sadıqovun hüquqlarının müdafiəsi istiqamətində həm hüquqi, həm də sosial-siyasi sahələrdə əməli tədbirlərin həyata keçirilməsinə qərar veriblər.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu, hüquqi araşdırmaların nəticəsi olmadan, bununla bağlı hər hansı şərhi hüquqi prosedurlara müdaxilə kimi qiymətləndirib.

“Düşünmürəm ki, Azərbaycan hökuməti səbəb olmadan kimlərisə həbs etdirməkdə maraqlıdır. Əgər həbsi zəruri edən səbəb varsa, o zaman insanların hansı peşənin sahibi olmasının da əhəmiyyəti qalmır. Mən də onların həbsinə təəssüf edirəm, amma biz yenədə hüquqi nəticəni gözləməliyik ki, onların həbs səbəblərini dəqiq bilək”, – millət vəkili əlavə edib.

Rüşvət almaqda təqsirləndirilən şəxslərin hər ikisi barələrində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsi qarşısında vəsatət qaldırılıb.

Əvəz Zeynallının apelyasiya şikayətinə çərşənbə axşamı saat 11-də baxılacaq, vəkil Elçin Sadıqovun apelyasiyasının tarixi isə hələlik məlum deyil.

2011-ci ildə rüşvət almaq ittihamı ilə həbs edilən Əvəz Zeynallı iki ildən sonra 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2014-cü ildə əfv fərmanı ilə azadlığı çıxıb. Əvəz Zeynallı ittihamları həmişə rədd edib. O vaxtlar hüquq müdafiəçiləri jurnalistin həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu deyiblər.

24 saat” “Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi: Cinayət, yoxsa siyasi motiv?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button