2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Əyninə kəfən geyinmişlərin partiyası

Qənimət Zahid

Xalq Cəbhəsinin qurultayı gündəmdə olan ən ciddi siyasi hadisədir. Cəbhəçilər də, onların tərəfdarları da, Xalq Cəbhəsi ilə qərəzi- ədavəti olanlar da, bir az “hazırcavab” görünmək və ya sadəcə sancmaq xatirinə adlarını kitab- dəftərə salmaq istəyənlər də, trollar da bu siyasi hadisə barədə nəsə yazırlar.
İlk növbədə, əlbəttə, təbrik edirəm. Cəbhəçilər fədakar insanlardır, qorxmaz və cəsarətlidirlər. Hətta partiya adı ilə ictimai fikirdə cövlan edən bir çox “miyanə” təşkilatların da ya qapadıldıqları, ya “konfiqurasiyalaşdırıldıqları” bir zamanda, hökumətin alternativ siyasi mərkəzləri sancı ilə qarşıladığı çağda ölkənin ən böyük siyasi güc mərkəzini ayaqda saxlamaq çətin məsələdir. Qurbanlar da verilir, ağır basqılar altında itkilər də olur, amma təşkilat ayaqdadır, öz qürurunu və əzəmətini qoruyub saxlayır, böyüyür.
Bəlkə də əsnək yorumlara diqqət etməli deyildim, dediyim kimi, isti bir təbriklə dostların sevincini bölüşməklə kifayətlənmək də olardı. Amma yanlış və ya qərəz üzündən yalanları da boş vermək olmaz.
Mən diqqət edirəm, bir çoxları öz tənqidlərini bircə tezisin üzərində qurublar: Əli Kərimli yenə də AXCP sədri seçildi.
Jurnalist Əfqan Muxtarlının qurultayla bağlı təbrik yazısında belə bir hissə vardı:
“… İndi Azərbaycanda real müxalifət partiyasında sədr və digər rəhbər vəzifələrə seçilmək əyninə kəfən geymək kimidir…”.

Saytların yığılması Saytlarin yigilmasi

Xalq Cəbhəsində cəsarətli, intellektli, prinsipal insanlar çoxdur. Bu baxımdan “o kəfəni geyməyə” hazır olan insanlar da az deyil. Amma axı, məsələ bununla yekunlaşmır. Sərt repressiv bir rejimin varlığı şərti ilə cəmiyyətin etiraz potensialının mühüm bir kəsimini təşkilatlandırmaq, bu təşkilatı idarə etmək, təşkilata və onun hər bir üzvünə motivasiya vermək, təşkilatlanmış bu etiraz toplumunu avtoritar rejimin az qala hər gün düzdüyü “minaların” arasından keçirməklə öndəki hədəfə doğru yönəltmək, təşkilatın prioritetlərini qurban vermədən cari siyasi proseslərin nəbzini də buraxmamaq,.. bütün bunlar partiyanın rəhbər korpusunun və şəxsən sədrin üzərinə böyük məsuliyyət qoyur.
Xalq Cəbhəsi mübariz insanların təşkilatıdır. Burada siyasi yetkinliyi üst səviyyədə olan çoxlu insanlar var. Onların arasında bu böyük siyasi təşkilatın təmsilçisi olaraq sədr postuna layiq ola biləcək şəxslər də az deyil. Amma bütün bunlar yalnız şəxsi siyasi keyfiyyətlərlə həll olunmur. Elə buna görə də həmin o funksionerlərin özləri də, bütün qurultay nümayəndələri də hesab edirlər ki, Əli Kərimli bu təşkilatın sədri olaraq qalmalıdır. Yalnız qurultay nümayəndələri də deyil, bütün cəbhəçilər arasında sorğu keçirilsə mütləq əksəriyyət bu seçimdən yana olduğunu təsdiq edəcək.
Nə Xalq Cəbhəsi Partiyasının, nə də hər hansı başqa siyasi təşkilatın fəaliyyətində qatqısı olmayan, bir çox hallarda isə fərdi etirazlarını “peşəkar siyasətçi” məqamında təqdim edən, yaxud ümumiyyətlə ictimai- siyasi təşkilatlanma prosesində sadəcə “yan xətt” hakimi kimi görünməkdən bayılan insanlar “bu, demokratik deyil” kimi qanadsız cümlələri qura bilərlər. Məncə, belə dostlar bir az kənarda məşq etsələr yaxşıdır. Özünü hər cür təşkilatlanmadan kənarda təsəvvür edən insanların təşkilat quruculuğu və idarəçiliyi haqqında təsəvvürləri mötəbər mühakimə sayıla bilməz.
Mən belə düşünürəm ki, indiki mərhələdə Xalq Cəbhəsi Partiyası üçün Əli Kərimlidən daha uğurlu sədr yoxdur. Üstəlik, partiyada hər kəs belə düşünürsə, bu seçim elə bu cür də olmalıdır.
Xalq Cəbhəsi qabarıq təşkilatdır, o, siyasi müstəvinin bütün nöqtələrindən görünür. Buna görə də AXCP- yə qarşı tənqidləri mən şəxsən normal qarşılayıram.
Amma əsas məsələ hətta o da deyil ki, kimsə öz tənqidlərini doğru arqumentləşdirir, yoxsa ümumiyyətlə, arqumentlərə ehtiyac görmür. Əsas məsələ, hətta o da deyil ki, kimsə AXCP- ni tənqid edir, ya etmir. Cəmiyyətin qayğıları- dərdləri başqadır. Bu qədər dərdi- azarı olan cəmiyyətdə özünü ağıllı və ya mötəbər sayan insanlar “avtoritar rejimə qarşı mübarizə mərkəzini (mərkəzlərini) daha necə gücləndirmək mümkündür” sualı ilə ilgilənsinlər.
Xalq Cəbhəsindən daha güclü təşkilat yaratmaqla, yoxsa elə bu təşkilatı daha da gücləndiməklə? Paralel və daha güclü bir təşkilat qurmaq mümkün olmayacq. Eksperimentlər üçün uğraşaraq boşuna enerji xərcləyənləri də görə bilirik, məyus olanları da, qırılanları da, başqalarını da.
Nəyə görə mümkün olmur sualı da başqa maddədir, bunu başqa zamanlarda mübahisələndirmək olar.
Cəmiyyətin əsas diqqəti indi prinsipal mövqelərini qoruyub saxlayan, sonuncu qurultayla da, məhz, bu faktı bir daha Azərbaycan cəmiyyətinə nümayiş etdirən AXCP- ni daha necə gücləndirmək sualı üçün cəbhəçilərin hamısı düşünür, fəaliyyət göstərir, örnəklər yaradırlar. Bu təşkilat öz üzvlərinin eqosunu təsdiq etmək üçün deyil. Azərbaycan cəmiyyətinə zəruri, vazkeçilməz dərəcədə zəruri olan siyasi alternativi təqdim etmək üçündür.
Ya onu gücləndirmək haqqında düşünməliyik, ya “paralel tezlikdə” hansısa başqa bir siyasi mərkəz qurmalıyıq, ya da diktaturanın iştahasının selikli qişasında həzm olunaraq dağılışıb getməliyik.
“Paralel frekans”da başqa bir mərkəz qurmaq imkanı sıfra bərabərdir. Meydanda olan siyasi təşkilatı gücləndirmək qalır.
Cəbhəçilər bu prosesin mərkəzindədirlər.
Daha nəsə gərəkdirmi?

Azadlıq Qəzeti

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button