XX əsrin sonuncu “XAÇ ATA”sı – Bulqer FTB-ni barmağına necə dolamışdı
Onun həbsi bütün dünya üçün sensasiya idi. Zarafat deyil, XX əsrin ən sonuncu və ən qüdrətli qanqsteri məhkəmə qarşısına çıxarılacaqdı. Prosesdə iştirak etməyə yüzlərlə jurnalist, kriminalist can atırdı. Sonuncu əfsanənin məhkəməsini izləmək üçün…
Söhbət Ceyms Bulqerdən gedir.
24saat.org saytı bildirir ki, o Boston küçələrində İtalya və İrland bandaları arasında gedən qanlı müharibələrin sağ qalan yeganə şahidi idi.
Bulqer Boston kriminal aləminin kralı idi. Onun adı FTB-nin siyahısında Üsamə Bin Ladenlə eyni sırada idi. Başına xeyli pul qoyulsa da, axtarışları uzun müddət nəticə verməmişdi.
Zirvəyə doğru
Bulqerin atası limanda fəhlə, anası irlandiyalı miqrant idi. Ailə çox kasıb yaşayırdı. Yemək tapmaq üçün Bulqer kiçik yaşlarından küçələrə düşmüşdü. 14 yaşında silahlı qarətə görə həbs olundu. Ancaq yaşı az olduğu üçün islah işlərinə göndərildi.
5 il sonra o ABŞ ordusu sıralarına yollanır. Ancaq bir neçə ay keçmiş nizamnəməni pozduğu üçün tribunala verilir və ordu sıralarından 1956-cı ildə qovulur.
Az sonra yenə silahlı basqın ittihamı ilə həbs olunur. Davakar xarakterinə görə onu məşhur Alkatras həbsxanasına yollayırlar. O həbsxanadan 1965-ci ildə çıxır. Həbsxanada olarkən kriminal aləmlə əlaqələr qurur, avtoritet qazana bilir.
Bostona qayıdan gənc mafioz öz bandasını qurur. Həmin vaxt şəhər artıq müxtəlif qruplaşmalar arasında bölünmüşdü. Əgər pay istəyirdinsə, müharibə elan etməliydin. Bulqer heç nədən çəkinmirdi. Beləliklə, şəhərdə bandalar arası müharibəsi başladı.
Məsələ ondadır ki, Bulqer həm də FTB-nin gizli agenti idi. Ancaq bu əlaqədən Ceyms öz maraqları üçün istifadə edirdi. Faktiki olaraq FTB-ni barmağına dolamışdı. Sərf etməyən, özünə rəqib olanları FTB-yə satırdı, yaxud özü aradan götürürdü. Faktiki olaraq bütün düşmənərini məhv edib Boston kriminalının zirvəsində yer almışdı.
19 qətl və həbs qərarı
Bulqer əsil yırtıcı idi. O vaxtın mafioziları arasında spirtli içki içməyən, siqaret çəkməyən, kokain iynəmiyən qanqsterlərə çəp baxırdılar. Bu Ceymsin vecinə deyildi. Sağlam həyat tərzi sürürdü. Narkotik və içkidən uzaq idi. Bəlkə elə bu səbədən 90-cı illərin ortalarına kimi imperiyasını qoruyub saxlaya bilmişdi.
1995-ci ildə FTB Bulqeri həbs etməyə hazırlaşırdı. O, təkcə Cənubi Bostonda 19 qətl hadisəsində şübhəli bilinirdi. FTB-də əməkdaşlıq etdiyi xəfiyyələrdən biri Bulqeri həbs olunacağı ilə bağlı xəbərdar edir.
Ceyms kinolardakı kimi əlində avtomatla oturub həbs olunacağını gözləmir. Sadəcə olaraq rəfiqəsi Ketrin Qreyqlə aradan çıxır.
Təqaüdçünün həbsi
2010-cu ildə FTB xəfiyyələrinə məlumat daxil olur ki, Bulqer plastik əməliyyat keçirib və üz görünüşünü tamamilə dəyişib. Agentlər dünya üzrə bütün plastik cərrah həkimləri ilə işə başlayır. Ancaq nəticə olmur.
2011-ci ildə isə xəbər çıxır ki, Bulqer vəfat edib. Bu xəfiyyələrin işini lap çətinləşdirir.
Axtarışlara ABŞ Federal Marşal Xidmətinin əməkdaşları da qoşulur. Bu nəhayət ki, öz nəticəsini verir.
Son 10 il ərzində Santa Monika şəhərində Çarli və Kerol Qasko adlı yaşlı cütlük yaşayırdı. Adi qoca həyatı, gündüzlər sahildə gəzir, axşamlar evdə televizora baxırdılar. Qonşular onları çox mədəni insan kimi xarakterizə edirdi. Əsil təqaüdçü həyatı. Lakin günlərin birində bu təqaüdçülərin evi FTB xəfiyyələri tərəfindən mühasirəyə alınır.
Çarli Qasko elə Ceyms Bulqer idi. O, sakitcə təslim oldu. Ahıl yaşında gizlənməkdən bezmişdi.
FTB əməliyyatı ilə qürrələnirdi. Canlı əfsanə məhkəmə kürsüsündə idi. Məhkəmədə 81 yaşlı mafiya bossunun 11 qətldə əli olduğu sübut edildi.
İki ömürlük həbs cəzasına məhkum edilən Bulqer 2014-cü ildə Floridadakı həbsxanaya göndərildi.
İlqar Atabəyli