2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycanın neftlə varlanmış diktaturasının Londondakı lobbiçiləri

Böyük Britaniyanın beynəlxalq ticarət üzrə yeni naziri Liam Foqs Bakıdakı hakim rejimlə sıx əlaqələrdən xeyli faydalanıbmış.

Bu haqda avqustun 7-də “The Guardian” qəzeti yazıb. Azadlıq Radiosu “The Guardian”a istinadən məlumat verir ki, 2013-cü ildə Liam Foqsun qloballaşma problemlərindən bəs edən “Qabarmalar” (“Rising Tides”) adlı kitabı çapdan çıxıb. Məqalənin müəllifi Nik Kohen yazır ki, Liam Foqs kitabı elə bil görüşlər arasında telefona diktə edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Qabarmalar” məqsədsiz, və dolanbac bir iş sayıla bilər. Kitab satışının monitorinqini aparan “Nielsen International”dan deyiblər ki, kitabın ingilisdilli versiyası Böyük Britaniyada çox az, cəmi 1723, ingilisdilli xarici bazarlarda isə 1876 nüsxədə satılıb.

 

BAKIDA PREZİDENTLƏ DƏ GÖRÜŞÜB

“Azərbaycanın neftlə varlanmış diktaturası Londondakı lobbiçiləri vasitəsilə Foqsa 5 min 700 funt sterlinq ödəyib. Azərbaycandakı rejimin səxavəti bununla bitməyib. 2015-ci ilin fevralında rejim onun və köməkçisinin İstanbula səfərini təşkil edib. Foqs burada kitabının təqdimatını keçirib, dəbdəbəli oteldə qalıb.

“4-günlük səfər 3 min 579 funt sterlinqə başa gəlib”, – yazan müəllif Foqsun 2014-cü ilin sentyabrında Bakıda olduğunu, prezident İlham Əliyevlə görüşdüyünü də yada salır.

“İlham Əliyev 1993-cü ildə hakimiyyəti ələ keçirmiş Heydər Əliyevin oğludur. “Panama sənədləri” üzə çıxardı ki, Əliyevlərin və yaxınlarının ofşor hesablarda 490 milyon dollarlıq sərvəti var. Bu pulun hara sərf olunması ilə maraqlanan vətəndaşlar özlərini riskə atmış olurlar. Rejim tənqidçilərini həbsə atdırıb, müxalifət qruplarının bank hesablarını dondurub, ifadə azadlığını boğub.

Foqsun gülünc ikiüzlülüyü barədə danışmaq istərdim. O, britaniyalıları Avropa Birliyindən çıxmağa çağırırdı ki, “seçki qutuları vasitəsilə deputatları qova bilək”. Amma Azərbaycan xalqının belə bir azadlığı yoxdur. O, “Qabarmalar” kitabında “qanuni sayılan azadlığı” müdafiə etməyə çalışıb. Azərbaycanda isə azadlıq deyilən şey yoxdur, bircə hakim qanqsterlər oğurlayır və hədə-qorxu gəlirlər və toxunulmaz qalırlar”.

VAXTİLƏ KREML DƏ BELƏ EDİRDİ

Yazıda qeyd olunur ki, cəmi bir neçə ay öncə, Foqs “biabır olmuş keçmiş müdafiə naziri Liam Foqs” idi, heç kim idi, nazirlik etikasını pozması iddiaları üzündən istefaya məcbur olmuşdu. Dostu, özünü onun müşaviri kimi aparan Adam Verittiyə bəxşişlər verdiyi söylənirdi.

“”Brexit” onu hökumətə qaytardı. Baş nazir Tereza Mey ona bütün dünyada demokratlar və diktaturalarla ticarət sövdələşmələri bağlamağı tapşırıb. Azərbaycandakı korrupsioner diktatura da bu sıradadır”,- deyə müəllif yazıb.

“Onun və bizim problemimiz də bundadır. Foqsun yazdığı kitab adi bir futbol meydançasını dolduracaq sayda oxucu qazanmayıb. Heç kəs bu kitabı fransız, ispan, çin, hindu, yaxud dünyanın hər hansı böyük dilinə çevirmək ehtiyacı duymayıb. Bircə Azərbaycan Foqsa pul verib kitabın hüquqlarını almaq istəyib. Kitab və qəzet almaq xaricdəki rəğbət bəsləyənləri dəstəkləməkdən ötrü köhnə sovet metodudur. Kreml vaxtilə Britaniyanın kommunist nəşri olan “Morning Star”ın gündə 6 min nüsxəsini alırdı. “Soyuq müharibə” dövründə Moskvada kiminsə bu qəzeti oxumaq istəməsini ağla gətirmək qəliz məsələydi. Amma Moskva bu yolla diktaturanın dostlarının cibinə pul qoyurdu”, – yazıda qeyd olunur.

VERGİÖDƏYİCİLƏRİN PULU

Müəllif vurğulayır ki, Foqs hərəkətləri ilə Azərbaycandakı diktaturanın dostu olduğunu göstərir. Onun 2016-cı ilin yanvarında baş nazir Deyvid Kameronun Avropa məsələləri üzrə naziri olan Deyvid Lidinqtonla bir deyişməsi diqqət çəkir. Lidinqton deputatlara deyirmiş ki, ifadə və digər azadlıqların irəli aparılmasından ötrü AB-nin 28 üzvü birlikdə olmalıdır. Lidinqtonun sözlərinə görə, AB ölkələri Səudiyyə Ərəbistanında edamlara qarşı çıxır, Azərbaycanda insan haqları pozuntularını pisləyirdi. Amma Foqs çıxışında demokratik azadlıqlar söhbətinə toxunmayıb, söyləyib ki, diqqəti AB-nin insan haqları kampaniyaçılarının vergi ödəyicilərin pulunu necə israf etməsindən danışmaq istəyir. O, deyib ki, AB-nin aşırı bürokratik xərclərindənsə, “bu pulu özümüz xərcləsək, daha yaxşı olar”.

Müəllif Foqsdan soruşub ki, kitab pulunu Azərbaycan prezidentinə dəstəyinə mükafat kimi alıb, yoxsa bu, normal bir nəşr müqaviləsi olub? Əgər ikincidirsə, Azərbaycanda kitabın neçə nüsxəsi satılıb? Foqsun sözçüsü bunun bir nəşr müqaviləsi olduğunu və “Qabarmalar” kitabının tərcümə hüququnun lisenziyasını nəzərdə tutduğunu bildirib.

TOYUQ HİNİNDƏ TÜLKÜLƏR

Amma müəllif qeyd edir ki, həmin müqavilə normal nəşr sazişi sayıla bilməz. Çünki naşirlər bu sahədə oturuşmuş şirkət deyil, özünü müstəqil adlandıran Avropa Azərbaycanlıları Cəmiyyətidir (TEAS). Foqsun uçuş və otel xərclərini də bu cəmiyyət ödəyib. Rejimin lobbiçilik və təbliğat qanadı Vestminsterdə bahalı ofisdə yerləşir, siyasətçilərə, reklamçılara pulları da burdan ötürür. Sözçü britaniyalıların gözardı etdiyi bu kitabın Azərbaycanda neçə nüsxəsinin satıldığını da açıqlamayıb.

“Sövdələşmələrə can atan Britaniya Səudiyyə Ərəbistanı, Azərbaycan, Çin, yaxud başqa bir ölkədə insan haqları məsələsini qaldırmağa ürək eləməz. Foqs ucuzlaşdığımız zəmanənin adamıdır. Onun Azərbaycanla münasibətləri göstərir ki, bacarsa belə, həmin məsələləri qaldıran deyil. Gələcəyimiz qürurlu və müstəqil görünmür, əksinə, tutqun və çirkin olacaq, pis hökumətlərlə bağlanmış pis sazişlərlə doldurulacaq; gələcəkdə toyuq hinini tülkülər idarə edəcək”, – müəllif yazır.

Hakimiyyət təmsilçiləri, adətən, ölkədə təməl insan hüquq və azadlıqlarının pozulması barədə tənqidləri qəbul etmir, bütün vətəndaşların hüquqlarının tam qorunduğunu bildirir.

Liam Foqs britaniyalı konservativ siyasətçidir. O, 2016-cı il iyulun 19-dan Britaniyanın ticarət naziri vəzifəsini icra edir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button