Gündəm

Avropa Məhkəməsi Azərbaycanla bağlı qərarlar verdi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyunun 10-da Azərbaycanla bağlı üç qərarını elan edib. Məlumatı aihmaz.org saytı yayıb.

Emin Ələkbərov və daha 6 nəfərin işinə baxan AİHM hesab edib ki, ərizəçilərə münasibətdə azadlıq və toxunulmazlıq hüququnun (Maddə 5.1) pozuntusuna yol verilib. Qərara əsasən, hökumət 7 ərizəçinin hər birinə 3000 avro (ümumilikdə 21000) təzminat ödəməlidir. Qərarda həmçinin, xərc və məsrəflərə görə ümumilikdə 1000 avro ödənilməsi nəzərdə tutulur. Bu iş Səid Nursi dini təriqətinin 7 təmsilçisinin şikayəti ilə bağlı idi. Hadisə 2015-ci ildə Gədəbəy rayonunda baş verib. İddia edilirdi ki, təriqət üzvlərinin toplaşdığı evə 25 nəfərə qədər rəsmi şəxs basqın edib. Onlar polisə aparılıblar və bir gecə orda saxlanılıblar. Onlar ertəsi gün yenidən polisə aparılıblar və ictimai qaydanı pozmaq əsası ilə inzibati qaydada cərimə ediliblər. Yuxarı məhkəmələr bu cəzanı qanuni saymışdı. Ərizəçilər iddia edirdilər ki, onların azadlıq və toxunulmazlıq (Maddı 5), ədalətli məhkəmə araşdırması (Maddə 6), dini etiqad azadlığı (Maddə 9) hüquqlarına müdaxilə olunub.

“Vidadi İnsanov Azərbaycana qarşı” işində tərəflərin dostca anlaşdıqları deyilir. Anlaşmaya əsasən, hökumət ərizəçiyə 5000 avro təzminat, 1000 avro xərc və məsrəf əvəzi ödəyəcək. Bu şikayət ərizəçinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı idi. Ərizəçi ona münasibətdə hərəkət azadlığı hüququnun pozuntusuna yol verildiyini iddia edirdi.

AİHM Azərbaycanla bağlı bir işin isə baxılacaq şikayətlərin siyahısından çıxarılmasına qərar verib. Bu il martın 31-də ərizəçi şikayətini davam etdirmək istəmədiyini bildirib. Bu iş Şahdağ Milli Parkındakı Bazardüzü dağına səyahət etmək istəyən ərizəçinin əngəllənməsi, onun adının səyahətçilərin qara siyahısına salınması ilə bağlı idi. Ərizəçi məhkəməyə şikayət etsə də, onun iddiaları rədd olunmuşdu.

24 saat” “Avropa Məhkəməsi Azərbaycanla bağlı qərarlar verdi” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button