Loading...
Loading...
Xəbərlər

Azərbaycan AİHM-nin seçkilərlə bağlı şikayətlər üzrə qərarlarını yerinə yetirir?

Bakı/07.01.22 Gələn həftə Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Azərbaycandan göndərilmiş 15-dən çox ərizə üzrə yekun qərarlarını elan edəcəyi gözlənilir.

Onlardan biri Ümid Partiyasının sədri İqbal Ağazadənin parlament seçkilərinə aid şikayətlə bağlıdır.

Avropa Məhkəməsi bundan əvvəl də azad seçki hüququ ilə bağlı qərarlar qəbul etmişdi. Onların hamısında məhkəmə seçkilər zamanı pozuntuların baş verdiyini tanıyıb.

Bu vaxta qədər AİHM-də Azərbaycanda seçki pozuntularının tanındığı nə qədər qərar olub? Onların kompensasiyadan başqa hansı təsir imkanları var? Azərbaycan höküməti həmin qərarları icra edirmi?

Milli Məclisin deputatı Fazil Mustafa Turan-a bildirib ki, adətən digər kateqoriyadan olan, yəni mülkiyyətlə və yaxud da qanunsuz həbslərlə bağlı məhkəmə qərarları varsa, Azərbaycan höküməti kompensasiya ödəyir və bəraət verir. “Son vaxtlar bunun nümunələri də oldu. NİDA, REAL üzərindən bunu gerçəkləşdirdilər”.

Onun sözlərinə görə, digər məsələlərdə isə ardıcıllıqla əsas kompensasiyanın ödənilməsi nəzərdə tutulur. “Çünki hansısa bir proses başa çatandan sonra onu geri qaytarmaq problemli məsələdir. Heç bir dövlət onu həyata keçirməyə o qədər də meylli olmur. Digər tərəfdən, həmin o kompensasiya hissəsi vətəndaşın pozulmuş hüquqlarına adekvat olaraq məbləğ formasında məhkəmə tərəfindən təyin olunur”

Deputat deyir ki, məhz ona görə də daha çox kompensasiya hissəsinə baxılır. “Çünki prosesi geri çevirmək olmur. Məsələn, kimsə hansısa dairədən seçilib və seçilməyən şəxs məhkəməyə müraciət edir, üstündən 2-3 il keçir və bu müddət ərzində o biri şəxs orada hüquq sahibidir. İndi onun hüququnun pozulmasından söhbət gedə bilər, yenidən o da məhkəməyə müraciət edə bilər. Ona görə də doğru olan elə kompensasiya hissəsinə diqqət yetirilməsidir”.

F.Mustafanın fikrincə, islahatlarla bağlı, cəmiyyət həyatında müəyyən bir konsensus kimi məsələlərlə bağlı gələcəkdə addımların atılması də tələb oluna bilər.

Vəkil Əsabəli Mustafayev isə Turan-a bildirib ki, ilk şikayətlər 2005-ci ildə keçirilən parlament seçkiləri ilə bağlı idi. “Seçki hüququnda yalnız parlamentə seçkilər nəzərdə tutulur. Elə 2005-ci ildən başlayaraq göndərilən 100-dən çox şikayətdə göstərilmiş pozuntular tanınıb”.

Vəkilin sözlərinə görə, şikayətlər əsasən seçki komissiyalarının formalaşması və şikayətlərə baxılması qaydaları ilə bağlıdır. “Biz sübut edirdik ki, komissiyalar elə formalaşdırılır ki, istər-istəməz hökümətin təsiri altına düşür. Şikayətlərə baxılması qaydalarına gəlincə, onlar İnsan Hüquqları Konvensiyanın tələblərinə cavab vermir”.

O qeyd edib ki, Avropa Şurasının bir çox komissiyaları, o cümlədən də Venesiya Komissiyası seçki qanunu ilə bağlı çoxsaylı tövsiyələr vermişdi. “O cümlədən də Avropa Məhkəməsinin qərarları əsasında. Çox təəssüf ki, hökümət 2005-ci ildən başlayaraq indiyə qədər ancaq kompensasiyanın ödənilməsi ilə kifayətlənib. Qərarlarda göstərilən amillərin heç birini icra etmir. Nə seçki komissiyalarının formalaşdırılması qaydalarını, nə də şikayətlərə baxılması qadalarını dəyişdirmir”. -21D06-

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

 

Turan

“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button