Gündəm

Azərbaycan Ermənistandan yayılan bəyanatı qınayır

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti Ermənistan XİN-in bəyanatı ilə bağlı açıqlama yayıb.

Açıqlamada Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) 33 il əvvəl verilən qərardan bəhs edilir.

Qeyd edilir ki, Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) separatçılığın əsasını qoyan 20 fevral 1988-ci il tarixli qeyri-qanuni qərarı dəstəkləyən bəyanatı Ermənistanın hələ də məsuliyyətli davranışdan və beynəlxalq hüququn aliliyi əsasında münasibətlər qurmaqdan uzaq olduğunun göstəricisidir.

Açıqlamada vurğulanır ki, “sözügedən qondarma qərar SSRİ Konstitusiyasına, DQMV haqqında 1981-ci il Qanununa, habelə bütün digər müvafiq normativ hüquqi aktlarla ziddiyyət təşkil edirdi”.

Habelə qeyd edilir ki, separatçıları Ermənistanın dəstəkləməsi bölgədə onilliklər ərzində davam edən böyük dağıntılara gətirib:

“Bu vəziyyət bölgənin uzun illər ərzində dayanıqlı inkişafına, sülh, təhlükəsizlik və tərəqqiyə ciddi əngəl törətdi. Hazırda beynəlxalq hüququn bərqərar olunduğu, işğal faktorunun aradan qaldırıldığı və hərbi əməliyyatlara son qoyulması ilə bağlı razılıq əldə olunduğu bir vaxtda rəsmi Yerevanın yenidən xalqlararası nifaqı qızışdıran açıqlamalarla çıxış etməsi Ermənistan rəhbərliyinin dağıdıcı təfəkkürünün göstəricisidir”.

Nazirlik hesab di ki, “bu yanaşmanın heç bir gələcəyi yoxdur…”

Fevralın 20-də Emənistanın xarici işlər nazirliyi 33 il əvvəl Qarabağda başlanan hadisələrlə bağlı bəyanatla çıxış edib. Bəyanatda Qarabağda baş verənlər Azərbaycanın dəyərləndirdiyi kimi, separatizm yox emənilərin öz müqəddəratını həll etməsi kimi qiymətləndirilir. Bundan başqa rəsmi sənəddə Azərbaycan ermənilərə qarşı təzyiq və ayrı-seçkilikdə ittiham olunur.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Müasir mərhələdə Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul edib. Amma istər Azərbaycan SSRİ, istərsə də SSRİ Ali Soveti bunu müdafiə etməyib.

Münaqişə sözdən döyüşlərə keçib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

“24 saat” “Azərbaycan Ermənistandan yayılan bəyanatı qınayır” başlıqlı yazını “AzadlıqRadiosu“na istinadən dərc edib

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button