Loading...
Loading...
İqtisadiyyat

Azərbaycan manatına təzyiq gələn ilin sonunda artacaq – PROQNOZ

Avropa Mərkəzi Bankının (ECB) monetar siyasətlə bağlı dünən keçirdiyi iclasda stimullaşdırmanın həcmini 2 dəfə azaldaraq ayda 30 mlrd. avroya (35 mlrd. dollar) endirməsi, lakin ilin sonunda tamamlanacaq bu proqramı daha 9 ay uzatması qərarından sonra avronun məzənnəsi əsas rəqibi olan dollarla müqayisədə 200 bəndə yaxın azalaraq 1,1630 səviyyəsinə geriləyib. Başqa sözlə, dolların məzənnəsi 200 bənd yüksəlib.

“Report”un analitik qrupu bildirir ki, dünyanın əsas iki valyutasına təsir edəcək növbəti xəbərlər ABŞ Federal Ehtiyat Sisteminin (FED) yeni təyin olunacaq rəhbərinin kimliyi və FED-in dekabr ayında demək olar ki, hər kəs tərəfindən gözlənilən uçot dərəcəsinin artımı olacaq. FED rəhbərliyinə Con Teylorun seçilməsi dolların məzənnəsini bir qədər də möhkəmləndirərək USD/EUR-un 1,14 səviyyəsinə qədər geriləməsinə səbəb olacaq.

Analitik qrup bildirir ki, dolların möhkəmlənməsi prosesi dekabr ayında səngiyəcək və yenidən tədricən ucuzlaşmağa başlayacaq.

“Dolların möhkəmlənməsi bu mərhələdə manata mənfi təsir göstərə bilməyəcək. Buna səbəb, neft qiymətlərinin yüksək səviyyəsinin qorunub saxlanması olacaq. Ucuz dollar və yüksək neft qiymətləri dövrü yaxın 8-11 ayda davam edəcək. Bu vəziyyət manatın məzənnəsinin sabitliyini qoruyub saxlamağa kömək edəcək. Ucuz dollar və bahalı neft ABŞ iqtisadiyyatının sürətli artımına, inflyasiyanın 2% hədəfinə çatmasına və hətta onu ötməsinə səbəb olacaq. Nəticədə, 2018-ci ilin ikinci yarısından FED-dən uçot dərəcəsini daha iri addımlarla artırmasını gözləmək lazımdır”, – deyə analitik qrup qeyd edib.

“Report”un ekspertləri hesab edirlər ki, Azərbaycan manatına təzyiqlərin 2018-ci ilin IV rübü və daha sonra artması proqnozlaşdırılır: “Qlobal likvidliyin azalması, dolların möhkəmlənməsi və bu səbədən neft qiymətlərinin düşməsi manatın ucuzlaşmasına gətirib çıxaracaq”.

Gözdən qaçırmayın:  "Dilənçiyə" çevrilirlər: 84 milyard dollar zərər, siyahıda Ələkbərov da var

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button