2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azər Qasımlı: “Həqiqi müxalifət partiyaları fəaliyyətlərini dondurmalıdır”

“İlham Əliyev balanslaşdırılmış siyasətdən imtina edib”

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı həftənin ictimai-siyasi prosesləri, həbsləri və seçki ilə bağlı yaranan suallara Meydan TV-də aydınlıq gətirib.

– Azər bəy, Azərbaycanın son 30 ilə yaxın siyasi tarixində həbslər, adətən, seçkidən sonra olurdu, bu dəfə əksinə oldu. Səbəblər nədir, Rusiya-Qərb amili varmı?

Saytların yığılması Saytlarin yigilmasi

– Tamamilə doğrudur. Amma son həbslər yalnız seçkiylə bağlı deyil. Azərbaycanda həbslər nə zaman olub? Birinci, Heydər Əliyev hakimiyyətə gələndən sonra, o da seçki öncəsi və bir qismi də seçki sonrası. Həmin illərdə ilk növbədə siyasətçiləri həbs edirdlər. 2003-cü ildə İlham Əliyev hakimiyyətə gələndən sonra məhz seçkidən sonra həbslər başladı. Elə 20 il əvvəl də siyasətçilər həbs edilirdi. Düzdür, böyük proses olduğundan çox adamı həbs etmişdilər, hətta ictimaiyyətdə tanınmayanları da. Hansı ki nə siyasətçi, nə jurnalist, nə də vətəndaş cəmiyyətinin nümayəndələri idi. İndiki həbs dalğasının seçkiylə heç bir əlaqəsi yoxdur.

– O zaman bu həbslərin pərdəarxası nədir?

– Pərdəarxası səbəblər geopolitikdir. Azərbaycan iqtidarı öz seçimini Rusiyadan yana edib. Təbii ki, bu seçim bir günə olmayıb, tədricən buna gəlib.

– Dedikləriniz informasiyaların nəticəsidir, yoxsa ehtimallardır?

– Təbii ki, ehtimallardır və gedişatı bu şəkildə görürəm. Bir məsələni də xatırladım: əvvəlki repressiyalar dalğası 2013-cü ildə olmuşdu. Onda sivil toplum nümayəndələrini, jurnalistləri həbs edirdilər…

– Daha doğrusu, 2011-ci ildə…

– Bəli. Həmin il dünyada nə baxş verdi?

– “Ərəb baharı…”

– Xeyr, Azərbaycan Assosiativ Sazişi imzalayıb-imzalamaq ərəfəsindəydi. Həmin vaxt Qərb və Rusiya İlham Əliyevlə danışıqlar aparırdı, təzyiqlər vardı. 2014-cü ildə isə “Maydan hərəkatı” və Krımın işğalı baş verdi.

– İlham Əliyev bu günlərdə bildirdi ki, Azərbaycan Avropa Birliyinə üzvlüyü hədəfləməyib…

– Təbii ki, hədəfləməyib. Amma Azərbaycan 2014-cü ildə, elə indi də Şərq Tərəfdaşlığı Proqramının üzvüydü. Bu proqramın sonrakı mərhələsi Assosiativ Sazişin imzlanması idi. Azərbaycan Şərq Tərəfdaşlığı Proqramının üzvü olmaqla irəlidə Avropa Birliyinə üzvlüyü hədəfləyirdi. Həmçinin sənədlərində də bunu qeyd etmişdi.

–  Bəs bu gün Qərb tərəfindən rəsmi Bakıya Şərq Tərəfdaşlığı Proqramı ilə bağlı hansısa təzyiqlər varmı?

– Yox.

– O zaman nədən həbslərə start verildi?

– Çünki hakimiyyət geopolitik seçimini edib, həbslər bununla bağlıdır. Yalnız həbslər deyil, qanunvericiliyin mürtəceləşdirilməsi və bu yöndə atılan addımlar ümumi mənzərənin tərkib hissəsiydi.

– Belə bir müqayisə aparaq: Gürcüstanda rusiyayönümlü hakimiyyət olsa da, Avropa Birliyinə üzvlüyə namizəd elan edildilər. Bəs bu mənzərəni necə izah edərdiniz?

– Gürcüstan seçimini çoxdan edib. Mixail Saakaşvilidən sonra hakimiyyətə Bidzina İvanişvili gəldi, amma uzun zaman iqtidarda qalmasa da, oliqarxik sistem formalaşdırıb və prosesi də özü yönəldir. Nə qədər belə olsa da, Gürcüstan müxalifətinin resursları Azərbaycandakından fərqlənir. Həm də Gürcüstan Qərbə doğru hamarlı yol tutsa da, bu arada ziqzaqlar da olub. Amma bütün bunlara rəğmən, ümumi trend Avropa Birliyinə istiqamətlənib.

– Əvvəlki sualımı bir daha başqa formada qoyuram: son həbslərdə Rusiya-Qərb amili varmı?

– Əlbəttə. İlham Əliyev bu günə qədər balanslaşdırılmış xarici siyasət həyata keçirib…

– Artıq həmin siyasətdən imtina olunub?

– Bəli. Hətta belə deyərdim: balans siyasətini yürüdə bilmir.

– Yürüdə bilmir, yoxsa yürütmək istəmir?

– Yürüdə bilmir.

– “İlham Əliyevin alternativi yoxdur”” tezisinin tez-tez təkrarlandığı bir vaxtda hakimiyyət niyə bu qədər sərt davranır?

– Əgər İlham Əliyevin alternativi yoxdursa, təbliğatçılarının da dediyi Qarabağ zəfərindən sonra bütün resursları əlinə cəmləşdiribsə, reytinqi yüksəkdirsə, legitimlikk qazanıbsa, o zaman nədən tələsik seçki keçirir? Demokratik seçkilər istəmir?

– Elə mən də o suala gəlirəm: növbədənkənar seçkilərin belə qəfil ortaya çıxması hansı zərurətdən doğdu?

– Hesab edirəm ki, hakimiyyət Qərblə Rusiya arasında sıxılmış vəziyyətdədir. Əliyev vaxt qazanmaq üçün 7 fevral növbədənkənar seçkilər elan edib, mən başqa səbəb görmürəm. Başqa səbəbləri də var, məsələn, Azərbaycan iqtisadiyyatının builki göstəricisi MDB ölkələri arasında ən az olub: 0,5 faiz. Gələn il hətta mənfiyə doğru getməsi gözlənilir. Həmçinin də sadaladıqlarım sosial problemlər deməkdir. İkincisi, Rusiya sülhməramlıları kontingentinin 2025-ci ildə Azərbaycandan çıxarılıb-çıxarılmamasıdır. Məncə, Bakı ilə Moskva arasında anlaşma olub ki, sülhməramlı kontingent uzunmüddətli qalsın. Seçkilər də 2025-ci ildə olacaqdısa, bu məsələ ilə bağlı suallar yaranacaqdı. Təbii ki, bu və sosial problemləri götürdükdə 2 il sonra legitimlik əriyib gedəcək. Amma bir daha təkrar edirəm: bunlar yan səbəblərdir, daha ciddi məqam Azərbaycan hakimiyyətinin Rusiya və Qərb arasında daha sıxılmış vəziyyətdə qalmasıdır.

– Ancaq siz söhbətin əvvəlində rəsmi Bakının artıq seçimini etdiyini söylədiniz…

– Bəli, seçim edib. Amma sən seçim edirsən və 1 gün ərzində ölkədə nə qədər media varsa, qapadıb jurnalistləri də həbs edirsən. O cümlədən, nə qədər partiya varsa, qeydiyyatının ləğv edib, rəhbərlərini həbsxanaya göndərirsən. Hazırda proses tədricən gedir.

– Yəni Azərbaycan tədricən Koreyaya çevriləcək?

– Koreya bir az çətindir…

– Yaxşı, Türkmənistan?..

– O da bir az çətindir. Koreyaya çevirmək o baxımdan çətindir ki, Azərbaycan tamamilə fərqli coğrafiyadadır. İkincisi, başqa mentalitdəyik və geopolitik rəqabət də o səviyyədə deyil ki, Azərbaycanı Şimali Koreyaya çevirsinlər. Türkmənistana çevirmək üçün cəhd olacaq, bunu artıq görürük. Amma alınıb-alınmaması başqa şeydir.

Azər Qasımlı. Foto: Meydan TV

– Alınacaqmı?

– Yox, alınmayacaq. Mən buna inanmıram. Yenə də coğrafiya, mentalitet… bunlar mümkünsüzdür.

– Azərbaycan Dövlət Televiziyası türk seriallarını tərcümədə yayımladığı halda, Rusiya dövlət başçısı Vladimir Putinin mətbuat konfransını tərcüməsiz yayımlayır. Nədir bu qədər yaxınlaşmaq, hansı səbəblər?..

– Elə bayaqkı suala cavab olaraq səsləndirdiyim sualın məntiqi davamıdır. Xalqı və cəmiyyəti yavaş-yavaş belə şeylərə öyrəşdirmək istəyirlər. Budur, Putin belə də pis insan deyil. Vaxtilə Qorbaçov, Yeltsin Qarabağ məsələsini başladıb bizim üçün problem yaratdılar və əlimizdən alıb ermənilərə verdilər. Amma Putin gəlib problemi həll edir.

– Amma Azərbaycan hökuməti Ukraynaya da dəstək verir axı…

– Heç bir dəstək vermir, mən görmürəm bu dəstəyi, harada görürsünüz?!

– Yardım göstərilir…

– Nə yardım, nə qədər yardım, 5 milyon dollarlıq yardım?! Bu, bir damcıdır və gözə kül üfürməkdir.

– Necə düşünürsünüz, müxalifət niyə bu qədər sosial və siyasi problemlərin mövcud olduğu bir dönəmdə toparlana bilmir?

– Çünki ideoloji baxımdan tükənibdir.

– Siz də vaxtilə müxalifət partiyasının üzvü olmusunuz da.

– Nə olsun? Hansı partiyanın?

– Müsavat Partiyasının.

– Mən 1994-cü ildə Müsavat Partiyasının üzvü olmuşam, 19 yaşım var idi, 1998-ci ildə Azərbaycanı tərk edib xaricə getdim və 2010-cu ildə qayıtdım. Yəni 4 il müsavatçı olmuşam, çox gənc idim, rəhbər vəzifələrdə olmamışam, proseslərin liderliyini etməmişəm. Ancaq Müsavat Partiyasının üzvü olmağımı müsbət dəyərləndirirəm, fəxr edirəm. Müsavat məktəbindən də çox şey öyrənmişəm, o da mənim ictimai-siyasi həyatımda məktəblərdən birisi olub.

– Sualımıza qayıdaq…

– Müxalifət ideoloji olaraq tükənibdir, resursları qalmayıb, ötən illərdə çox siyasi səhvlər edib, xalq da bunları görüb və cəmiyyətdə inam, cazibə qalmayıb.

– Siz hakimiyyətin sərt davrandığını da nəzərə alın…

– Təbii ki, hakimiyyət də sərt davranıb. İndi hər nədirsə, budur!

– Sizcə, III Respublika Platforması vəziyyəti dəyişə biləcəkmi və bu qurumdan nə gözləyirsiniz?

– Çox direkt sualdır. Mən onlara ancaq uğurlar arzulayıram. Ümid edirəm ki, qarşılarına qoyduqları planları həyata keçirə biləcəklər.

– Siz özünüz necə, aktiv siyasətə qayıtmaq fikriniz varmı?

– Vallah, Azərbaycanda siyasət varmı ki, mən də qayıdım? Siyasi fəaliyyət imkanları varmı ki, siyasətlə məşğul olaq? Çox adam məni hər zaman aşağı-yuxarı siyasətçi kimi təqdim edir. Mən də hər zaman deyirəm ki, siyasətçi deyiləm. İnsanlar nədənsə mənə siyasətçi gözüylə baxırlar. Amma ölkədə siyasət olmadığına görə adımızı siyasətçi qoya bilmərik. Son dönəmlər bu fikri də səsləndirmişəm ki, həqiqi müxalifət partiyaları fəaliyyətlərini dondurmalıdırlar.

– Niyə?

– Siyasət yoxdursa, kim özünə siyasi partiya deyə bilər, o sadəcə, fasaddır. Mən dondurmalıdır söyləyəndə, demirəm ki, partiyanı buraxıb evdə oturmalıdırlar. Söhbət səmimi davranıb hər şeyi olduğu kimi xalqa təqdim etməkdən gedir. Xalqla manipulyasiya edib aldatmağa ehtiyac yoxdur. Əgər ölkədə siyasət yoxdursa, açıq şəkildə bunu demək lazımdır. Sadəcə, biz indi nə etməliyik sualını müzakirəyə çevirmək lazımdır. Gücləri birləşdirib prosesi hara gətirmək lazımdır, mən bu haqda düşünməyin tərəfdarıyam.

– O zaman belə məntiq çıxır: 7 fevral seçkilərində iştirak etməyə dəyməz də, boykot etməlidirlər?

– Bu məsələni də əvvəlki müzakirələr əsnasında dəyərləndirmək olar. Amma daha konkret olaraq mən həmişə seçkidə iştirakın tərəfdarı olmuşam və prosesə qatılmağın əleyhinə kampaniya aparmamışam. Bununla belə seçkilərdə iştirak xətrinə iştirak da yanlışdır. Seçkilərə qatılmaq lazımdır, lakin əvvəlcədən hazırlaşmaq vacibdir. Bilmək lazım idi ki, İlham Əliyevin Azərbaycan Konstitusiyasına uyğun olaraq istədiyi zaman növbədənkənar seçki elan etmək səlahiyyəti var və bundan istifadə edə bilər. Ona görə hər şeyə hazır olmaq vacib idi. İkincisi, düzgün strategiya qurmaq lazım idi, üçüncüsü, bütün resursları, insan, intelektual resursu toparlayıb birləşdirib, bir cəbhədə seçkiyə gedilməlidir. Nəhayət, doğru-dürüst namizədlə seçkiyə qatılmaq lazım idi. Hansı ki cəmiyyət və seçicilər üçün cazibəli ola bilər, İlham Əliyevdən güclü görsənə bilər. Savadlı, bilikli, tərcümeyi-halı şəffaf olan şəxslə seçkiyə getmək lazımdır. Müxalifət bütün bunları edib seçkilərə getməlidir.

– Elə potensial və namizəd varmı? Yaxud sizin ağlınızda eləsi varmı ki, adını açıqlamaq istəmirsiz?

– Potensial var. Məncə, namizədlər də var, amma ad çəkməyin mənasın görmürəm. Çünki ortada proses olmalıdır ki, biz də onun tərkib hissəsi kimi bu işi görək.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button