2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bəxtiyar Hacıyev: “Bir dəfə də seçkiyə siyasi məhbuslar olmadan getməyiblər…”

“Belə çıxır ki, özünü güclü hesab edən hakimiyyət Qubad İbadoğludan, Bəxtiyar Hacıyevdən, Əvəz Zeynallıdan və digərlərindən qorxur”

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə prosesi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu iş Əli Məmmədovun sədrliyilə, Səbinə Məmmədzadə və Azad Məcidovdan ibarət hakimlər kollegiyasına həvalə olunub.

Yanvarın 7-də Bəxtiyar Hacıyevin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. İclasda ictimai fəalın həm özü, həm də vəkilləri – Cavad Cavadov və Elçin Sadıqov bir sıra vəsatətlər qaldırıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Bəxtiyar Hacıyev özünü “siyasi girov” adlandırıb, bu məhkəmədən də heç bir gözləntisi olmadığını vurğulayıb. Onun sözlərinə görə, həbsdə olduğu 1 ildən artıq dövrdə onun işiylə bağlı çoxsaylı məhkəmə iclasları keçirilməsinə baxmayaraq, heç vaxt özünü məhkəmə qarşısında hiss eləməyib. Onun sözlərinə görə, bu gün də məhkəmə qarşısında olmadığını düşünür. Hesab edir ki, hakimlərə nə sifariş veriləcəksə, onlar da həmin qərarı elan edəcəklər.

Bəxtiyar Hacıyev xatırladıb ki, istintaq dövründə vəkilləri 40-a yaxın vəsatət qaldırıb. Lakin heç biri təmin edilməyib:

Vəkillərim indi də məhkəmədə vəsatətlər verirlər, müəyyən məsələlərin araşdırılmasını istəyirlər. Mən onların optimistliyini bölüşmürəm. Baş prokurorun verdiyi qanunsuz qərar əsasında mənim işimlə bağlı istintaq müddəti uzadılıb. Halbuki, qanuna görə, istintaq 13 aydan çox ola bilməzdi. Bir ay sonra prezident seçkiləri keçiriləcək. Bir dəfə də olsun, prezident seçkilərinə siyası məhbuslar olmadan getməyiblər. Belə çıxır ki, özünü güclü hesab edən hakimiyyət Qubad İbadoğludan, Bəxtiyar Hacıyevdən, Əvəz Zeynallıdan və digərlərindən qorxur. Mən özümü məhkəmə qarşısında hiss etməmişəm, indi də hiss eləmirəm. Özümü siyasi girov sayıram. Ölkənin güc strukturları və məhkəmələri Bəxtiyar Hacıyevi həbsdə saxlamaq üçün birləşib. Təklif edirəm ki, heç vəkillərim də vəsatət verməsinlər. Sizə nə göstəriş veriblərsə, o qərarı elan eləyin, qurtarsın getsin…”.

Vəkillər bildiriblər ki, Bəxtiyar Hacıyevə qarşı irəli sürülən 10-a yaxın ittiham maddəsindən yalnız Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə olan ittihamlar məhkəmə baxışına verilib araşdırılmalıdır. Onlar deyir ki, ictimai fəal bu ittihamlarla da özünü təqsirli bilmir, sadəcə, həmin ittihamlar üzrə məhkəmə prosesinin keçirilməsini və həqiqətin üzə çıxmasını istəyir.

Qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması, vergidən yayınma, saxta sənədlərdən istifadə kimi digər ittihamlara gəlincə, vəkillər deyir ki, onlara elə məhkəmənin hazırlıq iclasında xitam verilməlidir. Bu vəsatəti əsaslandıran vəkil Elçin Sadıqov bildirib ki, həmin ittihamlar Bəxtiyar Hacıyevə anonim müraciət və qanunsuz yolla əldə olunmuş sübutlar əsasında verilib. Vəkilin sözlərinə görə, Azərbaycan qanunvericiliyi anonim şikayət əsasında, əsli olmayan sənədlərlə kiməsə qarşı ittiham irəli sürülməsini qadağan edir:

Bəxtiyar Hacıyevə mənbəyi bilinməyən screenshotlar əsasında ittihamlar verilib. İyunun 14-də Bəxtiyar Hacıyevin işi üzrə vəkillər vəsatət verdilər ki, ona qarşı istifadə olunan sənədlərin əsli ortaya qoyulsun, anonim məktub göndərilən e-mailin kimə məxsus olduğu araşdırılsın. Eləmədilər. Bəxtiyar Hacıyevlə bağlı cinayət işində beşinci cilddən sonra əldə olunan bütün sübutlar qanunsuzdur. Həmin sübutlar əsasında verilmiş ittihamlara da xitam verilməlidir”, – vəkil Elçin Sadıqov deyib.

Digər vəkil Cavad Cavadov da anonim şikayətdən istifadə olunaraq, müvəkkilinə qarşı ittiham irəli sürüldüyünü bildirib:

Anonim e-mail-dən məktub gəlir, istintaq müəyyənləşdirmir ki, bunu göndərən kimdir”.

Bəxtiyar Hacıyev də vəkillərin dediklərini dəstəkləyib. O xatırladıb ki, ona qarşı sübut kimi istifadə olunan sənədlərin əslinin alınması üçün dəfələrlə vəsatət qaldırıblar, lakin təmin olunmayıb. İctimai fəal həmin sənədlərin qanunsuz və saxta olduğunu vurğulayıb:

Mayın 31-də istintaqda mənə Gürcüstandakı şirkətlə müqaviləm barədə sual verdilər. Dedilər ki, “Bank Respublika”dan sənəd var, həmin şirkətdən mənim hesabıma pul gəlib. Amma iş materiallarından məlum olur ki, bank sənədi iyunun 5-də göndərib. Daxili İşlər Nazirliyinin zaman maşını var ki, bankın belə bir sənəd göndərəcəyini əvvəlcədən bilib? Bu, cinayət işindəki yüzlərlə ziddiyyətdən biridir”.

Bəxtiyar Hacıyev bir sıra şəxslərin əlavə şahid qismində məhkəmədə dindirilməsi barədə də vəsatət qaldırıb. Onların arasında Yasamal rayonu, 28-ci polis bölməsinin təhqiqatçısı, Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Pünhan Əbilov, Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi Samir İsmayılov, həkim-ekspert və tərcüməçi də var.

Vəkillərin daha bir vəsatəti isə Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması haqda olub. Vəkillər bildirib ki, qanuna görə istintaq müddəti 13 aydan çox ola bilməz. Lakin Baş prokuror Bəxtiyar Hacıyevin işində bu müddətin 16 aya qədər artırılmasına qərar verib.

Bəxtiyar Hacıyevin daimi yaşayış yeri var, məhkəmədən yayınmaq niyyətində deyil, ölkədən çıxışına da qadağa qoyulub. Yenidən cinayət törətmək ehtimalı da sıfra bərabərdir. Ona görə xahiş edirik, hökm çıxarılana qədər onun haqqında həbs qətimkan tədbiri dəyişdirilsin və ev dustaqlığına buraxılsın”, – Elçin Sadıqov əlavə edib.

Prokuror qaldırılan bütün vəsatətlərin əleyhinə olub və rədd olunmasını istəyib.

Məhkəmə də bir neçə dəqiqəlik müşavirədən sonra qaldırılmış bütün vəsatətləri rədd edib. Bəxtiyar Hacıyevə qarşı bütün ittihamlar üzrə işin məhkəmə baxışına verilməsi haqda qərar qəbul edilib. Məhkəmə baxışı yanvarın 19-na təyin edilib.

İctimai fəalın işi üzrə iki nəfər zərərçəkmiş qismində tanınıb – bloger Ülviyyə Muradova (Alovlu) və Orxan Abdullayevdir.

Adları çəkilən şəxslərin hər iksi Yasamal Rayon Məhkəməsində baş vermiş insidentlə bağlı zərərçəkmiş qismində tanınıb.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü. Onunla bloger Ülviyyə Alovlu arasında Yasamal rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.

İyunun 16-da ictimai fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Noyabrda isə ona daha bir ittiham verilib. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul eləmir. İctimai fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button