2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bəxtiyar Hacıyev: “Həm hüquqlarımı pozursuz, həm də qanundan danışırsız”

“Necə olur, Xaçaturyanın məhkəməsində əvvəldən axıra qədər videoçəkilişə icazə verilir, məndə yox?”

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev öz məhkəməsində baş verənləri “içki masası arxasında Qurana and içməyə” bənzədir.

Sözümü kəsirsiz, danışmağa imkan vermirsiz. Prokuror burada qanundan danışır. Burada baş verənlər içki stolu arxasında Qurana and içənlərə oxşayır. Həm hüquqlarımı pozursunuz, həm də qanuna istinad edirsiz”, – Bəxtiyar Hacıyev yanvarın 19-da öz məhkəməsində çıxış edərkən deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bəxtiyar Hacıyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu iş Əli Məmmədovun sədrliyilə, Səbinə Məmmədzadə və Azad Məcidovdan ibarət hakimlər kollegiyasına həvalə olunub.

İctimai fəal məhkəməsində jurnalistlərin videoçəkiliş aparmasına icazə verilməsini istəyib. Hakim isə razılıq verməyib, deyib ki, açıq məhkəmə prosesidir, media nümayəndələri iştirak edib, qələmlə qeydlərini apara bilər. Lakin audioyazıya və videoçəkilişə icazə verilmir.

Necə olur, Xaçaturyanın məhkəməsində əvvəldən axıra qədər videoçəkilişə icazə verilir, məndə yox?”, – ictimai fəal etiraz edib.

Məhkəmə anket məlumatlarını dəqiqləşdirəndə ondan təhsili haqda soruşub. Bəxtiyar Hacıyev bildirib ki, öncə Bakı Dövlət Universitetində bakalavr təhsili alıb, daha sonra Xəzər Universitetində magistratura oxuyub. Ardınca 2007-2009-cu illərdə ABŞ-da Harvard Universitetində davam etdirib.

Kürdəxanı akademiyasını (Bakı İstintaq Təcridxanasını nəzərdə tutur-red.) da təhsilimə əlavə edə bilərsiniz…”, – Bəxtiyar Hacıyev deyib.

Bəxtiyar Hacıyev bildirib ki, vəkil Sevda Məhərrəmovanın məhkəmədə zərərçəkmişin nümayəndəsi qismində iştirakına etiraz edir. Çünki gələcəkdə məhkəmə prosesində onun şahid qismində dindirilməsi məsələsini qaldıracaqlar:

Ülviyyə Alovlu şikayətçi olmaması üçün məndən pul istəyirdi. Sevda Məhərrəmova da bu işdə vasitəçilik edirdi. O zaman istədikləri alınmadı. İndi gəlib Ülviyyənin vəkili olub”.

Sevda Məhərrəmova ünvanına səslənən bu fikrə cavab verməyib. Məhkəmə də onun prosesdən uzaqlaşdırılması haqda şifahi vəsatəti təmin etməyib.

Bəxtiyar Hacıyevin vəkilləri Elçin Sadıqov və Cavad Cavadov onun müdafiəçilərinin yanında əyləşməsinə icazə verilməsini istəyiblər. Bu barədə məhkəməyə vəsatət veriblər. Vəkillər vəsatəti əsaslandırarkən bildiriblər ki, təqsirləndirilən şəxs və vəkilləri arasında tez-tez məsləhətləşmələr olur, vəsatətlərlə bağlı müzakirələr aparırlar. Vaxt itirməmək üçün onların birlikdə əyləşməsi daha məqsədəuyğun olar.

Bəxtiyar Hacıyev xatırladıb ki, Norveçdə onlarla insanın öldüyü terror aktını törətmiş Breyvik belə, məhkəmədə öz vəkilinin yanında əyləşmişdi. İctimai fəal xatırladıb ki, Avropa İttifaqının səfiri Petr Mixalko da bugünlərdə məhkəmədə siyasi məhbuslara, xanım jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini yazıb.

Zərərçəkmiş qismində tanınan Ülviyyə Muradovanın (Alovlu) özü iştirak eləməsə də, nümayəndəsi və vəkili Sevda Məhərrəmova vəsatətlərə münasibət bildirib. O, Bəxtiyar Hacıyevin özü və vəkillərinin verdiyi bütün vəsatətlərə qarşı çıxıb. İctimai fəalın vəkillərinin yanında əyləşməsi barədə vəsatətə isə etirazını belə əsaslandırıb:

“O, həm də qadına qarşı zorakılıqda ittiham olunur. Vəkillərinin yanında əyləşsə, heç kim buradakıların təhlükəsizliyinə təminat verə bilməz. Mən şəxsən özümə görə qorxuram”.

Hakim də bildirib ki, Bəxtiyar Hacıyevə qarşı ittihamlardan biri məhkəmədə proses iştirakçılarına qarşı zorakılıqla bağlıdır. Ona görə indi vəkillərinin yanında əyləşməsi barədə vəsatət təmin olunmur.

Məhkəmədə vəsatətlərin müzakirəsi zamanı hakim iki dəfə protokol qaydasında Bəxtiyar Hacıyevə xəbərdarlıq edib. İctimai fəal isə öz növbəsində sözünün kəsilməsinə, fikrini tamamlamağa imkan verilməməsinə etiraz edib:

“Belə çıxır ki, biz indi danışmamalıyıq?!”.

Daha sonra vəkillər Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıblar. Bu vəsatəti əsaslandırarkən bildiriblər ki, ona qarşı irəli sürülmüş ittihamlardan bir neçəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçib.

Bəxtiyar Hacıyev özü də bu vəsatətə münasibət bildirərkən deyib ki, onu öncə Ülviyyə Alovlu ilə insidentə görə həbs eləmişdilər. Sonradan başqa ittihamlar da irəli sürüldü: “Halbuki, o insidentlə bağlı Bakı şəhər Baş Polis İdarəsində bəlkə 50-60 dəfə mənimlə danışmışdılar. Mənə demişdilər ki, məhkəmədəki videogörüntülərə baxdıq, oradan aydın görünür ki, sənin əlindəki kağız da ona toxunmur. Onun səni hədələdiyini də bilirik. Amma qadın olduğuna görə heç nə eləmirik. Onun üçün “qadındır” deyənlər indi Sevinc Vaqifqızını tutmaq üçün təyyarənin trapına dırmaşırlar. O cinayət işinə xitam vermişdilər. Dekabrda qəfildən mənim əleyhimə çevirib, məni həbs elədilər. Sonradan icra məmuru da ortaya çıxdı ki, “Bəxtiyar o vaxt məni də itələmişdi, indi yadıma düşdü”.

Yaxud da o biri ittihamlar. Anonim bir məktubla mənə qarşı ittihamlar irəli sürüblər. Guya mən 200 min manat qrant almışam, o pula çevriliş hazırlamaq istəyirəm. Bu necə hökumətdir ki, onu 200 min manata devirmək olur? Ona görə deyirəm ki, ittihamın mahiyyəti mənə məlum deyil”.

Prokuror da, Ülviyyə Alovlunun nümayəndəsi də Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmasına etiraz edib.

Hakimlər də vəsatəti təmin etməyib. Deyiblər ki, bu iş üzrə dindiriləsi çoxsaylı şahidlər var, Bəxtiyar Hacıyev azadlıqda qalarsa, onlara təsir göstərmək ehtimalı var.

Bəxtiyar Hacıyev və müdafiəçilərinin daha bir vəsatəti isə qanunsuz yolla əldə edilmiş, mənbəyi bilinməyən sübutların çıxarılması haqda olub. Onlar bildirib ki, anonim bir elektron məktub əsasında ittiham verilib. Lakin o məktubu göndərənin kimliyi, onun gəldiyi IP ünvanı və s. məsələlərin hamısı araşdırılmamış qalıb. Qanun isə belə sübutlar əsasında şəxsə ittiham verməyi qadağan edir.

Prokuror bildirib ki, sübutlar məhkəmə prosesinin gedişində araşdırılmalı və onların qanuni, yaxud qanunsuz olduğuna sonra qiymət verilməlidir. Ona görə də indiki halda, vəsatət təmin oluna bilməz.

Hakimlər də eyni əsaslandırma ilə vəsatəti təmin etməyib.

Bəxtiyar Hacıyevin məhkəməsi fevralın 2-də davam edəcək.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü. Onunla bloger Ülviyyə Alovlu arasında Yasamal rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.

İyunun 16-da ictimai fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Noyabrda isə ona daha bir ittiham verilib. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul eləmir. İctimai fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button