2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bir qrup azərbaycanlı alim Qubad İbadoğlunun işi ilə bağlı Azərbaycan prezidentinə müraciət edib

Bakı/01.01.24/Turan: Xarici universitetlərdə dərs deyən bir qrup azərbaycanlı alim iqtisad professoru, müxalif siyasətçi Qubad İbadoğlunun azadlığa buraxılmasına köməklik göstərilməsi üçün prezident İlham Əliyevə müraciət edib.

Sənəd 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində qəbul edilmişdir.

Müraciətdə deyilir: «London İqtisad Məktəbinin böyük elmi işçisi, professor Qubad İbadoğlu 2 illik fasilədən sonra bu ilin yayında anasını və qohumlarını ziyarət etmək məqsədilə Vətənə qayıtmış və iyulun 23-də Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilmişdir. 160 gündür ki, təqsirləndirilən şəxs qismində Bakı İstintaq Təcridxanasında saxlanılan Qubad İbadoğlu ciddi xəstəliklərdən – aortann anevrizmasından, yüksək şəkərli diabetdən, ağır bel-oma ağrılarından əziyyət çəkir. Həbsxanada keçiridiyi hər gün onun sağlamlığına böyük zərbə vurur, xəstəliklərinin dərinləşməsinə səbəb olur ki, bu da bizdə ciddi narahatlıq doğurur. Qubad İbadoğlu Azərbaycana qısa müddətə qayıtmışdı, o, 2023-2024-cü tədris ilində Drezden Texniki Universitetinin dəvəti ilə qeyd olunan universitetdə işə başlamalı idi, təəssüf ki, həbsi səbəbindən bu baş tutmadı».

Saytların yığılması Saytlarin yigilmasi

Qubad İbadoğlunun adı Avropanın və ABŞ-ın elmi dairələrinə yaxşı tanışdır. O, 2021-ci ildə London İqtisad Məktəbinə dəvət olunmamışdan öncə uzun illər Qərbin bir çox nüfuzlu universitetlərində elmi-pedaqoji və tədqiqat fəaliyyəti ilə məşğul olmuşdur. 1999-2000-ci illərdə Varşava İqtisad Məktəbində, 2004-2005-ci illərdə Mərkəzi Avropa Universitetində tədqiqatçı kimi çalışan Qubad İbadoğlu 2006-cı ildən 2021-ci ilədək ABŞ-ın tanınmış elm ocaqlarında – North Carolina at Chapel Hill, Duke, Princeton və Rutgers universitetlərində pedaqoji fəaliyyətlə məşğul olmuş, müxtəlif təhsil müəssisələrində, o cümlədən Oksford Universitetində mühazirələr oxumuşdur. Qubad İbadoğlu disfunksional iqtsadi modellər, yaxşı idarəetmə, təbii resurslardan əldə edilən gəlirlərin idarə olunması sahəsində 20-ə yaxın kitabın, yüzlərlə məqalənin müəllifidir, onun elmi fəaliyyətinin məhsulları olan araşdırmalar qeyd olunan sahələrdə tədqiqatla məşğul olan alimlər üçün etibarlı elmi mənbələrdən hesab edilir, daha sonra müraciətdə qeyd olunur.

Qubad İbadoğlu elmi-pedaqoji fəaliyyətlə məşğul olmaqla yanaşı, uzun illər Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (EITI) Beynəlxalq İdarə Heyətinin və Ödədiyini açıqla (PWYP) Beynəlxalq Koalisiyasının Srtateji Qrupunun üzvü olmuş, Avropa Birliyinin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Platformasının və Qara Dəniz QHT Forumunun işçi qruplarında təmsil olunmuş, müxtəlif vaxtlarda UNICEF, Dünya Bankı, Avropa Birliyi, UNDP və Asiya İnkişaf Bankının sifarişi ilə tədqiqatlar həyata keçirmişdir. Dünya Bankının və Avropa Yenidənqurma və İnkişaf Bankının illik iclaslarında hesabatlar təqdim edən Qubad İbadoğlu, həmçinin Dünya Bankının layihəsində və UNDP-nin Qırğızıstanda həyata keçirdiyi layihədə beynəlxalq məsləhətçi statusunda iştirak etmiş, Princeton Universitetinin Qabaqcıl Tədqiqatlar İnstitutunda araşdırmalar aparmış, Beynəlxalq Valyuta Fondunun Azərbaycan barədə hesabatlarının ilk şərhçilərindən sayılmış və Avropa İttifaqının “İctimai vəsaitlərə səmərəli nəzarət mexanizmləri” layihəsinin tədqiqatçısı olmuşdur.

«Xarici ölkələrdə elmi-pedaqoji fəaliyyətlə məşğul olduğu uzun müddətdə Qubad İbadoğlu harada çalışmasından asılı olmayaraq Azərbaycanı ləyaqətlə təmsil etmiş, ölkəmizin adını və şərəfini həmişə uca tutmuş, ürəyi Qarabağla döyünmüşdür. Qarabağ erməni işğalı altında olduğu dövrlərdə iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə erməni yalanlarının ifşa edilməsi sahəsində müstəsna işlər görmüşdür. Qubad İbadoğlunun belə çoxsaylı fəaliyyətlərinə bir nümunə kimi 2019-cu ilin mayında Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının 10 illiyi münasibətilə Brüsseldə təşkil olunmuş görüşdə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyana verdiyi, çoxmillətli auditoriyanın rəyinin dəyişməsinə səbəb olmuş tutarlı cavabı göstərmək olar», – deyə alimlər qeyd edir.

Qubad İbadoğlu 2020-ci ildə, 44 günlük müharibə dövründə Rutgers Universitetinin professoru kimi ABŞ-da erməni lobbisinin əsassız iddialarının elmi cəhətdən əsaslandırılmış şəkildə cavablandırılmasının öncüllərindən olmuşdur. Onun ABŞ prezidenti Cozef Baydenin erməni soyqırımı ilə bağlı açıqlamasına yazdığı tarixi faktlarla zəngin, əsaslı cavab ABŞ ermənilərinin böyük hiddətinə səbəb olmuş, erməni lobbisinin onun Rutgers Universitetindən kənarlaşdırılması üçün böyük kampaniya başlatmasına rəvac vermişdir. Ailəsinə və özünə qarşı mümkün təhlükələrə baxmayaraq Qubad İbadoğlu Qarabağdakı tarixi qələbəmizin diplomatik əsaslarının möhkəmləndirilməsi məqsədilə bu istiqamətdəki fəaliyyətini heç vaxt dayandırmamış, əksinə daha sistemli şəkildə həyata keçirmişdir. O, 2021-ci ildə ABŞ rəhbərliyinə – Prezident Cozef Baydenə, Senatın prezidenti Kamilla Harissə, Nümayəndələr Palatasının spikeri Nensy Pelosiyə və Dövlət Katibi Antony Blinkenə müraciət edərək Azərbaycana qarşı imzalanmış 907-ci düzəlişin ləğvini tələb etmişdir.

Qubad İbadoğlunun Qarabağla bağlı fəaliyyəti təkcə qeyd etdiklərimizlə bitmir, o, 2023-cü ildə ABŞ-da nəşr olunan “The Nagorno-Karabakh Conflict: Historical and Political Perspectives” kitabının əsas bölmələrindən birinin həmmüəllifidir. Eyni zamanda, Qubad İbadoğlu işğal dövründə Ermənistanın Azərbaycanın kənd təsərrüfatı sektoruna vurduğu zərəri hesablamaq üçün dünyanın müxtəlif universitetlərində çalışan mütəxəssislərdən ibarət işçi qrup yaratmış və dəyən ziyanla bağlı sanballı alternativ hesabat ortaya qoymuşdur.

 

«Möhtərəm Prezident! Qarşıdan dünyanın dörd bir yanına səpələnmiş milyonlarla həmvətənlilərimizin birliyini və həmrəyliyini xarakterizə edən 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Belə bir əlamətdar gün öncəsi Qubad İbadoğlunun günahsız olduğuna əminliklə biz – bu müraciətə imza atmış dünyanın müxtəlif ölkələrinin universitetlərində çalışan azərbaycanlı alim və tədqiqatçılar – yüksək humanizminizə və səmimiyyətinizə güvənərək Sizdən dünyada tanınmış azərbaycanlı alimin ölkəmizin mənafeyi naminə həyata keçirdiyi çoxsaylı fəaliyyətləri və səhhətindəki ciddi problemləri nəzərə alaraq həbsdən azad olunmasına köməklik göstərmənizi, onun yenidən çox sevdiyi pedaqoji fəaliyyətə – auditoriyalara dönməsinə şərait yaratmağınızı xahiş edirik. İnanırıq ki, rəhbərliyiniz altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa edildiyi bu şərəfli və tarixi günlərdə bizim müraciətimizə böyük diqqət və həssaslıqla yanaşacaqsınz», – daha sonra sənəddə qeyd edilir.

Sənədi aşağıdakı şəxslər imzalayıb:

1. Nuridə Hidayət, ABŞ, Smithsonian İnstitutunun professoru

2. Anar Əhmədov, Niderland, Leiden Universitetinin professoru

3. Şövqi Hüseynov, ABŞ, Nyu-York Dövlət Universitetinin Buffalo Universiteti, tədqiqatçı alim

4. Anar Əhmədov, ABŞ, Minnesota Twin Cities Universitetinin professoru

5. Xaləddin İbrahimli, Türkiyə, Çağ Universitetinin professoru

6. Kamran T. Mahmudov, Portuqaliya, Lissabon Universitetinin professoru

7. Rasif Ələkbərov, Böyük Britaniya, London İqtisad Məktəbinin tədqiqatçısı

8. Nazim Muradov, Şimali Kipr Türk Respublikası, Lefke Avropa Universitetinin professoru

9. Leyla Əliyeva, Böyük Britaniya, Oksford Universitetinin Qlobal və Regional Tədqiqatlar Oksford Məktəbi, tədqiqatçı alim

10. Əli Əsgərli, ABŞ, Greensboro Şimali Karolina Universitetinin Münaqişələrin həlli kafedrasının müdiri

11. Samir Hüseyn, ABŞ, Auburn Universitetinin dosenti

12. Nicat Qasım, Türkiyə, Doqquz Eylül Universiteti.-0-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button