Loading...
Loading...
Siyasət

BMT-nin qadın hüquqlarının təmin edilməsi üzrə birgə layihəsinə yekun vurulub

Bakı/26.08.21 Azərbaycanda birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT Əhali Fondu (UNFPA) və BMT İnkişaf Proqramının (UNDP) birgə həyata keçirdiyi, əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi layihəsi çərçivəsində icra olunan media kampaniyasına yekun vurulub. Bu barədə BMT-nin Bakıdakı nümayəndəliyindən bildiriblər.

Kampaniyanın yekunlarına həsr olunmuş tədbirdə BMT-nin Əhali Fondunun Azərbaycandakı ofisinin rəhbəri Fərid Babayev bildirib ki, ötən 5 ay ərzində media kampaniyasına cəlb olunan 50-dək əlilliyi olan şəxs və media nümayəndəsinə qruplar halında yaradıcılıq və səmt təlimləri təşkil edilib. “Kampaniyanın gedişatında hazırladıqları videoçarxlar və məqalələr vasitəsilə iştirakçılar əlilliyi olan insanlar üçün müyəssərliyin və bərabər imkanların yaradılmasını təşviq edirlər”, deyə o qeyd edib.

BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin müavini Çaru Bist bildirib ki, media məlumatlılığın artırılması istiqamətində, eləcə də damğalanmaya və dezinformasiyaya qarşı mübarizədə mühüm vasitə ola bilər.

“Education HUB” MMC tərəfindən icra edilən kampaniyanın məqsədi əlilliyi olan qadınların və Qarabağ müharibəsi əlillərinin cəmiyyətə inteqrasiya imkanlarının artırılması üçün əlverişli mühitin yaradılması və inklyuzivliyin təşviqidir.

Media kampaniyası çərçivəsində layihənin həyata keçirildiyi Bakı, Salyan və Masallı rayonlarında yaşayan 50 nəfər əlilliyi olan qadın, Qarabağ müharibəsi veteranı və media nümayəndələrindən ibarət birgə qruplar formalaşdırılıb və 2021-ci ilin aprel ayında həmin qruplar üçün onlayn səmt təlimləri təşkil edilib. Təlimlərdə iştirak edən qruplar əlilliyi olan şəxslər üçün əlverişli mühitin yaradılması və inklyuzivliyin təşviqi məqsədilə sosial videoçarxlar və KİV üçün məqalələr hazırlayıb. Materialların hazırlanması prosesində qruplara peşəkar mentorlar tərəfindən dəstək göstərilib. Media kampaniyasının yekununda ərsəyə gələn sosial videoçarxlar və məqalələrin içərisindən münsiflər heyəti tərəfindən ən yaxşı nümunələr seçilib.

Beləliklə, I yerin qalibi 900 AZN, II yerin qalibləri hər biri 600 AZN, III yerin qalibləri isə hər biri 300 AZN məbləğində mükafatlandırılıblar.

Qeyd etmək lazımdır ki, “Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi 2019-2021-ci illəri əhatə edir. Layihənin əsas məqsədi qadınlara və Qarabağ müharibəsi veteranlarına xüsusi diqqət yetirilməklə, Azərbaycan hökuməti tərəfindən əlilliyi olan şəxslərin sosial təminat hüquqlarının müdafiəsi, təmin edilməsi və həyata keçirilməsi istiqamətində göstərilən səylərə dəstək verməkdən ibarətdir. -16D-

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  ABŞ Rusiya üçün hava məkanını bağlayır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button