Loading...
Loading...
Cəmiyyət

“Bu bizim Ağdam deyil! Biz 30 ildir bu Ağdamı istəyirdik?” – Qarabağa qayıtmaq istəyənlər

“Biz 3 qardaşıq, atamla kiçik qardaşım yaşayıb deyə, biz qərara gəlmişik ki, həmin ata ocağını o qardaşımıza verək. Əgər ehtiyac olarsa, məhkəməyə müraciət etmək qərarını qardaşıma həvalə edəcəyik. Amma bütün hallarda, bizim fikrimiz nəzərə alınmasa, düşünürəm ki, prezidentə qədər səsimizi çatdırmağa çalışacağıq”.

Anonim qalmaq şərtilə BBC-yə danışan bir Ağdam sakini etiraf edib ki, çoxları açıqlanan yenidənqurma planlarından narazıdır. O deyib ki, illərlə işğalda qalmış ev-eşiklərinə nə vaxtsa qayıdacaqlarını düşünənlərin bəziləri indi “pərt və məyusdur”.

“Çoxları öz həyətini, ata-baba torpağına geri dönməyi 30 ilədək arzu edib. Amma yeni baş planda bu nəzərə alınmayıb, sıfırdan tam yeni şəhər tikilir. Əvvəllər həyət evlərində  yaşayan sakinlərin əksəriyyəti  yeni Ağdamda binalarda yerləşdiriləcək”- deyə o, əlavə edib.

Bir neçə gün öncə Ağdamdan olan Elşən Vəlibəyov özünün Facebook profilində rayonun  baş planının fotosunu paylaşaraq, həmyerlilərini açıq müzakirəyə çağırıb:

“Düzdür, coğrafi-inzibati cəhətdən bura Ağdamın ərazisidir. Amma bu bizim həsrətində olduğumuz Ağdam deyil! Bu Ağdam o Ağdam olmayacaq. Biz 30 ildir bu Ağdamı istəyirdik?”

Elşən Vəlibəyov şəhərin baş planın hazırlanmasında ağdamlıların fikirlərinin nəzərə alınmamasından şikayətlənib:

“Planda vaxtilə Ağdam əhalisinin gündəlik həyatında olan sahələri indi istədikləri kimi yerləşdiriblər. Bu planda Ağdam şəhəri dedikləri yer investorlar üçün nəzərdə tutulmuş bağlar vasitəsi ilə mühasirəyə alınıb. O investorlar kimlərdir? Vaxtı ilə Ağdamda fəaliyyətdə olan bütün obyektlər elə Ağdam əhalisinin mülkiyyətində idi. Nə qədər ki, gec deyil, tələb etməliyik! Heç olmazsa, əvvəlki küçələrimiz tör-töküntüdən təmizlənib, bərpa edilsin. Həmin küçələrdə hər kəsin mülkü bərabər edilsin. 60 metr enliyində küçələr nəyə lazımdır? Onlar üçün pul silib, öyünməyə korrupsiya meydanı lazımdır”.

“Hamının zövqünü nəzərə almaq…”

Parlamentdə Ağdam seçicilərini təmsil edən və şəhərin baş planı ilə tanış olduğunu deyən Aqil Abbas buranın “sənaye paytaxtı olacağını”  və “100 minlik bir şəhər salınacağını” söyləyir:

“Bu plan Aqil Abbasın və ya onun qohumlarının məsləhəti ilə aparılmayıb. Camaatı da başa düşürəm, çünki Ağdamda insanların çoxu orada həyət evində, öz bağ-baxçasında, özünə uyğun tikdiyi villasında yaşayıb. İndi isə bir şəhər salınır və hamının zövqünü nəzərə almaq düz gəlmir”.

Deputatun sözlərinə görə, qayıtmaq şərtləri ilə razılaşmayan vətəndaşların etiraz hüququndan istifadə etməsi təbiidir:

“Mən özüm də Ağdamda dağılmış dədə evimi bərpa etmək istəyərdim. Amma hər kəsin öz istəyinə görə ev tikilsə, bu, bir az düzgün olmayacaq. Doğrudur, mülkiyyət hüququ baxımından etiraz etmək vətəndaşların təbii haqqıdır. Təbii ki, bu planla razılaşmayanlar öz tələblərini qaldıra bilərlər”.

Aqil Abbas hesab edir ki, vətəndaşların Ağdamda qalan daşınmaz əmlakına görə və ya həyətyanı ərazisinin həcminə görə dövlət kompensasiya yox, həmin vətəndaşlara ailə üzvlərinin sayına görə ev verəcək: “Bina evi alanlara isə şəhərin kənarında 18 sot bağ sahəsi veriləcək”.

“Yerli əhalinin fikirləri də öyrənilib, nəzərə alınır”

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu BBC News Azərbaycancaya deyib ki, baş planların işlənməsi prosesində mütəxəssislərlə yanaşı, yerli əhalinin fikirləri də öyrənilib nəzərə alınır.

Onun sözlərinə görə, hazırda Ağdam, Şuşa, Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərinin baş planlarının əsas cizgilərinin hazırlanması başa çatdırılıb, Kəlbəcər və Qubadlı şəhərlərinin baş planları işlənməsi də  davam edir.

Ramiz İdrisoğlu deyir ki, məsələn, Ağdam şəhərinin baş planının ilkin formasının təqdimatından sonra həm ağdamlılar, həm də ölkə əhalisi tərəfindən Komitəyə çoxsaylı rəy və təkliflər ünvanlanıb və bu “sənəd üzərində növbəti mərhələdə aparılmış təkmilləşdirmə işlərinə çox böyük töhvə verib”.

Vətəndaşın dövlət qurumlarını investorlara görə baş plan hazırlamaqda ittiham etməsinə isə qurum sözçüsü  belə cavab verib: “Hazırda müzakirə olunan Ağdamın baş planının ilkin versiyadır. Ağdam şəhərinin baş planının sonuncu versiyası yaxın zamanlarda təsdiq olunması üçün Nazirlər Kabinetinə göndəriləcək. Həmin versiyada isə kənd təsərrüfatı təyinatlı torpağlar və ya investisiya obyekti olan bağlar yoxdur”.

Vətəndaşlara 18 sot əlavə torpaq sahəsi veriləcəyi məsələsinə gəlincə, “burada söhbət Ağdam şəhərininin özündən yox,  kəndlərindən gedir”- deyə, qurum sözçüsü əlavə edib.

Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsindən BBC-nin sorğusuna cavabda bildiriblər  ki, qeyd olunan məsələlər hazırda qurumda müzakirə olunur və yekun nəticələr ictimayyətlə paylaşılacaq.

“Şərtlər nə olursa, olsun, qayıdacağıq…”

Ağdamlı məcburi köçkün Səməd Abbasov 1994-cü ildən bəri iki qızı və həyat yoldaşı ilə birlikdə Bakıda, Azərbaycan Karlar Cəmiyyətinə məxsus yataqxananın bir otağına sığınıb. Onun üçün ya Bakıda bina evində yaşamaq, ya Ağdamda bina evində məskunlaşmağın fərqi yoxdur:

 “Ağdamda şəhərətrafında 12 sot torpağı olan həyət evimiz var idi. İndi düşünəndə ki, Bakıda da bina evində qalırdıq, qayıdıb Ağdamda da o həyət evimizdə yox, binada yaşayacağıq, bu, adamı qane etmir”.

Amma o, istənilən şərtlərdə Ağdama qayıdacaqlarını düşünür.

“Biz uzun illərdir o yerlərin həsrəti ilə yaşamışıq. Əlbəttə ki, ora qayıdacağıq”, – Ağdamdan qaçqın düşən Esmiralda Quliyeva deyir.

Təqaüdçü müəllimə  BBC News Azərbaycancaya onu da deyir ki, o, Ağdama qayıda bilmək üçün dövlətin bütün şərtlərini qəbul etməyə hazırdır:

“Ağdamın təsdiq olunan baş planının necə hazırlanmasından xəbərsizəm. Amma hər halda, onu hazırlayanlar şəhərsalmanı bizdən daha yaxşı bilirlər. Yəni, orada yeni bir Ağdam salınacaq. Doğrudur, Ağdam əvvəlkindən çox-çox gözəl, gənclər üçün daha maraqlı bir yer olacaq, amma biz yaşlı nəsil əvvəlki Ağdamın xatirələri ilə yaşayırıq. Onu isə bərpa etmək artıq mümkün deyil”. (BBC)

24 saat” ““Bu bizim Ağdam deyil! Biz 30 ildir bu Ağdamı istəyirdik?” – Qarabağa qayıtmaq istəyənlər” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button