Loading...
Loading...
İqtisadiyyat

”Büdcə xərclərinin 20 faizi əmək ödənişi ilə bağlı olacaq”

Yaxın dörd ildə Azərbaycanda ciddi maaş artımı olmaya bilər

2018-ci ilin büdcəsində artan ümumi xərclərin cəmi 139 milyon manatı və ya 4.5 faizi büdcə sektorunda çalışanların əmək ödənişinin artırılmasına sərf ediləcək”.

İqtisadçı Rövşən Ağayev belə deyir. O, gələn ilin büdcə xərclərinin 2017-ci ilin gözlənilən icrası ilə bağlı 3.063 milyard manat artımla proqnozlaşdırıldığını söyləyir.

Onun sözlərinə görə, 2018-ci ilin büdcə xərclərinin 20 faizi və ya 4.237 milyard manatı əmək ödənişi ilə bağlı olacaq.

“Müqayisə edilən dövr üzrə əməyin ödənilməsi ilə bağlı xərclər dövlət idarəetmə sektorunda 27.6 milyon manat (5.2 faiz), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarında 29.7 milyon manat (3.7 faiz), təhsil sektorunda 133.6 milyon manat (10.6 faiz) artacaq. Səhiyyə sektoru üzrə isə əmək ödənişi xərclərində 10 milyon manat (2.6 faiz) azalma proqnozlaşdırıldığını vurğulayıb”, – Rövşən Ağayev deyir.

İqtisadçı gələn ilin səhiyyə xərclərində də 0,8 faiz azalma proqnozlaşdırıldığını bildirir:

“Hökumət gələn il üçün 6,7 faiz inflyasiya gözləyir. Məlumat üçün deyim ki, səhiyyə xərclərinin ÜDM-də payı 1 faiz proqnozlaşdırılır. İnkişaf etmiş dövlətlərdə bu rəqəm 3-4 faizdən az deyil”.

Maliyyə Nazirliyinin gələn il üzrə təqdim etdiyi dövlət büdcəsi layihəsinə əsasən, ölkədə orta aylıq əməkhaqqı 549 manat 70 qəpik proqnozlaşdırılır. Bu, 2017-ci ilə nisbətən təqribən 25 manat və ya 4.7 faiz çoxdur.

Qarşıdakı üç illə bağlı icmal büdcəsi layihəsinin göstəricilərinə görə, 2021-ci ildə orta aylıq əməkhaqqının 585.50 manata çatacağı nəzərdə tutulur. Bu, gələn il üzrə proqnozdan isə 6.5 faiz çoxdur.

Hazırkı rəsmi rəqəmlərə görə, ölkə üzrə nominal əməkhaqqı 523 manatdır. 2016-cı ildə bu rəqəm 472 manat olub.

Yeni rəqəmlər isə göstərir ki, yaxın dörd il ərzində Azərbaycanda ciddi maaş artımı olmayacaq.

İqtisadçı Meydan TV-yə verdiyi geniş müsahibəsində bildirmişdi ki, yayılan məlumatlar əsasında dərin büdcə təhlili aparmaq mümkün deyil.

“Söhbət peşəkar büdcə təhlilindən gedirsə, son təyinat xərcləri, xərclərin iqtisadi strukturu, funksional təsnifatın paraqrafları səviyyəsində daha detallı məlumatlar qanunverici orqana göndərilən büdcə zərfində olur. Əldə olan göstəricilər isə sadəcə hökumətin büdcə prioritetləri, növbəti ildə gözlənilən büdcə trendləri ilə bağlı ilkin təəssürat formalaşdırmaq üçün yetərlidir. Bu da makroiqtisadi proseslərə büdcə siyasətinin təsiri haqda müəyyən qənaətlər yaradır”.

2018-ci il üçün büdcə zərfinə faxil olan qanun layihələri noyabrda Milli Məclisin müzakirəsinə çıxarılacaq.

Dövlət büdcəsinin gəlirləri 20 127 000,0 min manat, xərcləri 20 905 700,0 min manat səviyyəsində proqnozlaşdılırır. Neftin ixrac qiyməti dövlət büdcəsində 45 dollar səviyyəsində müəyyən edilib.

Gözdən qaçırmayın:  Müharibə buğda bazarını da vurdu - Tarixi bahalaşma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button