2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Cəmil Həsənli:”Azərbaycan 1959-1969-cu illərdə”

Cəmil Həsənli

V yazı

Yaxın vaxtlarda nəşr olunacaq “Azərbaycanda Sovet Liberalizmi: Hakimiyyət, Ziyalılar və Xalq, 1959-1969” adlı kitabımızın Xəlil Rza Ulutürk, Abbas Zamanov, Sara xanım Sarayeva, maestro Niyazi haqqında olan dörd epizodu ilə Siz artıq tanışsınız. Beşinci yazımız 60-cı illərin əvvəllərində Dağlıq Qarabağ Muxtar Vilayətində baş verən dramatik hadisələrlə bağlıdır. Əlavə bir şey demək istəmirəm. Buyurun özünüz tanış olun…

Saytların yığılması Saytlarin yigilmasi

1962-ci ildə Dağlıq Qarabağda rəhbərliyin dəyişdirilməsi

1961-ci ilin yayında Dağlıq Qarabağ Vilayət Komitəsinin rəhbərliyində bəzi dəyişikliklər edildi. Vilayət Komitəsinin ikinci katibi Sergey Abramyan və üçüncü katibi Bahadur İbrahimov vəzifələrindən azad edildi. Bunu hər iki katibin kənd təsərrüfatı üzrə mütəxəssis olması ilə əlaqələndirməyə çalışırdılar. Abramyanın yerinə Azərbaycan KP MK 1915-ci ildə anadan olmuş, Sov. İKP MK-nın 3 illik Ali Partiya Məktəbini bitirmiş və 1957-ci ildən Martuni rayon partiya komitəsinin birinci katibi işləyən Qurgen Melkumyanın namizədliyini təsdiq etdi. İbrahimovun yerinə isə 1914-cü ildə anadan olmuş, Azərbaycan Sənaye institutunu bitirmiş Seymur Vəzirovun namizədliyi irəli sürüldü. Seymur Vəzirov 1939-cu ildə institutu bitirdikdən sonra müxtəlif partiya, sovet və təsərrüfat işlərində çalışmış, Bakı şəhəri Stalin rayon partiya komitəsinin katibi, həmin rayonun icraiyyə komitəsinin sədri işləmişdi. 1958-ci ildən başlayaraq Dağlıq Qarabağa təyinat alana qədər Vəzirov Respublika Nazirlər Sovetinin Ağır Sənayeyə Dövlət Nəzarəti şöbəsinin müdiri işləmişdi. Vilayət partiya komitəsinin birinci katibi Nikolay Şahnəzərovun təqdimatı ilə ikinci katib vəzifəsindən azad edilmiş 1924-cü il təvəllüdlü, Bakı və Moskvada ali partiya məktəblərini bitirmiş Abramyan Melkumyanın yerinə Martuni rayonuna birinci katib vəzifəsinə göndərildi. Bahadur İbrahimov isə Azərbaycan KP MK-nın sərəncamına göndərildi.
60-cı illərin əvvəllərində Vəli Axundovun təşəbbüsü ilə muxtar vilayətə diqqətin artırılması və yerli rəhbərliyin möhkəmləndirilməsi işi Dağlıq Qarabağda həyata keçirildi. Artıq SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi də Sovet partiya və hökumət rəhbərliyinə Ermənistan SSR-in Türkiyə ilə yanaşı Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ ərazilərinə iddialar irəli sürdüyünü yazırdı. Məlumatda deyilirdi ki, “1962-ci ildən başlayaraq xarici ermənilərin millətçi dairələri “erməni məsələsinin ədalətli” həlli, keçmiş erməni ərazilərinin Türkiyədən alınması uğrunda kampaniya aparırlar. Bu kampaniyanın təsiri altında Ermənistan SSR-də vərəqələr yayılır, nəinki Türkiyəyə məxsus ərazilərin qaytarılması, eyni zamanda Azərbaycana daxil olan Dağlıq Qarabağ Muxtar Vilayətinin və Naxçıvan MSSR-in Ermənistana birləşdirilməsi tələb edilir.” Vəli Axundov bu təhlükəni hiss edirdi və Dağlıq Qarabağda sosial-iqtisadi, mədəni xarakterli tədbirlərlə, rəhbərliyin möhkəmləndirilməsi addımları ilə gözlənilən təhlükəni qabaqlamaq istəyirdi. 1962-ci ilin iyun ayının 30-da Dağlıq Qarabağ Muxtar Vilayətində bir sıra tədbirlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan KP MK-nın və Respublika Nazirlər Sovetinin 563 saylı qərarı qəbul edildi. Qərarda Stepanakert, Şuşa, Qırmızı Bazar, Hadrut, Martunu və vilayətin digər şəhər, rayon mərkəzləri və qəsəbələrində bir sıra müəssisələrin tikilməsi, sosial-məişət, mədəniyyət obyektlərinin açılması nəzərdə tutulurdu. Rəhbərlik bu qərarla bir sıra şovinist qüvvələrin Dağlıq Qarabağın baxımsızlığı haqqında Moskvaya yazdıqları şikayətləri aradan qaldırmaq, mərkəzə yazılan şikayətlərin qərəzli olduğunu nümayiş etdirmək istəyirdi. Bu qərardan az sonra- 1962-ci ilin noyabrında Axundovun təşəbbüsü ilə əhali arasında nüfuzunu itirmiş və işinin öhdəsindən gələ bilməyən Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin birinci katibi Nikolay Şahnəzərov “işinin öhdəsindən gələ bilmədiyinə görə” vəzifəsindən uzaqlaşdırıldı. Azərbaycan KP MK Bürosunun qərarı ilə son bir ildə vilayət komitəsində ikinci katib işləyən Qurgen Melkumyan noyabrın 14-də onun yerinə təsdiq edildi. Axundov niyə 1958-ci ildən vilayətə başçılıq edən Şahnəzərovu dəyişməli oldu? Hələ Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 40 illiyi ərəfəsində Şahnəzərov “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı broşur yazmışdı və orada vilayətin Azərbaycan SSR-in tərkibində şanlı yol keçdiyini göstərirdi. Broşur Şahnəzərovun müəllifliyi ilə nəşr olunsa da, onun ayrı-ayrı bölmələrinin tərtib olunmasında S. Abramyan, B. İbrahimov, S. Koçarov, Q. Martirosov və R. Mkrtçyan iştirak etmişdilər. Broşur Qarabağın fiziki-coğrafi oçerki ilə başlanır, onun keçmişinə tarixi ekskurs edilirdi. Kitabçada yazılırdı: “XVIII əsrin ikinci yarısında Qarabağda yenidən Rusiya ilə yaxınlaşmaq meyli gücləndi. Qarabağ xanı İbrahimxəlil xan və onun baş vəziri, məşhur Azərbaycan şairi Vaqif Qarabağın Rusiya himayəsinə alınması xahişi ilə dəfələrlə imperatriça II Yekaterinaya müraciət etdilər. Öz zəmanəsinin qabaqcıl adamı olan Molla Pənah Vaqif (1717-1797-ci illər) İran şahlığının və sultan Türkiyəsinin işğalçılıq planlarını yaxşı anlayırdı. Azərbaycan xalqının bu dövlətlərin əsarəti altına düşməsinin qarşısını almaq üçün Vaqif Rusiya meyli ideyasını fəal şəkildə həyata keçirirdi”. Sonra broşurda Azərbaycanın Rusiyaya birləşdirilməsinin əhəmiyyətindən danışılır və həmin fonda Qarabağdakı proseslərə toxunulurdu. Şahnəzərov xanlığın ləğvindən sonra Yelizavetpol quberniyasının tərkibində olan Qarabağda iqtisadi həyatın canlanması və Şuşanın Zaqafqaziyanın ticarət mərkəzlərindən birinə çevrilməsini Bakıda neft sənayesinin inkişafı ilə əlaqələndirirdi. Broşurda 1918-1920-ci illərdə Qarabağın dağlıq hissəsində baş verən hadisələrə də geniş yer verilmişdi. Şahnəzərov Qarabağın dağlıq hissəsində iqtisadiyyat və mədəniyyətin inkişafının Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra başladığını yazırdı. Kitabçanın mədəniyyət bölməsində Dağlıq Qarabağda maarif və mədəniyyətin inkişafından, Azərbaycan Yazıçılar İttifaqının Dağlıq Qarabağ filialının fəaliyyətindən bəhs edilirdi. Nəşr edilməzdən əvvəl Şahnəzərov broşurun əlyazmasını Azərbaycan rəhbərliyinə göndərmişdi. Ermənistan və Dağlıq Qarabağın millətçi erməniləri onun bu kitabçasından narazı idi.
1962-ci ilin əvvəllərindən vilayət mərkəzi Stepanakertdən Şahnəzərovla bağlı Nikita Xruşşovun adına, “Pravda” və digər mərkəzi qəzetlərin ünvanına, Azərbaycan KP MK-ya və Vəli Axundova ardı-arası kəsilmədən şikayət məktubları göndərilməyə başladı. 1962-ci ilin fevralında A. Melkumyan, P. Qriqoryan və M. Karapetyan adlı köhnə kommunistlər həm Nikita Xruşşova, həm də “Pravda” qəzetinə göndərdikləri məktubda bildirirdilər ki, Nikolay Şahnəzərov vaxtilə Dağlıq Qarabağda ağalıq etmiş Məlik Şahnəzərovun nəvəsidir, uzun müddət əhali onların köləsi olub, Vəli Axundov Vilayət Partiya Komitəsi və Dağlıq Qarabağ əhalisinin iradəsinə zidd olaraq Şahnəzərovu birinci katib təyin edib, o, birinci katib olduqdan sonra vilayət partiya komitəsinin katibləri S. Abramyan və B. İbrahimovu, Mardakert rayon partiya komitəsinin birinci katibi Poqosyan, rayon sovetinin sədri Sarqsyanı, Hadrut rayon partiya komitəsinin birinci katibi Poqosyanı, rayon sovetinin sədri Abramyanı, Stepanakert şəhər partiya komitəsinin üçüncü katibi Q. Baqdasaryanı, Şuşa rayon partiya komitəsinin ikinci katibi Əzizyanı və digərlərini işdən çıxarıb və indi də Vilayət İcraiyyə Komitəsinin sədri Ruben Şaxramanyanın işdən azad edilməsi məsələsini qoyub. Şikayətçilər Şahnəzəryanın fəaliyyəti ilə bağlı bir sıra tənqidi məqamlara toxunduqdan, hətta onun həyat yoldaşının ikinci katibin həyat yoldaşını döydüyünü açıqladıqdan sonra yazırdılar ki, bu “avantürist hansı yollarlasa yoldaş Axundovun etimadını qazanıb və Vilayət Partiya Komitəsinin katibi vəzifəsinə düşüb.”
Melkumyan və digərlərinin məktubunu “Pravda” qəzeti redaksiyası və Nikita Xruşşovun katibliyi Azərbaycan KP MK-ya göndərdi. Məktubun araşdırılması MK-nın məsul işçisi Boris Gevorkova tapşırıldı. Gevorkov hazırladığı arayışda bildirirdi ki, Nikolay Şahnəzərovun valideynləri öz sosial mənşəyinə görə həqiqətən zadəgan olub, lakin bu haqda o, öz şəxsi işində saxlanılan tərcümeyi-halında yazmış və öz keçmişini gizlətməmişdir. Gevorkov Şaxnazaryanın məktubda yazıldığı kimi Şaxramanyanı Vilayət İcraiyyə Komitəsinin sədri vəzifəsindən azad etmək istəməsini də əsassız hesab edir və bildirirdi ki, o, bununla bağlı hər hansı rəsmi bir addım atmamışdır. Digər məsələlərə gəldikdə isə Gevorkov Dağlıq Qarabağdan yazılmış şikayət məktublarına Azərbaycan KP MK katibliyində və Vilayət Partiya Komitəsində baxılacağını bildirirdi.
Dağlıq Qarabağda millətçi dairələr ayrı-ayrı vəzifəli şəxsləri və qabaqcıl təsərrüfat rəhbərlərini qaralamaqdan çəkinmirdilər. Martuni rayonunda Çartaz kəndindəki “Kommunizm” kolxozunun sədri Suren Adamyan kənd təsərrüfatındakı yüksək göstəricilərinə görə hələ 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı almış, 1961-ci ildə Sov. İKP XXII qurultayının nümayəndəsi olmuşdu. O, Dağlıq Qarabağdan SSRİ Ali Sovetinin deputatı seçilmişdi. 1962-ci ilin yanvar ayının 1-də 350 “fəal” kolxozçunun adından Vəli Axundova göndərilən anonim məktubda yazılırdı ki, “Bizim kolxozçuların 95 faizi Adamyana nifrət edir və Sizi əmin edirik ki, əgər o, uzun müddət öz ağalığını davam etdirsə, onun meyitini gözəl günlərin birində zibil xəndəyindən tapacaqsınız. Amma biz inanırıq ki, bu onun kolxoza rəhbərlik etdiyi sonuncu ildir.”
Vilayət İcraiyyə Komitəsinin sədri R. Şaxramanyandan da çoxlu şikayət ərizələri yazılırdı. İcraiyyə Komitəsinin müxtəlif şöbələrinin anonim işçiləri adından 1962-ci ilin fevral ayının 22-də Vəli Axundova göndərilən məktubda uzun müddət rəhbər vəzifədə işləyən “savadsız və küt millətçi”, öz qohumlarını himayə edən Şaxramanyanın hərəkətlərindən xalqın hiddətləndiyi bildirilirdi. Anonim ərizəçilər yazırdılar ki, “yoldaş Axundov, siz, sadəcə olaraq, bizim vilayətin çiçəklənməsini istəmirsiniz, ona görə dövrünü başa vurmuş belə işçiləri saxlayırsızınız. Əgər siz bizə birinci katib kimi obyektiv və savadlı adamları seçsəniz bizim Qarabağda işlər yaxşı gedər. Lakin Şaxramanyan bizi geri çəkir və bizdə hər kəs bu haqda danışır, ona heç kəs dözmək istəmir.”
Dağlıq Qarabağda, xüsusilə, Stepanakertdə millətçi əhval-ruhiyyənin qızışması barədə Azərbaycan rəhbərliyi müxtəlif mənbələrdən məlumatlar alırdı. Stepanakert şəhər sovetinin deputatı, Sov. İKP üzvü və “Qafqaz Santexnika Quraşdırma” trestinin Bakı quraşdırma idarəsinin Stepanakert şəhəri sahəsinin müdiri Xudiyev Kamal Cəmil oğlu 1962-ci ilin may ayının 23-də Vəli Axundova yazırdı: “Mən 1933-cü ildə Stepanakert şəhərində doğulmuşam. Biz – uşaqlar və gənclər, azərbaycanlılar və ermənilər hər vaxt heç bir söhbət olmadan dostluq edir, oynayır və oxuyurduq. Yalnız son illər DQMV-də milli məsələ çox gərgin həddə gəlib çatıb. Mən qısaca olaraq bu məsələ ilə bağlı bizim partiyanın Mərkəzi Komitəsini məlumatlandırmağı öz borcum hesab edirəm. Son vaxtlar burada DQMV-nin Ermənistana məxsus olduğu tez-tez eşidilir (Əlcəzair xalqının düşmənlərinin dediyi kimi “Əlcəzair Fransaya məxsusdur”). May ayının 18-də Stepanakert şəhərində mühazirəçi Şakirzadə və professor Mosesov xalqlar dostluğu haqqında mühazirə oxuyarkən “dostluq” sözü xatırlananda arxa sıralarda səs-küy düşür, ayaqlarını döşəməyə döyüb bu sözlərlə yoldaş Şakirzadəni dayandırırdılar “qısa və konkret danışın”. Bundan sonra yoldaş Şakirzadə öz çıxışını gərgin şəraitdə yekunlaşdıran kimi ona və stol arxasında oturmuş Vilayət Partiya Komitəsinin birinci katibi yoldaş Şahnəzərova, ikinci katib yoldaş Melkumyana, katib yoldaş Vəzirova və digərlərinə çoxsaylı suallar verdilər. Bu suallarda qəhrəman Azərbaycan xalqının bütün uğurlarının üstündən keçilir, ayrı-seçkilik ideyası və açıq milli nifrət irəli sürülürdü. Bir yoldaş isə yerindən durub dedi: “Bütün söhbətin mənası ondan ibarətdir ki, bizi Ermənistana versinlər”. Zalda erməni, azərbaycanlı və rus yoldaşlar olduğu üçün yoldaş Şahnəzərov hamı üçün ümumi, anlaşıqlı olan rus dilində danışmaq istədi, lakin “sən çox danışırsan deyib” ona imkan vermədilər. Ona görə o, erməni dilinə keçməli oldu. O, deyəndə ki, bizim xalqlar dostcasına yaşayır, sovet xalqları arasında artıq çoxdan fərqliliklər silinib- yenidən səs-küy qopdu, ona mane oldular. Hətta, yoldaş Şahnəzərov ona mane olan adamın zaldan çıxmasını tələb etdi. Yoldaş Şahnəzərov deyəndə ki, tarixi baxımdan DQMV daimi olaraq Azərbaycana məxsus olub, deyilənlərə etiraz olaraq 300 nəfər “fəhlə” etiraz əlaməti olaraq zalı tərk etdi. Mən çox alındığına görə hər şeyi yazmaq istəmirəm. Əgər əvvəllər millətçilik qapalı xarakter daşıyırdısa, indi açıq, həm də kəskin xarakter daşıyır. Əminəm ki, Siz məni yazdığımdan daha artıq anlayacaq və tədbir görəcəksiniz. Xahiş edirəm məktubu almağınız barədə məni xəbərdar edin.”
Məktubda qeyd edilən mühazirəçilər qrupunu Dağlıq Qarabağa Azərbaycan KP MK-nın Təbliğat şöbəsi göndərmişdi. Professor Petros Mosesovun rəhbərlik etdiyi, professor Qurgen Antonyan, tarix elmləri namizədi Paşa Əliyev və fəlsəfə elmləri namizədi Əddin Şakirzadədən ibarət mühazirəçilər qrupu 1962-ci ilin may ayının 12-dən 18-nə kimi Dağlıq Qarabağda olmuş, Stepanakert, Şuşa, Hadrut, Martuni və Mardakert rayonlarında 40-a yaxın mühazirə oxumuşdular. Mühazirəçilər qrupu Stepanakertdə millətçilik cəhdləri baş qaldırdıqdan sonra Vilayət Partiya Komitəsinin xahişi ilə Dağlıq Qarabağa göndərilmişdi. Onların qarşısına qoyulan əsas vəzifə Nikita Xruşşovun geniş kommunizm quruculuğu dövründə milli məsələnin artıq çoxdan həllini tapması, ittifaq dövləti ilə muxtar respublikalar arasında sərhədlərin öz əhəmiyyətini itirməsi, xalqlar dostluğu, partiyanın XXII qurultayı və Sov. İKP Proqramı zəminində millətlərin və milli mədəniyyətlərin bir-birinə daha da yaxınlaşması mövzusunda vilayət əhalisi qarşısında çıxış etmək idi. Mühazirəçilər qrupuna, həmçinin, vilayətdəki narazılığın xarakteri və qeyri-sağlam söhbətlərin səbəblərini öyrənmək tapşırılmışdı. Bakıya qayıtdıqdan sonra mühazirəçilər qrupu Vəli Axundovun adına hazırladıqları hesabatda bildirdilər ki, həqiqətən, Stepanakert şəhərində qeyri-sağlam söhbətlər dolaşır və ayrı-ayrı şəxslər millətçi fikirlər səsləndirirlər. Bunun səbəbini onlar əhali arasında yayılan söz-söhbətə görə belə ümumiləşdirirdilər: guya DQMV-nin iqtisadiyyatı və mədəniyyəti geriləyir, əhali kəskin şəkildə azalır, Sepanakertin müəssisələri ayrı-ayrı rayonlara tabe edilir (Qarabağ İpək Kombinatı Nuxaya, Avtobaza Ağdama, Tikinti idarəsi Mingəçevirə, Mebel fabriki Bakıya), Stepanakertin mərkəz tərəfindən təchizatı getdikcə zəifləyir, vilayətin gənclərinin Bakının ali məktəblərində təhsil alması getdikcə çətinləşir, vilayət Maarif və Mədəniyyət nazirliklərinin, hətta Ali Sovetin Rəyasət Heyətinin diqqətindən kənarda qalır və bütün bunlar guya planauyğun olunur ki, “tədricən Azərbaycan SSR-in tərkibində milli muxtar vilayət kimi Dağlıq Qarabağ ləğv edilsin”. Son nəticədə belə qeyri-sağlam söhbətlər DQMV-nin Ermənistana birləşdirilməsinin zəruriliyinə gətirib çıxarır. Bu faktı deməyə məmnunuq ki, vilayətin bütün rayonları belə yanlış söz-söhbətdən uzaqdır. Qeyd edilən qeyri-sağlam söhbətlər, bizə belə gəlir ki, yaxın vaxtlarda peyda olub, lakin Avtobaza, Mebel fabriki, Tikinti idarəsi kimi müəssisələrdə kök sala bilib və bu söhbətlər nəinki boş-boşuna dolanan mütərəddid ünsürlər arasına, hətta Stepanakert şəhərində ziyalıların bir hissəsinin arasına da yol tapıb.” Onlar Axundova yazdıqları xidməti məlumatda mayın 18-də Stepanakert Tikinti idarəsində baş vermiş hadisəni belə təsvir edirdilər: “DQMV-in Ermənistana birləşdirilməsi ətrafında söz-söhbətin olması ilə bağlı suala cavab verən zaman may ayının 18-də Stepanakert teatrının binasına toplanmış Tikinti idarəsinin işçilərinin böyük bir hissəsi bu birləşməni qızğınlıqla müdafiə edir və alqışlayırdılar. Mühazirənin sonunda sual-cavab zamanı Tikinti idarəsində işləməyən və zala soxulub tribunaya yaxın dayanan hansısa fırıldaqçı özünün arzuolunmaz replikaları ilə dinləyicilərin diqqətinin yayındırmaq istəyirdi, bu fırıldaqçı ilə həmrəy olan çoxları onunla birlikdə zalı tərk etdi. Nəhayət, ev telefonlarına zəng edib adamların təhdid olunması və natəmiz şəxslərin digər əməllərinin olması faktını da yoldaş Şahnəzəov biz dedi…Vilayətin rəhbər işçilərinin məlumatına görə belə qeyri sağlam söz-söhbət Yerevana getmiş narazı adamlardan qaynaqlanır. Bizə elə gəlir ki, bəzi vilayət rəhbərləri Stepanakert əhalisinin bir hissəsinin qeyri-sağlam əhvalının zərərli tərəfini bütün dərinliyi ilə axıra qədər anlamırlar.” Onlar təcili tədbirlər görülməsini təklif edirdilər. Axundov xidməti məlumatla tanış olduqdan sonra MK Bürosu üzvlərinin onunla tanış olmasına göstəriş verdi, MK katibi Pyotr Yelistratov və Sənaye şöbəsinin müdiri Paşa Aruşanova tapşırdı ki, məsələ ilə bağlı öz təkliflərini versinlər.
Xidməti məlumatda və digər informasiyalarda ayrı-ayrı şəxslərin millətçilik cəhdlərindən danışılsa da, əslində, Stepanakertdə erməni əhalisinin böyük bir hissəsi millətçilərin təsiri altında idi və onlar hakimiyyət orqanlardan daha çox həmin “ayrı-ayrı” millətçilərin tapşırıqlarını icra edirdilər. Xüsusilə, Vilayət Partiya Komitəsinin birinci katibi Nikolay Şahnəzərova qarşı tək millətçilər deyil, köhnə kommunistlər, “fəal” komsomolçular, Stepanakert şəhərindəki sənaye müəssisələrinin fəhlələri, ziyalılar, ilk növbədə isə Azərbaycan Yazıçılar İttifaqının Dağlıq Qarabağ şöbəsinin üzvləri eyni cəbhədə birləşmişdilər.
1962-ci ilin iyun ayının 6-da Dağlıq Qarabağın köhnə kommunistləri Şahnəzərov haqqında “Pravda” qəzetinə geniş şikayət ərizəsi göndərmişdilər. Onlar Şahnəzərovu daha çox keçmişi ilə vururdular və yazırdılar: “Şahnəzəryan, daha doğrusu, Məlik bəy Şahnəzərov Nikolay Samsonoviç Şahnəzərovun babası, Vilayət Partiya Komitəsinin katibinin atası Samson Məlikoviç uzun illər Dağlıq Qarabağda ağalıq edib. Qarabağ əhalisi hamısı bir nəfər kimi bu Şahnəzərovların köləsi olub. Məlik bəy Şahnəzəryan keçmiş Xaçın və Vərənd rayonlarının bütün ərazilərini işğal etmişdi. İranlıların hücumundan qorunmaq üçün o, “Çanaxçı” deyilən yerdə böyük qala tikmişdi. Onun tikintisində məccani olaraq Qarabağın bütün əhalisi, 150 mindən çox adam havayı iştirak etmişdi. Qanunların sərtliyindən, aclıqdan, xəstəlikdən yüzlərlə, minlərlə adam ölmüşdü. Kim ağanın qanunlarına tabe olmurdu, həmin dəqiqə güllələnirdi. Məlik bəy Şahnəzəyanın sərt qanunlarına baxmayaraq İran ordusu Şahnəzər bəyin sərhədlərinə yaxınlaşdı. Onda Şahnəzəryan bəy İran ordusunun hərəkətini dayandırmaq üçün Dağlıq Qarabağ ermənilərindən bütün gözəl qızları hədiyyə kimi İran xanına vəd etdi. Dağlıq Qarabağ ermənilərinin bu qəddar düşməni zorla gözəl qızları valideyinlərindən ayırıb İran xanına göndərib.” Onlar yazırdılar ki, bütün bunları Dağlıq Qarabağ Muxtar Vilayəti partiya komitəsinin hazırkı birinci katibi Şahnəzəryan Nikolay Samsonoviçin babaları edib. Köhnə kommunistlər yazırdılar: “Azərbaycanda, xüsusilə, Dağlıq Qarabağda 1920-ci ildə, inqilabi dövrdə çoxları kimi erməni xalqının qəddar düşməni Məlik bəy Şahnəzəryan da (Samson Şahnəzəryan olmalıdır – C.H.) güllələndi. Lakin xanların varisi olan Dağlıq Qarabağ vilayətinin hazırkı katibi Nikolay Şahnəzəryan harada gizlənmişdisə, onda onu tapa bilmədilər, əgər tapsaydılar, şübhəsiz ki, onu da güllələyəcəkdilər. Lakin o, uzun müddət gizlənmiş və yalnız təhsilli aqronom kimi son vaxtlar peyda olmuşdur və Azərbaycana yad ünsür kimi onu Mərkəzi Komitə, yoldaş Axundov xalqın və Dağlıq Qarabağ Vilayət partiya təşkilatının iradəsinin ziddinə olaraq zorla Vilayət Komitəsinin birinci katibi təyin etmişdir.” Lakin köhnə kommunistlər burada yanlışlığa yol vermişdilər. Nikolay Şahnəzərovu Vəli Axundov yox, 1958-ci ildə İmam Mustafayev bu vəzifəyə gətirmişdi.
Köhnə kommunistlər Şahnəzərovun Azərbaycan KP MK-nın köməkliyi ilə Vilayət Partiya Komitəsinin ikinci katibi Sarkis Abramyanı, Mardakert rayon partiya komitəsinin katibi Poqosyanı, rayon sovetinin sədri Sarqisyanı, Hadrut rayon partiya komitəsinin birinci katibi Poqosyanı, rayon sovetinin sədri Abramyanı, Stepanakert rayon komitəsinin üçüncü katibi Baqdasaryanı, Şuşa şəhər partiya komitəsinin ikinci katibi Əzizyanı işdən çıxarmasını vilayət partiya komitəsinin terror edilməsi kimi təqdim edir və yazırdılar: “Bu diktator indi də vilayət sovetinin sədri Şaxramanyanın azad edilməsi məsələsini qoyub. Halbuki, o, yoxsul ailədən çıxıb və uşaq yaşlarından kənd soveti katibindən tutmuş vilayət sovetinin sədri vəzifəsinə qədər Dağlıq Qarabağda işləyib, harada işləyibsə partiya və hökumətin tapşırıqlarını çox vicdanla yerinə yetirib, əhali və fəallar arasında böyük nüfuza malikdir. Bunun acığına Şahnəzərov Şaxramanyanın Dağlıq Qarabağ Muxtar Vilayəti sovetinin sədri vəzifəsindən çıxarmağa nail olmağa çalışır. Beləliklə, Vilayət Komitəsinin katibi Şahnəzərov Dağlıq Qarabağdan bütün fəal işçiləri qovub. O özü bürokratdır, şəxsiyyətinə pərəstiş formalaşdırır, kabinetdən kənara çıxmır, kolxozlarda olmur.”
Köhnə kommunistlər sonra təsərrüfat məsələlərindən yazır, vilayətin iqtisadiyyatının dağıldığını iddia edir, heyvandarlığın 40-50 faiz aşağı düşdüyünü, Şahnəzərovun öz ətrafında yaltaqlar dəstəsi formalaşdırdığını, onun keçmişini xatırlatmağa cəsarət etdiyinə görə Yağ zavodunun direktoru İşxan Baqdasaryanı, Ət kombinatının direktoru Abkar Osipovu işdən çıxarmasını, Abramyan və Ulubabyanın tərəfindən yazılan “Dağlıq Qarabağ Muxtar Vilayəti” kitabını öz adına çap etdirməsini qeyd edib bildirirdilər ki, “bu yollarla belə bir avantürist yoldaş Axundovun rəğbətini qazanıb və Vilayət Partiya Komitəsinin katibi vəzifəsinə qoyulub…Sözdə o, Sovet hakimiyyətinə tərəfdardır, əməldə isə pozuculuq işləri aparır…Bu biabırçılıqlar haqqında dəfələrlə Azərbaycan KP MK-nın birinci katibi yoldaş Axundova məlumat verilib, lakin o, heç bir tədbir görmür. Şahnəzərov Axundov tərəfindən böyük dəstək aldığına görə vilayətdə özbaşınalıq və despotizm bərqərar edib.”
Stepanakert şəhərində baş vermiş 18 may hadisəsi ilə bağlı köhnə kommunistlər “Pravda”ya bildirirdilər ki, “1962-ci ilin may ayının 18-də Stepanakert Şəhər Avtobazası işçilərinin toplantısı çağırılmışdı. Bu toplantıya milis rəisi Xocayevi və vilayət məhkəməsinin sədri Xaçanovu dəvət edib iclas keçirilən binanı mühasirəyə aldılar, milis gücü tətbiq etməklə Şahnəzəryan bəyi tənqid edən çıxışçıları zaldan çıxardılar. Elə bu toplantıda bir nəfər vicdanlı sürücü partiyadan xaric edildi. Vilayət Komitəsinin katibi Şahnəzyanın milis rəisi Xocayev və məhkəmə sədri Xaçanov vasitəsilə repressiyaları o həddə çatdı ki, vilayət müəssisələrinin işçiləri və inşaatçı fəhlələr DQMV-nin Ermənistan SSR-in rəhbərliyi altına verilməsi məsələsini qaldırdılar. Ona görə ki, Şahnəzəryanın öz dəstəsi ilə birlikdə bəy özbaşınalığına qarşı yazılan şikayətlərə Azərbaycan MK katibi Axundov tərəfindən diqqət yetirilmir. Hətta Sov. İKP MK və dövlət orqanlarına ünvanlanmış məktublar respublikanın hüdudlarından kənara çıxmır və səssiz-səmirsiz yoxa çıxır. 1962-ci ilin fevral ayının 1-də Moskvaya yoldaş Xruşşovun və “Pravda” qəzetinin ünvanına sifarişli məktubla xalqın şikayəti göndərilib, lakin bu günə qədər heç bir tədbir görülməyib. Vilayətdə bəy vərəsəsi ağalıq edir, vilayət katibi Şahnəzəryan özünü yaltaqlarla əhatə edib. Bu şaykanı Sizin köməyiniz olmadan xalq çətin ifşa edəcək, necə ki, yoldaş Xruşşov Molotovun antipartiya qrupunu çətin ifşa etdi.” Onlar xahiş edirdilər ki, Şahnəzəryan Axundovun dostu olduğundan vilayətdə qeyd edilən faktları yoxlamaq üçün Moskvadan Azərbaycan KP MK-dan xəbərsiz və Bakıya tabe olmayan komissiya göndərilsin.
Nikolay Şahnəzərova qarşı kampaniyanın əsas təşkilatçısı Azərbaycan Yazıçılar İttifaqı Dağlıq Qarabağ Vilayət şöbəsinin məsul katibi, Vilayət partiya komitəsi üzvü Baqrat Ulubabyan idi. O, bir “kommunist və “sovet yazıçısı” kimi 1962-ci ilin iyun ayının 13-də Şahnəzərovla bağlı surəti Sov. İKP MK Rəyasət Heyətinə olmaqla Azərbaycan KP MK Bürosuna 15 səhifəlik geniş bir məktub yazmışdı. Əslində, arxa planda bütün işlərin təşkilatçısı olan Ulubabyan qeyd edirdi ki, indi bütün idarə və müəssisələrdə, kəndlərdə vilayətin iqtisadi və mədəni durumu haqqında çox danışırlar və əsasən, tənqidi məzmunda olan bu danışıqlar tez-tez xəstəlik təzahürlərinə qədər gedib çıxır, bu baxımdan ”Stepanakert Avtobazasının işçilərinin Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi haqqında bəyanatını xatırlamaq kifayətdir.” O təsvir edirdi ki, bir sıra rəhbər işçilər öz hərəkətləri ilə bu gərginliyi daha da qızışdırır və buna nümunə olaraq, Ulubabyan Azərbaycan KP MK-dan vilayətə göndərilən mühazirəçilər qrupunun “Azərbaycan və erməni xalqlarının çoxəsrlik dostluq ənənələri haqqında” oxuduqları mühazirələri xatırladır və bu mühazirəçilərdən kiminsə Şahnəzərovun səhv məsləhəti əsasında adamlara yanlış məlumatlar verməklə hadisələri təhlükəli məcraya yönəltdiyini bildirirdi. O, yazırdı: “Yoldaş Şahnəzərov mühazirəçiləri inandırmışdı ki, bütün bəlaların yuvası Yerevandır, millətçilik təzahürləri sayılan hər şey oradan gəlir. İkinci katib yoldaş Melkumyan da təsdiq etdi ki, belədir və bütün bu qarışıqlıqlar Qarabağ ziyalılarının işidir. Hər iki halda bu əsassız uydurmalar yüksək partiya vəzifəsi tutmuş adamların dilindən səsləndi. Gələn mühazirəçilər isə bu məsləhətdən ruhlandılar və yaranmış vəziyyəti aradan qaldırmağa “yardım” etdilər. Avtobaza, Bakı Mexaniki zavodunun Stepanakert filialının işçiləri üçün oxunan mühazirədə, xüsusən, mühazirədən sonrakı söhbətlərdə onlar məsələləri marksist-leninçi ideologiya mövqeyindən doğru izah etmək əvəzinə, Ermənistan SSR-in ünvanına belə sözlər deməyi özlərinə icazə verdilər, sanki söhbət qonşu sovet sosialist respublikası haqqında deyil, hansısa geridə qalmış düşmən ölkə haqqında gedirdi. Mühazirəçilərin demədiklərini də yoldaş Şahnəzərov tamamladı. Bu ilin may ayının 18-də Stepanakert inşaatçıları ilə bədnam görüşdə o, çıxış etdi və mənim erməni xalqımı ləkələyərək soruşdu: Siz kiminlə birləşmək istəyirsiniz? Ermənistanla, Yerevanla? O Yerevanla ki, hər dəfə orada olanda mənim cibimə süpürgə çəkib təmizləyir…Hiddətlənmiş inşaatçılar zalı tərk edib getdilər. Bax, belə vasitələrlə və çıxışlarla oyanmış milli hissləri sakitləşdirmək istəyirlər. Anlamırsan ki, burada nə çoxdur: məntiqin olmaması və ya erməni xalqına nifrət? Hər hansı başqa sovet xalqının ləyaqətinin belə təhqir olunması ciddi şəkildə cəzalandırılardı. Amma görünür ən yüksək tribunadan erməni xalqının ünvanına hər şeyi çərənləmək olar və bu çərənləmə cəzasız qala bilər. Lakin bütün bu qarışıqlıq və narahatçılığın səbəbi nədir? Yoldaş Şahnəzərovun güman etdiyi və yoldaş Melkumyanın Qarabağ ziyalılarının adını əlavə edib təsdiqlədiyi – doğrudanmı Yerevandır? Necə ola bilər ki, 42 il ərzində azərbaycanlılarla qardaşcasına dostluq, sülh və əmin-amanlıq şəraitində yaşayan Qarabağ erməniləri bu gün birdən-birə öz vəziyyətlərindən hiddətlənsinlər? Səbəb başqadır. Yoldaş Şahnəzərov isə nahaq yerə adamların diqqətini əsl səbəblərdən yayındırmağa cəhd göstərir.” Diqqəti əsl həqiqətdən yayındırmaq üçün Ulubabyan bir sıra kiçik faktlar gətirib bütün günahları Vilayət Partiya Komitəsinin birinci katibi Nikolay Şahnəzərovun üzərinə yönəldir, milli siyasətə aid marksizm-leninizm təlimini bilməməkdə, hər addımda uzaqgörənliyinin olmamasını nümayiş etdirməkdə, saxtakar, yaltaq və rüşvətxorları öz ətrafına toplamaqda, bilavasitə özünün də rüşvətxor olmasında məhz onu günahlandırırdı. Sonra Ulubabyan uzun-uzadı ayrı-ayrı şəxslərin vəzifədən çıxarılması, kimlərinsə vəzifəyə qoyulması, ayrı-ayrı idarə və müəssisələrdə baş verən mənfi hallar, Xocalı kolxozundan birinci katibə 15 çolpa göndərilməsi, xalq arasında dolaşan söhbətlərə görə vilayətin baş cərrahı Mamedkarovun guya Şahnəzrovun oğlu Vladimir Nikolayeviç Şahnəzərovu Moskvada aspiranturaya düzəltməsi, Stepanakert poçt şöbəsindən 1961-ci ilin sentyabr ayının 20-də onun adına 100 manat pul göndərməsi, həmin Mamedkarovun iki dəfə “Volqa” maşını alıb satması, onun xəstəxanada bir qızı zorlaması və istintaqın gedişində “müttəhimdən zərərçəkmişə çevrilərək” cinayət əməlindən ”təmiz” çıxması və sair məsələlərdən söhbət açırdı. O, yazırdı: “Yoldaş Axundov, yəqin, xatırlayırsınız, vilayət partiya konfransında Şahnəzərovun namizədliyi birinci katib vəzifəsinə irəli sürüləndə mən soruşdum: o, bizim sadə adamlarla necə danışacaq, axı ştat üzrə ona tərcüməçi verilmir. Doğrusu mən onda təsəvvür etmirdim ki, əsas əhalinin dilini bilməyən birinci katib milli muxtar vilayətə rəhbərlik edə bilər. Lakin o, katib oldu, rəhbərlik etməyə başladı və sair, Şahnəzərov kimi hərəkət etdi və mən tədricən əmin olmağa başladım ki, dili bilməmək elə də böyük bəla deyil. Ən böyük bədbəxtçilik ondadır ki, N.S. Şahnəzorov bizim xalqı sevmir, erməni mədəniyyəti ona yaddır…Ermənistan SSR-in 40 illiyində aparıcı erməni yazıçıları DQMV-nə gəlmişdilər. Şanlı ildönümünə həsr edilmiş gecələr keçirildi. Həmin qrup gedəndən sonra yoldaş Şahnəzərovun təzyiqi və yalnız ona yarınmaq istəyən Q. Qasparyanın böhtançı bəyanatı əsasında vilayət partiya komitəsi bürosu bu görüşü və doğma ədəbiyyatın ən yaxşı nümayəndələrini təhqir edən qərar qəbul etdi və həmin qərar bizim oxucular və fəallar tərəfindən hiddətlə qarşılandı. Şahnəzərov özünün hər çıxışında car çəkir ki, Dağlıq Qarabağ vilayəti Azərbaycanın ayrılmaz hissəsidir, bu demaqogiya ilə məşğul olmaq deməkdir. Bəs kim onu alır? Nə qədər ki, məlumdur, belə bir cəhd hələ olmayıb. Axı, heç kəsin ağlına nə vaxtsa gəlməz bəyan etsin ki, Bakı Azərbaycanın ayrılmaz hissəsidir. Yox, belə görüntü ona lazımdır, guya kimsə Qarabağı almaq istəyir, o, isə vermir. Guya bütün ermənilər Azərbaycan xalqının düşmənidir, o, isə tənha olaraq onun əsl dostudur…Bu yaxınlarda vilayət partiya komitəsinin bürosunda Şuşa rayon partiya komitəsinin ikinci katibi S. Şakiryan danışdı ki, Azərbaycan və erməni şöbələrinin fəaliyyət göstərdiyi Şuşa internat məktəbində tez-tez xoşagəlməz hallarla qarşılaşırsan. Toplantılarda ermənilər öz dillərində danışanda azərbaycanlılar narazılıq edir, azərbaycanlılar öz dillərində danışanda isə ermənilər narazılıq edir. Yoldaş Şahnəzərov həmin dəqiqə amiranə tonda resept yazdı ki, ancaq rus dilində danışmağa məcbur edin və kim sizinlə razılaşmasa yerini göstərin.” Ulubabyan sonda bildirirdi ki, bax, bütün bunlara görə Dağlıq Qarabağda adamlar narazıdır və onlar təxirə salınması mümkün olmayan bu məsələlərin düzgün və ədalətli həllini gözləyir.
Bu, əslində, Baqrat Ulubabyanın Şahnəzərov haqqında ikinci məktubu idi. Birinci məktubu o, may ayının 17-18-də mühazirəçilər qrupu ilə Avtobaza və inşaatçılar arasında yaranmış münaqişədən sonra may ayında Bakıya göndərmişdi. O, Şahnəzərov haqqında Sov. İKP MK və Azərbaycan KP MK-ya göndərdiyi şikayət ərizəsində çox ciddi ittihamlar irəli sürmüşdü. Vilayət partiya komitəsinin üzvü Ulubabyanın məktubunu araşdırmağı MK katibliyi 1962-ci ilin may ayının 25-də Mərkəzi Komitənin üzvü Qrant Babayan və Partiya Orqanları ilə İş şöbəsi müdirinin müavini Nikolay Nozdryaya tapşırmışdı. Stepanakertə ezamiyyətdən sonra yoxlamanın nəticələri barədə onlar Azərbaycan KP MK-ya 12 səhifədən ibarət geniş arayış hazırlamışdılar.
Mərkəzi Komitənin məsul işçiləri Ulubabyanın məktubunu bənd-bənd araşdıraraq bir çox məsələlərə, o cümlədən, Stepanakert Avtobazasında Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi arzusu ilə imza toplanması məsələsinə aydınlıq gətirməyə cəhd edirdilər. Çünki Ulubabyan yazmışdı ki, belə bir iddianın irəli sürülməsinin siyasi və iqtisadi zəmini yoxdur və vilayətdə milli hislərin qızışması bilavasitə Nikolay Şahnəzərovun “siyasi yetkinliyinin kifayət qədər aşağı olması və Lenin milli siyasətini yanlış anlaması, kadrların seçilməsində səhvləri, natəmiz adamları öz ətrafına toplaması” ilə bağlıdır. Bu məsələlərlə bağlı MK komissiyasının üzvləri yazırdılar: “Həqiqətən son vaxtlar Avtobaza, Mebel fabriki, Bakı Elektromexanika zavodunun filialı, Tikinti idarəsi, Stepanakert İpək kombinatında milli hissələrin qıcıqlanmasının təzahürləri olub. Belə qeyri-sağlam söhbətlərin yayılmasına Qarabağ İpək kombinatının Nuxaya, Avtobazanın Füzuliyə, DQMV Tikinti idarəsinin Mingəçevirə, Mebel fabrikinin Bakıya tabe olmasına üstünlük verilməsi, iqtisadiyyatın inkişafı, mədəniyyət, xalq təhsili və sair məsələlərdə Muxtar Vilayətin maraqlarının və hüququnun pozulması bəhanə olub. Bu ilin may ayının əvvəllərində məlumat daxil oldu ki, Stepanakert Avtobazasının alətlər hazırlayan mütəxəssis fəhləsi, sov. İKP üzvü S.S. Əsiryan siyahı tərtib edərək Dağlıq Qarabağ Muxtar Vilayətin Ermənistan SSR-ə birləşdirilməsini arzulayan şəxslərin imzasını toplayır. Bununla bağlı yalnız avtobaza işçilərinin deyil, cəmi 169 nəfərdən ibarət olmaqla onların ailə üzvlərinin də imzası toplanıb. İmza edənlər içərisində təşkilatçılarla yanaşı bir neçə digər kommunistin də imzası var.”
May ayının 17-də Şahnəzərovun təşəbbüsü ilə Stepanakert şəhər partiya komitəsi bürosunun üzvlərinin iştirakı ilə Avtobazanın ilk partiya təşkilatının iclası keçirildi. Gündəlikdə duran məsələ kommunst Əsiryanın Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsilə bağlı imza toplaması idi. Səsvermə zamanı 18 nəfər Əsiryanın Sov. İKP sıralarından xaric edilməsinə, 19 nəfər isə ona şəxsi işinə yazılmaqla şiddətli töhmət verilməsinə səs vermişdi. Lakin rayon partiya komitəsi dərhal ilk partiya təşkilatının qərarını ləğv edib Əsiryanı Sov. İKP sıralarından xaric etdi və Ermənistana birləşməyə imza atmış bir sıra kommunistlərə isə müxtəlif partiya cəzası verildi.
Mayın 18-də şəhər Dram teatrının binasında inşaatçılara mühazirə oxunarkən yaranmış gərginliyi araşdıran MK nümayəndələri yazırdılar ki, “mühazirəyə inşaatçılardan başqa sən demə bəlli bir məşğuliyyəti olmayan, əvvəllər mühakimə edilmiş adamlar və bütövlükdə 600 nəfər olmaqla digər idarə və müəssisələrin bəzi işçiləri də gəlmişdi. Mühazirədə katiblər və Vilayət Partiya Komitəsi bürosu üzvlərinin əksəriyyəti iştirak edirdi. Xalqlar dostluğu haqqında mühazirəni fəlsəfə elmləri namizədi yoldaş Şakirzadə oxuyub. Eyni zamanda mühazirədə professor Petros Mosesov iştirak edib. Şəhər əhalisinin bir hissəsi, xüsusilə, işləməyən adamlar arasında məişət səviyyəsində şayiələr yayılıb ki, həmin gün dövlət teatrında keçirilən iclasda muxtar vilayət haqqında məsələ yüksək səviyyədə müzakirə ediləcəkdir. Mühazirə başa çatandan sonra rəyasət heyətinə milli muxtariyyətin hüquqları, DQMV-in Ermənistan SSR-ə birləşdirilməsi, ərzaq və sənaye malları ilə təchizatda çatışmazlıqlar, DQMV hüdudlarında ticarət və təchizat işçilərinin əliəyriliyi və sair məsələlər haqqında çoxsaylı suallar gəldi. Suallara əsasən N. Şahnəzərov cavab verirdi. Onun cavablarında kobudluq həddinə çatmış bəzi qıcıqlandırıcı məqamlar olub. Bizim respublikada ayrı-ayrı oğurluq və əliəyrilik faktlarının olduğunu izah etməyə çalışan Şahnəzərov bildirib ki, xidməti işi ilə bağlı Yerevanda olarkən bir neçə dəfə onu soyublar. Zalda bir neçə dəfə hay-küy qalxıb, cavabdan narazılıq ifadə ediblər, Şahnəzərovdan tələb ediblər ki, ermənicə danışsın və suallara ermənicə cavab versin. Xüsusilə, adını müəyyənləşdirmək mümkün olmayan iştirakçılardan biri özünü ədəbsiz aparıb. Rəyasət heyətinin onu intizama dəvət etməsi bir nəticə vermədikdə, Şahnəzərov ondan zaldan çıxmağı xahiş edib. O, nümayişkarcasına yerindən durub və iştirakçılara müraciət edib ki, onun ardınca gəlsinlər. İştirakçıların təxminə üçdə biri onunla birlikdə zaldan çıxıb.”
Faktları araşdıran MK əməkdaşları bu qənaətə gəlirdilər ki, Vilayət Partiya Komitəsinin bürosu və onun birinci katibi Şahnəzərov bir tərəfdən bəzi hallarda siyasi laqeydlik, qeyri-yetkinlik və prinsipsizlik göstərmiş, digər tərəfdən əsassız olaraq siyasi əsəbilik nümayiş etdirmiş, şəraitə uyğunlaşa bilməmişdir. Onlar yazırdılar: “Vilayət rəhbərliyi avtobaza, tikinti idarəsi, mebel fabrikində qeyri-sağlam təzahürlərdən xəbərsiz ola bilməzdi. Lakin vaxtında gərəkli tədbirlər görülməyib. Bu qeyri sağlam təzahürlər açıq formaya keçəndə Vilayət Komitəsinin bürosu və yoldaş Şahnəzərov panikaya bənzər həyəcan təbili çalıb. Bu özünü Bakıya həyəcanlı zəngdə, mühazirəçilərin tələsik çağırılmasında, hazırlanmamış toplantıların çağırılmasında ifadə edib.” Toplantının təşkili ilə bağlı vilayət partiya komitəsinin üçüncü katibi Seymur Vəzirova istinadən arayışda göstərilirdi ki, şəhər inşaatçılarının toplantısında fəxri yerlərdə milli ehtirasların qızışdırılmasına ton verən bərbərlər, çəkməçilər otuzdurulub. Eyni zamanda, sənəddə professor Mosesov iştirak etdiyi halda, həm avtobaza, həm də inşaatçılar qarşısında xalqlar dostluğu haqqında fəlsəfə elmləri namizədi Şakirzadənin mühazirə oxuması düşünülmüş addım hesab edilmirdi. Onlar Stepanakerdə baş vermiş hadisəni partiya-siyasi və əhali arasında izahat işlərinin zəif təşkili, vilayətin rəhbər işçilərinin kütlələrdən, xüsusilə, ziyalılardan ayrı düşməsi, əhalinin ehtiyac və tələblərinə kifayət qədər diqqətlə yanaşılmaması ilə izah edirdilər. Komissiya Ulubabyanın göstərdiyi bir sıra faktları təsdiq etsə də, eyni zamanda bir sıra faktların işıqlandırılmasında onun ağrılı-əsəbi şişirtmələrə, sensasiya xarakterli qışqırıqlara yol verdiyini də qeyd etmişdi.
Öz növbəsində respublika DTK-nın Dağlıq Qarabağ vilayət şöbəsi də Stepanakertdə baş verən hadisələr barədə Moskvaya və Bakıya gizli məlumatlar göndərmişdi. Orada göstərilirdi ki, Vilayət Partiya Komitəsinin rəhbəri kimi Şahnəzərov Stepanakertdə keçirilən bir toplantıda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbinin yanlış olduğunu ermənilərə rus dilində izah edəndə bir erməni ona atmaca atmışdı ki, “xalqla ermənicə danış, sənin babaların Məlik-Şahnəzərovlar bütün məlikliyi iranlılara satdı, sən isə bütün Qarabağı satırsan.” Vilayət Partiya Komitəsinin katibi əsəblərini cilovlaya bilməyib ona “rədd ol buradan” deyə qışqıranda həmin şəxs zalı tərk etmişdi və toplantı iştirakçıları da onun ardınca zaldan çıxmışdılar. DTK-nın yerli şöbəsinin rəisi Abramovun Bakıya göndərdiyi bu məlumatdan aydın olmuşdu ki, rəhbər partiya işçisi kimi Şahnəzərovun əhali arasında nüfuzu yoxdur. Digər tərəfdən, Azərbaycan DTK-nın sədri Kardaşovun Ermənistanlı həmkarlarından aldığı məlumata görə Yerevanın nəzarətində olan millətçi ermənilər tərəfindən terrorla təhdid edilən Şahnəzərov pozuculuqla məşğul olan şəxslərə qarşı prinsipial mövqe nümayiş etdirməmişdi. 1962-ci ilin may ayının 10-da Dağlıq Qarabağ Vilayət Komitəsinin birinci katibinin adına gələn hədələyici məktubda deyilirdi: “Şahnəzərov, sənə xəbərdarlıq edirik ki, Stepanakert şəhərinin ermənilərini türklərə satmısan, (ipək) kombinatını Nuxaya, mexanika birliyini Qaryaginə, qalanlarını da Ağdama vermisən. Ermənilərin qəddar düşməni, həyatınla risk edirsən. Sənin babaların nə qədər ermənini məhv etmişdi, indi sən başlamısan. Sən sağ qalmayacaqsan, bilməlisən ki, biz ermənilərik. Bu 272 nəfərin müraciətidir. Biz özümüz yaxşı bilirik ki, biz kimik və sən kimsən.” Ermənilər belə hədələyici anonim terror təhdidləri ilə vilayətin partiya, sovet və hüquq mühafizə orqanlarını çəkindirir, yerli erməni əhalisini qorxu altında saxlayırdılar.
Qrant Babayan və Nikolay Nozdryanın arayışında göstərilən tənqidi məqamları müzakirə etmək üçün Vəli Axundov və MK Bürosunun üzvü Paşa Aruşanov Dağlıq Qarabağa getmiş və iyun ayının 20-24 arasında vilayət partiya komitəsinin aktivində, büro və plenumunda iştirak etmişdilər, habelə, bu məsələlər Mardakert, Martuni və Hadrut rayon partiya təşkilatlarında da müzakirə edilmişdi. 1962-ci ilin iyun ayının 25-də Azərbaycan KP MK Bürosu Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin birinci katibi Nikolay Şahnəzərov haqqında yazılmış şikayətlərin yoxlanması haqqında Axundovun məlumatını dinləyib onu nəzərə almışdı. Eyni zamanda büro Əlixanov, Yelistratov və Aruşanova tapşırmışdı ki, DQMV-nin xalq təsərrüfatının inkişafı, zəhmətkeşlərə göstərilən mədəni-məişət xidmətinin yaxşılaşdırılması haqqında tədbirlər planını hazırlayıb Azərbaycan KP MK və Respublika Nazirlər Sovetinə təqdim etsinlər.
Araşdırmaların nəticələrinə dair Sov. İKP MK-ya məlumat göndərən P. Yelistratov bildirirdi ki, Ulubabyanın məktubunda göstərilən bir sıra faktlar həqiqətə uyğundur və vilayətin partiya və sovet orqanları sənaye və kənd təsərrüfatı istehsalının inkişafına yetərli dərəcədə diqqət göstərmir, kadrların seçilib yerləşdirilməsində bir sıra səhvlərə yol verilir, zəhmətkeşlər arasında, xüsusilə, Stepanakert şəhərinin sənaye və tikinti müəssisələrində partiya-siyasi təbliğatı və izahat işləri zəif aparılır. Eyni zamanda məlumatda göstərilirdi ki, Ulubabyan Şahnəzərovla bağlı bəzi iddiaları həqiqətə uyğun deyil və şəxsi intriqa xarakteri daşıyır. Yelistratov yazırdı: “Ulubabyan və digərləri N. S. Şahnəzərovun zadəgan keçmişini göstərirlər. Bu məsələni əvvəllər də qaldırıblar. Yuxarı partiya orqanlarına məlumdur ki, yoldaş Şahnəzərovun babası zadəgan nəslindəndir və o bunu öz tərcümeyi-halında göstərib. İyun ayının 20-24-ü arasında Dağlıq Qarabağ vilayət aktivinin, Mardakert, Martuni və Hadrut rayon partiya fəallarının toplantılarında Şahnəzərovun fəaliyyəti tənqid olunmuş və ondan işdə dönüş yaratmaq tələb edilmişdi.
Dağlıq Qarabağın sosial-iqtisadi inkişafı və mədəni-məişət ehtiyacları ilə bağlı Əlixanov, Yelistratov və Aruşanovun təcili hazırladığı tədbirlər planı haqqında 1962-ci ilin iyun ayının 30-da Azərbaycan KP MK və Respublika Nazirlər Soveti birgə qərar qəbul etdi. Qərara əsasən respublika plan komitəsinə tapşırıldı ki, 1962-1964-cü illərdə Stepanakert şəhərində sutkada 20 ton çörək-bulka, 2 ton şirniyyat, 25-30 ton süd məhsulları istehsal edən zavodların tikintisini plana salsın. Tədbirlər planında Qarabağ ipək kombinatının 400 dəzgah hesabına genişləndirilməsi, kombinata 45 min manat kredit ayrılması, Şirlan və Turşsu minerallarından istifadənin nəzərdə tutulması, Qarabağ şərab trestinin yenidən qurulması, Mardakert rayonunda, Kuropatkin kəndində şərab zavodlarının tikilməsi, Şuşada şərq musiqi alətləri fabrikinin tikilməsi, Hadrut rayonunda məişət kombinatının inşası, əhaliyə və heyvandarlıq fermalarına xidmət etmək üçün vilayətə 5 avtomaşın ayrılması, Əsgəranda pivə zavodunun tikilməsi, vilayətin bir sıra rayonlarında avtomobil pavilyonlarının tikilməsi, Stepanakert şəhərinə su xətti çəkilməsi və mehmanxana tikilməsi, 960 yerlik orta məktəb binasının istifadəyə verilməsi, mənzil tikintisinin genişləndirilməsi, Şuşada mədəniyyət evinin inşası, Hadrut, Martuni və Mardakert rayonlarında kinoteatr və kitabxana binalarının tikilməsi, Martuni və Şuşa rayon mərkəzlərinin hər birində 100 çarpayılıq xəstəxanaların tikintisi, vilayətdə Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutunun filialının açılması, erməni dilində radio verilişlərinin artırılması, Yevlax-Şuşa-Laçın yolunun Stepanakert-Əsgəran hissəsinin təmir edilməsi, Şuşa-Füzuli yolunun çəkilməsi, Hadrut-Horadiz yolunun layihələndirilməsi, vilayətin bütün kolxoz və sovxozlarının elektrikləşdirilməsi və sair məsələlər nəzərdə tutulmuşdu.
Lakin Baqrat Ulubabyan yoxlamanın nəticəsi kimi Şahnəzərovun Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində saxlanmasından narazı qalmışdı. O, 1962-ci ilin iyul ayının 23-də Vəli Axundova yazdığı məktubda bu narazılığı ifadə edir və yazırdı: “Bütün bunlardan mən özüm üçün nəticə çıxarıram ki, Siz hələ də yoldaş Şahnəzərovu tanımırsınız. Təəssüf! Əgər tanımısansa və bütün hallarda qərara gəlmisən ki, onu Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində saxlamaq olar, onda mən başa düşmürəm, görünür mən indiyə qədər vicdan və həqiqət, ədalət və partiya işinə sədaqət anlayışlarını aydınlaşdıra bilməmişəm.” 1962-ci ilin yazında və yayında Şahnəzərova qarşı aparılan kampaniya artıq onun mövqeyini xeyli zəiflətmişdi. Vilayətdə kök atmış millətçi dairələr ona işləməyə imkan vermirdi. Bütün bunlardan sonra Azərbaycan KP MK Bürosu və birinci katib Vəli Axundov Nikolay Şahnəzərovun vilayət partiya komitəsinin birinci katibi vəzifəsindən azad edilməsinə qərar verdi, 1962-ci ilin noyabr ayının 14-də Vilayət Partiya Komitəsinin plenumu bu işi başa çatdırdı.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button