2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Cəsur Məmmədov: “Hakimiyyət alternativ ordu quruculuğu üçün iqtisadi əsaslar formalaşdırır”

“Çox yaxın perspektivdə Azərbaycanda təhlükəsizlik və müdafiə sektoru iki istiqamətə ayrılacaq”

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Məmmədov hərbi qanunvericilikdə edilən son dəyişikliklərin müxtəlif məqsədləri hədəflədiyi qənaətindədir.

Bu barədə Meydan TV-yə danışan Cəsur Məmmədov bildirib ki, dəyişikliklər həm qarşıdakı dövrdə ölkənin maliyyə vəsaitlərinə müəyyən qədər qənaət etmək istəyini, həm büdcə vəsaitlərinin əsasən işğaldan azad edilmiş ərazilərdə bərpa-tikinti işlərinə sərf olunması planını, eyni zamanda, Silahlı Qüvvələrdə kadr çatışmazlığı ilə bağlı vəziyyəti ehtiva edir:

Saytların yığılması Saytlarin yigilmasi

“Sadə dillə desək, belə görünür ki, hakimiyyət alternativ ordu quruculuğu üçün iqtisadi əsaslar formalaşdırır”.

Dekabrın 19-da Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb.

Milli Məclis, Foto: By aquatarkus/Shutterstock

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev qanun layihəsində hərbi qulluqçuların pensiya hüququ, təhsil almaq hüququ və xidmət keçmə müddətləri ilə bağlı dəyişikliklərin nəzərdə tutulduğunu qeyd edib.

Bildirib ki, Azərbaycan ərazisində fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrində qiyabi təhsilin mövcud olmaması səbəbindən və Azərbaycanın Silahlı Qüvvələrinin peşəkar, bilikli və bacarıqlı hərbi qulluqçularla komplektləşdirilməsi məqsədilə “Hərbi qulluqçuların statusu haqqında” qanuna müvafiq dəyişikliyin edilməsi təklif olunur. Dəyişikliyə əsasən, hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanının rəsmiləşdirilmiş icazəsi olduqda mülki təhsil müəssisələrində təhsil ala biləcəklər.

Arzu NağıyevArzu Nağıyev
Arzu Nağıyev. Foto: Deputatın şəxsi arxivindən

Amma Cəsur Məmmədov hesab edir ki, son dəyişikliklər hərbçilərdə neqativ əhval-ruhiyyə yaradacaq:

“Hazırda bunu müşahidə etməkdəyik. Xüsusilə də o hərbçilərdə ki, onlar bu gün-sabah təqaüdə çıxmağa hazırlaşırdılar. Görünür, hakimiyyət bu istiqamətdə bir az güzəştə getməyə məcbur olub. Belə ki, hərbi xidmətin müddəti ilə bağlı son dəyişiklik 20 illik müddəti bitirməyə 3 ildən az vaxtı qalan hərbçilərə aid olmayacaq, yəni onlar köhnə qayda ilə – 20 illik hərbi xidməti başa vurub təqaüdə çıxa bilərlər. Yaxud yeni qayda ilə daha 5 il əlavə hərbi xidmət keçə bilərlər. Yəni onlara seçim imkanı verilib. Digərləri isə bu seçim imkanından məhrumdurlar”.

“Doğrudur, yeni dəyişikliklər hərbi qulluqçuları həmin əlavə 5 ili xidmət etməyə şirnikləndirir, bu 5 il ərzindəki məvaciblərdə və 25 illik xidmətdən sonra veriləcək təqaüddə indiki ilə müqayisədə müəyyən qədər artımların olacağı bildirilir. Amma bunlar çox cüzi artımlar hesab edilə bilər”,-deyə hərbi ekspert əlavə edib.

C.Məmmədovun sözlərinə görə, çox yaxın perspektivdə Azərbaycanda təhlükəsizlik və müdafiə sektorunun yenidən qurulması strategiyası çərçivəsində iki istiqamət rəsmən ayrılacaq:

“Birinci istiqamət Azərbaycanda sovet hərbi qanunvericiliyi üzərində formalaşmış, zaman-zaman müəyyən dəyişikliklərə məruz qalan ənənəvi ordu strukturları ilə bağlı istiqamətdir ki, burada vəziyyət əsasən stabil, eyni zamanda məhdudlaşdırıcı, getdikcə daha çox daraldıcı xarakterə malik olacaq”.

Ordu, foto: Meydan TvOrdu, foto: Meydan Tv
Foto: Meydan TV

Ekspert deyir ki, hazırda hərbi qanunvericilikdə dəyişikliklər daha çox bu istiqamətlə bağlıdır.

“Söhbət ixtisarlardan, şəxsi heyətin sayının azalmasından gedə bilər. Amma bu, hardasa 5-10 ili əhatə edəcək bir prosesdir. Nəticədə ənənəvi ordu sisteminin tədricən yeni islahatlar prosesindən kənarda qalacağını görəcəyik. Hazırda bu ayrılmanın başlanğıc, müşahidə oluna bilən mərhələsindəyik. Məqsəd yəqin ki, bu ayrılma prosesinin ağrısız, az ziyanla başa çatmasıdır”,- C.Məmmədov deyir.

Onun fikrincə, ikinci əsas istiqamət Türkiyənin dəstəyi ilə hazırda formalaşdırılmaqda olan ordu sistemidir:

“Bu, bir növ peşəkar ordu quruculuğudur, amma müqaviləli sistem deyil, mükəlləfiyyətli bir ordu sistemidir. Əlbəttə ki, bu sistem ənənəvi-sovet hərbi qanunvericiliyinə əsaslanan ordu sistemindən çox fərqlidir. NATO əsaslı Türkiyə ordusuna bənzər qurulmaqdadır. Yəni alternativ ordu quruculuğu tədricən ənənəvi ordunu kölgədə qoyacaq. Hazırda orduda xidmət edənlərin daha çox hərbi xidmətdə olmalarına çalışılır ki, gənc kadrlar daha çox ikinci istiqamətə cəlb edilsin. Müvafiq müddətdən sonra ikinci istiqamət inkişaf edəcək, güclənəcək. O zaman birinci istiqamətə ehtiyac qalmayacaq, nəticədə sovet hərbi qanunvericiliyi əsasında formalaşmış ənənəvi ordu tədricən ləğv ediləcək. Bu prosesi ordu daxilində bir növ “Asan xidmət” kimi düşünmək olar”.

Cəsur SümərinliCəsur Sümərinli
Foto: Cəsur Məmmədovun şəxsi arxivindən

O, əldə etdiyi məlumatlara əsaslanaraq qeyd edib ki, hazırda Azərbaycanda Türkiyə Silahlı Qüvvələrinin 300-dən artıq hərbi təlimatçısı fəaliyyət göstərir:

“Onların əsas hissəsi Müdafiə Nazirliyinin Baş idarəsində və Silahlı Qüvvələrin Baş Qərargahında cəmləşib. Müəyyən əhəmiyyətli hissə hərbi təhsil müəssisələrində fəaliyyət göstərir. Digər bir hissə isə yerlərdə – hərbi hissələrdə baş verən proseslərə nəzarət edirlər. Onlar orduda olan prosesləri yaxından izləyir, problemləri qeydə alır və aradan qaldırılması üçün təkliflər, planlar təqdim edir”.

Hərbi ekspert Silahlı Qüvvələrinin yenidən qurulmasında ortaya çıxan problemlərin əsasən maliyyə siyasəti və kadrlarla bağlı olduğunu güman edir:

Son qərarlar, yeni hərbi təhsil müəssisələrinin yaradılması, vətəndaşların bu təhsil müəssisələrində xidmətə şirnikləndirilməsi, hərbi qanunvericilikdə dəyişikliklər, son bir-iki ərzində orduda korrupsiya ilə bağlı həbslər və sairə addımlar elə yuxarıda qeyd etdiyim məhz bu iki istiqamətlə birbaşa və ya dolayısı ilə bağlıdır”.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri bildirib ki, yaxın perspektivdə Azərbaycanda müdafiə və təhlükəsizlik sektorunda məvacib, təqaüd, təchizat, tender və sairə maliyyə əsaslı fəaliyyətləri əlaqələndirən yeni dövlət qurumu yaradılacaq:

Məqsəd, islahatların maliyyə tərəfində maksimum çevikliyə nail olmaqdır. Bu ideya həyata keçəndən sonra mümkündür ki, Azərbaycanda hərbi qulluqçuların məvacibləri, təqaüdləri ilə bağlı növbəti müəyyən dəyişikliklər olsun. Eyni zamanda, mümkündür ki, prosesin baş verməsi üçün xeyli müddət lazım ola bilər”.

O, xeyli sayda neqativ amillər sırasında şəffaflıq və hesabatlılığın olmadığını görür:

Heç kimə sirr deyil ki, Azərbaycan Silahlı Qüvvələrinin təminat və təchizat işləri ənənəvi olaraq hakim siyasi ailəyə yaxın şirkətlər tərəfindən həyata keçirilib və keçirilməkdədir. Tender müsabiqələri və s. böyük əksəriyyət hesabı ilə cəmiyyətdən qapalı keçirilib və bu hazırda da baş verir. Qanunvericilikdə edilən son dəyişikliklərdə hərbi tenderlərlə bağlı məhdudiyyətləri daha da artırdılar. Belə bir vəziyyətdə Silahlı Qüvvələr quruculuğunun səmərəliliyinə inanmaq olduqca çətindir. Digər narahatlıq doğuran orduda insan haqları, idarəetmədə demokratiklik və sairə ilə bağlıdır. Bu istiqamətlərdə yetərincə problemlər mövcuddur. Onların necə həll ediləcəyi, Türkiyə – Azərbaycan hərbi məsləhətləşmələrində bu istiqamətdə hansı strateji planların olması sual altındadır”.

Onun fikrincə, əsas ciddi məsələlərdən biri də ordu üzərində demokratik nəzarət mexanizmlərinin tətbiqi ilə bağlıdır:

“Burada ordunun təkcə mülki cəmiyyət (əsasən QHT-lər və media nəzərdə tutulur) qarşısında deyil, eyni zamanda parlament qarşısında hesabatlılığından söhbət gedir. Medianın və QHT-lərin hərbi islahatlar prosesindən kənar saxlanılması, hərbi sahə ilə bağlı istənilən məlumata “hərbi sirr“ və ya “dövlət sirri” adı verilməsi, tənqidlərə dözümsüzlük və sairə kimi məsələlər ciddi narahatlıq doğurur. Bütün bu prosesdə ümidverici bir məsələ var ki, o da proseslərdə kənar bir tərəfin- Türkiyənin iştirakı ilə bağlıdır. NATO üzvü olan Türkiyənin bu proseslərdə iştirak etməsi, islahatlara nəzarət etməsi və bu vəziyyəti Azərbaycan tərəfinin qəbul etməsi azca da olsa pozitiv ümidlərə əsas verir. Aydındır ki, belə bir vəziyyətdə orduda aşağı və orta səviyyəli rüşvətxorluğun və korrupsiyanın aradan qalxacağına müəyyən inam yarana bilər. Amma yuxarı səviyyədə korrupsiyanın ləğv olunması yəqin ki, ölkədə siyasi hakimiyyət dəyişikliyinə bağlı məsələdir”.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button