Loading...
Loading...
24 saat

Cahangir Hacıyev niyə cəzalandırılıb?

Vəkili Aqil Layıcov telefon danışığı ilə bağlı ittihamları rədd edir və gerçək səbəbi açıqlayır

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin keçmiş sədri, 2015-ci il dekabrın 5-dən həbsdə olan Cahangir Hacıyevin vəkili Aqil Layıcov onun saxlandığı cəzaçəkməəssisəsində daxili intizam qaydalarını pozduğuna görə cəzalandırıldığı haqda deyilənləri təkzib edir. Vəkil bildirir ki, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovun bu haqda açıqlaması həqiqətə uyğun deyil.

Mehman Sadıqov deyib ki, “Cahangir Hacıyev başqa bir məhkumla əlbir olaraq, həmin məhkum telefonla danışdığı anda telefon danışıq otağına daxil olub və həmin məhkum dəstəyi Cahangir Hacıyevə verib. Bununla da daxili nizam-intizam qaydalarını pozub”. Penitensiar Xidmətin sözçüsünün dediyinə görə, telefon danışığına nəzarət edən əməkdaş danışığın dayandırılması barədə qərar qəbul edib: “Bununla əlaqədar Cahangir Hacıyev həmin əməkdaşa qarşı kobudluq edib. İntizama dəvət olunmasına baxmayaraq mövcud rejim qaydalarına riayət etməkdən imtina edib. O buna qədər də bir neçə dəfə daxili intizam qaydalarının pozulmasına yol verib. Lakin onunla aparılan profilaktik söhbətlər müsbət nəticə vermədiyinə görə cərimə təcridxanasına keçirilib. Onun barəsində olan tənbeh müddəti bitdiyi üçün artıq cərimə təcridxanasından çıxarılıb”.

Cahangir Hacıyevin vəkili Aqil Layıcov müvəkkili haqqında səslənən ittihamlara belə cavab verib:

“İlk növbədə qeyd edim ki, müəssisə daxili davranış və intizam qaydalarına əsasən,  bir məhkum telefonla danışanda başqa bir məhkumun dəstəyi alıb onun danışdığı adamla danışması intizam məsuliyyətinə səbəb ola bilməz. Penitensiar Xidmətin rəsmisi bu versiyanı elə səsləndirib ki, sanki qayda pozuntusu və qanuna zidd davranış varmış. Ən azı, belə absurd bəhanədənsə, sualıma cavab versinlər ki, Cahangir Hacıyevin vəkilləri ilə görüşünə niyə imkan verilmir? Vəkillə görüşməyə heç bir halda, məhdudiyyət qoyula bilməz, hətta şəxs cərimə təcridxanasında olsa belə. On gündür ki, hər gün gedib- gəlməyimizə rəğmən müvəkkilimizlə görüşə bilmirik. Onun yaxınları ilə görüşünə də qadağa qoyulub. İsti paltarların, yemək və dava-dərman qəbulu qadağan edilib. Həmçinin digər hüquqları da əlindən alınır.

Penitensiar Xidmətin açıqlamasında bildirilir ki, guya Cahangir Hacıyev dəfələrlə intizam qaydalarını pozub. Bu, nöqtəsinə qədər yalandır. Bu cür bəyanatlar verəndə, niyə düşünmürlər ki, texniki tərrəqinin inkişaf çağında yalan bəyanatlar dərhal ifşa ediləcək.

Bİz baş verən qanun pozuntuları ilə əlaqədar dəfələrlə ölkə başçısına, Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə, Ombudsman Aparatına dəfələrlə müraicət etmişik. Amma çox təəssüf ki, reallıq tam başqadır.

Cahangir Hacıyevin cərimə təcridxanasına salınmasına gəlincı, bunun yeganə səbəbi, onun mətbuada gedən qarayaxmalara öz mövqeyini bildirməsidir. Əgər bu, cinayətdirsə, onda Konstitusiyada, daxili qanunlarımızda və qoşulduğumuz beynəlxalq sənədlərdə qeyd olunan ifadə azadlığına dair mütərəqqi normaları leksikonumuzdan çıxaraq. Varsa, bu hüquqlarlardan hər kəs yararlana bilər, o cümlədən cəza çəkən şəxslər. Onun ancaq ancaq azadlığı məhdudlaşıb, digər hüquqları, məsələn, informasiya almaq, informasiya vermək kimi hüquqlar ona da aiddir. Bu hüquqlar məhdudlaşdırıla bilməz”.

Xatırladaq ki, Cahangir Hacıyev 15 il azadlıqdan məhrum edilib və hazırda 13 saylı cəzaçəkməəssisəsində saxlanılır.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button