Now Reading:
Dünya Bankı: ''Alıcılıq qabiliyyətinin enməsi Azərbaycan iqtisadiyyatını şoka salıb''

Dünya Bankı: ''Alıcılıq qabiliyyətinin enməsi Azərbaycan iqtisadiyyatını şoka salıb''

”Azərbaycan iqtisadiyyatı üçün hərtərəfli strategiya lazımdır” 

“Manatın məzənnəsinin korreksiyası gec baş verib. Azərbaycan iqtisadiyyatı üçün hərtərəfli strategiya lazımdır”

APA yazır ki, bunu Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer mayın 11-də keçirilən konfransda deyib.

İqtisadçı bildirib ki, neft gəlirlərinin azalması səbəbindən Azərbaycanda alıcılıq qabiliyyətini 25 faiz enib. Bu da milli iqtisadiyyatda böyük şok yaradıb: 

“Azərbaycan xüsusilə ixracyönümlü mal və xidmətlər sahəsini inkişaf etdirməlidir. Sonuncu dəfə Azərbaycanda olanda iqtisadiyyat sahəsində tədbirlərlə bağlı 5 zəruri istiqaməti açıqlamışdım. Bunlardan birincisi monetar siyasətlə bağlı idi. Həmin dövrdən bəri bu istiqamətdə müəyyən tədbirlər görülüb. Azərbaycanda məzənnə çevikliyi təmin edilməlidir. Yəni ölkədaxili qiymətlər xarici qiymətlərə uyğunlaşmalıdır”. 

Hans Timmer deyir ki, bu, məzənnənin hesabına baş verməzsə, qiymətlərin korreksiyası hesabına baş verəcək: 

“Azərbaycanda məzənnənin korreksiyası gec baş verdi. Buna görə də iqtisadiyyata mənfi təsirlər çox oldu. Azərbaycanın monetar siyasətində vəziyyət xeyli yaxşılaşıb. Bununla belə, bank sektorunun sağlamlaşdırılmasını təmin etmək vacibdir. Neftin qiymətinin düşdüyü bir şəraitdə bank sektorunun sağlamlığı vacibdir”.

İqtisadçı deyir ki, banklar fiskal siyasət hesabına yox, restrukturizasiya hesabına sağlamlaşdırılmalıdır. Bank sektoru üçün ən optimal struktur islahatları seçilməlidir: 

“Bundan başqa, banklar yeni iş yerlərinin yaradılmasına dəstək verəcək xidmətlər göstərməlidir. Bank sektoru iri şirkətlərin, neft sektoru və tikinti sektorunun maliyyələşməsinə diqqət yetirirdi. Azərbaycanda bankların yeni sahələri maliyyələşdirmək baxımından bir o qədər təcrübəli yoxdur”.

H.Timmer bildirib ki, Azərbaycanda fiskal dayanıqlıqla bağlı xeyli işlər görülüb: “Amma fiskal tədbirlər gecikdiyindən bəzi çətinliklər qalıb. Xarici şokun yaratdığı çətinliklərin əhali arasında paylanmasına xüsusi diqqət yetirilməli və əhalinin aztəminatlı hissəsinə dəstək verilməlidir. Azərbaycanda ticarət və startap layihələri sahəsində çox işlər görməlidir”.

Dünya Bankının açıqladığı Avropa və Mərkəzi Asiya regionu üzrə “Keçid dövründə ticarət” adlı hesabatında isə deyilir ki, 2017-ci il Azərbaycanda iqtisadi geriləmə 1,4 faiz olacaq. Bankın proqnozlarına əsasən, 2018-ci ildə Azərbaycan iqtisadiyyatı 0,6 faiz artacaq.

DB bundan öncə 2017-ci ildə Azərbaycanda 1,2 faizlik geriləmə, 2018-ci ildə isə 2,3 faizlik iqtisadi artım proqnozlaşdırılıb.

Bank hesab edir ki, 2017-ci ildə Azərbaycanda illik inflyasiya 7,8, növbəti il isə 4,2 faiz olacaq. Bundan öncə DB 2017-ci ildə ölkədə inflyasiyanın 5 faiz təşkil edəcəyini proqnozlaşdırıb.

24saat.org

Mənbə – www.meydan.tv

Input your search keywords and press Enter.