Loading...
Loading...
Cəmiyyət

Elçibəyin həkimi: “Xəstəliyinin irəli mərhələdə olduğunu bilirdi” – MÜSAHİBƏ/FOTOLAR

Hazırda Ankara Onkoloji xəstaxanasının urologiya bölüməsində çalışan professor Cankon Germiyanoğlu ilə müsahibəni jurnalist İlhamə Qasımlı aparıb.

Elçibəyin həkimi olmağınızın hekayəsi nə zamandan başlayıb?

– Elçibəylə ilk ünsiyyətimiz Ankarada, çalışdığım xəstəxanada oldu.

Onu ilk dəfə fevralın sonu və ya martın əvvəllərində (2000-ci il) Türkiyəyə, bizim xəstəxanaya gəldiyi zaman gördüm. O dövrün səhiyyə naziri Osman Durmuş mənə bir türk ağsaqqalın bəzi xəstəliklərinin olduğu, təyyarə ilə Türkiyəyə gələrək xəstəxanamızda müayinə ediləcəyini, bəlkə bir əməliyyat, bəlkə bir müalicə lazım olduğunu dedi. Ona görə də biz xəstəxanada gözlədik. Hörmətli prezident axşam işdən sonra, gecə saatlarında gəldi. Ona lazımi analizləri etdik. Onunla ilk təmasımız bu şəkildə oldu.

– Xəstəxanaya ilk gəlişində onun vəziyyəti necə idi?

– İlk gəldiyində vəziyyətini bilmirdik. Amma götürülən analiz və müayinələrdən sonra prostat xərçəngi olduğunu gördük. Xəstəliyin hansı mərhələdə olması, vücuduna nə qədər yayılıb-yayılmadığı ilə bağlı testlər etdik.

– Xəstəliyi hansı mərhələdə idi?

– Bunu deyə bilərəm – gecikmişdi, şiş vücudunun bəzi yerlərinə yayılmışdı. Çox irəliləmiş şiş idi. Əməliyyat şansı olmayan, bəzi dərmanlarla müalicə edilməsi lazım olan bir mərhələdə idi.

– Azərbaycana ezam olunmağınızın səbəbi nə idi?

– Elçibəyin səhhətini onsuz da o, Türkiyədə qaldığı müddətdə izəyirdim. Ankara xəstəxanasında, bizim klinikamızda yatırdı. Ona müxtəlif müalicə üsulları tətbiq edirdik. O vaxt hələ bir az yaxşı idi.

Azərbaycana getdikdən sonra onun Amerika səyahəti oldu.

İyulun əvvəllərində mənə telefonla zəng etdi. Vəziyyətinin yaxşı olmadığını söylədi.

Buna görə də mən vəziyyəti nazir Osman Durmuşa xəbər verdim. O da məni Azərbaycana ezam etdi, Ankara-İstanbul-Bakı reysi ilə getdim. Səhərə yaxın Bakıya çatdım. Məni qarşılayıb, Bakı kənarında, qaldığı bir bağ evinə apardılar. Orada Elçibəyi təkrar müayinə edib vəziyyətini dəyərləndirdim.

Elçibəyin Germiyanoğluna son görüşdə verdiyi xatirə hədiyyəsi.

– Vəziyyəti necə idi?

– Pis idi. Vəziyyəti pozulmuşdu. Hətta Türkiyədə müalicə edilməsinin vacib olduğunu özünə söylədim. O zaman Azərbaycanı tərk etmək istəmirdi. Bir az məcbur etdim, Bakıda müalicəsinin [mümkün] ola bilməyəcəyini, Türkiyəyə getməli olduğunu dedim. Onsuz da o vaxtlar hər gün təyyarə yox idi. Mən 7 iyul, 2000-ci ildə axşamüstü Bakı-İstanbul-Ankara uçuşu ilə Elçibəyi Ankaraya gətirdim.

Həmin gün Elçibəy mənə bir Bakı tablosu vermiş, həyat yoldaşıma da bir güldan hədiyyə göndərmişdi. İndi də evimdə saxladığım bu hədiyyələrin üstündə “07.07.2000” tarixi yazılıb. Ona görə tarixi dəqiq xatırlayıram.

Elçibəy Bakıdakı son addımlarını atarkən mən də yanında idim.

Əbülfəz Elçibəyin həkimi Cankon Germiyanoğlunun həyat yoldaşına hədiyyə göndərdiyi güldan.

Əbülfəz Elçibəyin həkimi Cankon Germiyanoğlunun həyat yoldaşına hədiyyə göndərdiyi güldan.

– Hava limanında yolasalma mərasimi necə olmuşdu?

– Mən bəzi şeyləri söyləmək istəmirəm, amma hava limanında onunla çox da yaxşı davranılmadı. Mənə qarşı bir şey edilmədi, amma Elçibəyi pasport nəzarətindən keçirərkən 10-15 dəqiqə gözlətdilər. Nəticədə bu adam Azərbaycanın prezidenti olmuşdu, bir dəqiqə belə gözlədilmədən oradan keçirilməli idi.

– Sizinlə söhbətlərində arzularından bəhs edirdimi? Ölümünü gözləyirdimi?

– Ölümünü gözlədiyini zənn etmirəm. İnanclı bir insan idi.

Bir dəfə ondan niyə saqqal saxladığını soruşdum. Dedi, Təbriz müstəqil olduğu zaman saqqalımı kəsəcəm. Anladığım qədər Cənubi Azərbaycanın müstəqilliyini xəyal edən, uman adam idi.

Əbülfəz Elçibəyin Türkiyəyə müalicə üçün getməsi o dövrdə Türkiyə mətbuatında dərc olunan xəbərdə.
Əbülfəz Elçibəyin Ankaraya müalicə üçün getməsi o dövrdə Türkiyə mətbuatında dərc olunan xəbərdə.

– Xəstəliyinin sürətlə inkişaf etdiyini bilirdimi? Ona vəziyyətinin ciddi olduğu haqda deyilmişdimi?

– Onsuz da səhhəti ilə bağlı bəzi vəziyyətləri özünə yüngül şəkildə çatdırdıq. Hansı səviyyədə şiş olduğundan danışdıq. Xəstəliyinin irəli mərhələdə olduğunu bilirdi.

– Elçibəyin xəstəliyinin çox sürətlə inkişaf etməsi ona qarşı qəsd ehtimallarını yaratmışdı…

– Xəstəliyi çox sürətə irəliləmədi, onsuz da müalicəyə gecikmişdi. O, Türkiyəyəyə gəldiyi vaxt yayılmış, gecikmiş prostat xərçəngi idi. Türkiyəyə gəlməzdən əvvəlki vəziyyətini bilmək mümkün deyil – nə edildi, müalicə aldımı, bilmirik. Amma, hər halda, müalicə görmədi. Çünki ilk diaqnozunu biz qoyduq.

– Sizcə, Elçibəyin xəstəliyi nə vaxtdan yaranmışdı?

– Hər halda, xeyli müddət idi, bəlkə də illər öncəsindən.

24 saat” “Elçibəyin həkimi: “Xəstəliyinin irəli mərhələdə olduğunu bilirdi” – MÜSAHİBƏ/FOTOLAR” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button