2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Elçin Sadıqov: “Əvəz Zeynallı bu günə qədər pulumu ödəməyib”

Deyirdi ki, Ramiz Mehdiyevi “mənəvi atası” adlandırır, ona görə oğlunun adını Ramiz qoyub”

“Xural TV”nin həbsdə olan rəhbəri Əvəz Zeynallının məhkəməsində bir neçə dəfə vəkil Elçin Sadıqovun çağırılıb dindirilməsi məsələsi qaldırılmışdı. O, dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinə – Əvəz Zeynallının işi üzrə məhkəmə prosesinə gəlib.

Lakin bu dəfə Əvəz Zeynallının vəkilləri məhkəməyə vəsatət veriblər ki, Elçin Sadıqov dindirilməsin. Onlar bildiriblər ki, Əvəz Zeynallıya ittiham verilmiş epizodlardan biri – “Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınması iddiasıyla bağlı Elçin Sadıqov haqqında da ayrılmış cinayət işi var. Yəni Elçin Sadıqovun haqqında hazırda cinayət təqibi davam edir, təqsirləndirilən şəxs statusundadır, bu üzdən şahid qismində dindirilə bilməz.

Saytların yığılması Saytlarin yigilmasi

Təqsirləndirilən şəxs özünü müdafiə eləmək üçün yalan da danışa bilər, buna görə məsuliyyət daşımır. Elçin Sadıqov məhkəmədə ifadə verməsin və onun cinayət işinin materiallarında olan ifadəsi sübutlar siyahısından çıxarılsın”, – vəkillər belə deyib.

Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-da “Baku Steel Company” MMC-nin keçmiş rəhbəri Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadan vəkil Elçin Sadıqov vasitəsilə 20 min manat rüşvət almaq ittihamıyla həbs olunub. Həmin vaxt Elçin Sadıqov da cinayətdə iştirakçılıq ittihamıyla həbs edilib. Vəkil bir həftə sonra – sentyabrın 17-də ev dustaqlığına buraxılıb. 2023-cü ilin martında Əvəz Zeynallının işi məhkəməyə göndəriləndə Elçin Sadıqov haqqında iş ayrılıb.

Prokuror isə israr edib ki, Elçin Sadıqov dindirilsin:

Əvvəl Əvəz Zeynallı və vəkilləri Elçin Sadıqovun dindirilməsini istəyirdilər, indi mövqelərində dəyişiklik ediblər. Bu işdə Elçin Sadıqov ittiham tərəfin sübutudur və dindirilməsini xahiş edirik”.

Bundan sonra Elçin Sadıqov məhkəmə zalına çağırılıb. O bildirib ki, istintaqda verdiyi ifadəsini təsdiqləyir:

Mən bura gəlmək istəmirdim. Lakin gördüm ki, qarşı tərəf bundan sui-istifadə edir. Mən istintaqdakı ifadələrimi təqsirləndirilən şəxs qismində vermişəm. Həmin ifadələrimi də təsdiqləyirəm. Hazırda da barəmdə cinayət təqibi davam etdiyinə görə şahid qismində ifadə vermək istəmirəm. Konstitusiyaya görə heç kəs öz əleyhinə ifadə verməyə məcbur edilə bilməz. Burada şahid qismində verəcəyim ifadə sonradan mənim əleyhimə yönələ bilər”,

Prokuror onun şahid qismində dindirilməsini istəsə də, Əli Məmmədov, Azad Məcidov və Səbinə Məmmədzadədən ibarət hakimlər kollegiyası bir neçə dəqiqəlik müşavirədən sonra Elçin Sadıqovu şahid statusunda dindirməmək qərarı verib: “Sonradan öz əleyhinə istifadə olunmaması üçün Elçin Sadıqovun şahid qismində dindirilməməsinə qərar verildi”.

Lakin məhkəmədə onun istintaqdakı ifadəsi elan olunub. Elçin Sadıqov orada deyib ki, “Xural TV”də Rasim Məmmədov və onun ailə üzvləri haqqında tənqid və təhqir xarakterli fikirlərin səslənməməsi üçün Əvəz Zeynallı 20 min manat pul tələb edib. Rasim Məmmədovun həyat yoldaşı da bu vəsaiti verməyə razılaşıb. O, sürücü vasitəsilə vəsaiti göndərib:

 “Mən sentyabrın 3-də Əvəz Zeynallı ilə görüşüb, Mehriban Məmmədovanın göndərdiyi pulu Əvəz Zeynallıya vermişəm”.

Elçin Sadıqovun sözlərinə görə, Əvəz Zeynallı “Xural TV”də yenidən Rasim Məmmədov haqqında danışıb, razılaşma pozulub. Mehriban Məmmədova pulu tələb edəndə isə 20 mini qaytarmayıb:

O pulu mən öz hesabıma qaytardım. Bu günə qədər də Əvəz Zeynallı pulumu ödəməyib”.

İstintaqda Elçin Sadıqova sual verilib ki, Əvəz Zeynallı ilə aralarındakı danışığın səs yazısında sənədlərin qaytarılmasından bəhs olunurdu. Bu barədə nə deyə bilər?

Mən ona sənəd verməmişəm. 100 dənə 200-lük əskinasdan ibarət 20 min manat pul vermişəm”, – cavabında Elçin Sadıqov belə deyib.

İfadənin elanından sonra Elçin Sadıqov bildirib ki, orada yazılanları təsdiqləyir.

Daha sonra məhkəmədə Əvəz Zeynallı ilə birlikdə mühakimə olunan “Səda TV” adlı “Youtube” kanalının idarəedicisi Elnur Şükürovun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırılıb. Onun vəkili bildirib ki, Elnur Şükürovun ailə vəziyyəti ağırdır, həyat yoldaşı və atası xəstədir, hətta uşaqlarının məktəbə getməsində də problem yaranıb.

Lakin hakimlər vəsatəti təmin etməyib – Elnur Şükürovun ev dustaqlığına buraxılmasından imtina olunub.

Daha sonra məhkəmədə Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovanın dindirilməsi məsələsi müzakirə olunub. Onun adı şahidlər sırasında olsa da, məhkəməyə gəlməkdən imtina edib. Sonuncu dəfə də məktub göndərib ki, ölkədə deyil, yeni ildən sonra gələcək.

Əvəz Zeynallı və vəkilləri onun ifadəsinin elan olunmasına etiraz ediblər. Bildiriblər ki, özü gəlib məhkəmədə ifadə versin.

Lakin etirazlara baxmayaraq, hakimlər onun ifadəsinin elan olunmasına qərar verib.

Mehriban Məmmədova ifadəsində bildirib ki, “Xural TV”də həyat yoldaşı, övladları haqqında tənqid və təhqir xarakterli fikirlər səsləndirilirdi.

Əvəz Zeynallı ərimi cinayətkar adlandırırdı, metallurgiya sənayesini məhv etməkdə ittiham edirdi. Deyirdi ki, Rasim Məmmədov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevi “mənəvi atası” adlandırır, oğlumun adı da ona görə Ramiz qoyulub. Ərimin vəkili Elçin Sadıqovla bu barədə söhbət elədik. O dedi ki, vaxtilə Əvəz Zeynallının vəkili olub, onunla münasibətləri yaxşıdır. Bir müddət sonra məlum oldu ki, bizdən danışmaması, danışsa belə, müsbət fikirlər söyləməsi üçün pul tələb edir. Razılaşdım. Pulu alandan sonra da davam elədi”.

Əvəz Zeynallı və Elnur Şükürovun məhkəməsi dekabrın 22-də davam edəcək.

Əvəz Zeynallı 2022-ci il sentyabrın 9-da həbs olunub. Ona qarşı ilk ittiham Rasim Məmmədovun ailəsindən pul alınmasıyla bağlı olsa da, sonradan Elnur Şükürovla birlikdə başqa ittihamlar da irəli sürülüb. Cinayət işinin materiallarında iddia olunur ki, Sumqayıtda, Sabunçuda obyekt tikmək istəyən və s. adamlardan Elnur Şükürov vasitəsilə pul alınıb. Əvəz Zeynallı isə həmin adamların məsələsinin həllini səlahiyyət sahiblərindən xahiş edib və beləliklə, onların xeyrinə qərar verilməsinə nail olub.

Bundan başqa, Əvəz Zeynallı özü isə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin binasında Hüquqi Təminat və İnsan Resursları İdarəsinin rəisi Şahbaz Qasımovdan 8 min manat pul almaqda ittiham olunur.

Lakin onların hər ikisi ittihamları rədd edir. Əvəz Zeynallı bu ittihamların uydurma olduğunu, onu susdurmaq üçün sifarişlə həbs olunduğunu bildirir. O, tələb edir ki, rüşvət aldığına dair konkret faktlar ortaya qoyulsun. Məsələn, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə gedib-gəldiyini sübutlar təqdim edilsin.

Elnur Şükürov isə sentyabrın 13-dən həbsdədir. O da özünü təqsirli bilmir, Əvəz Zeynallı əleyhinə ondan tələb olunan ifadəni vermədiyinə görə həbs olunduğunu bildirir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button