2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Erkin Qədirli: “İstanbulda baş verən terrorun arxasında Rusiya durur”

24 saat.org Respublikaçı Alternativ Hərəkatının (REAL) nümayəndəsi, tanınmış hüquqşünas Erkin Qədirli ilə müsahibəni təqdim edir.

– Erkin bəy, Türkiyədə baş verən son terror hadisəsi ilə bağlı sizin mülahizələriniz nədən ibarətdir?

– Bu məsələnin iki tərəfi var. Bir var sırf terror aktının cinayət tərəfi. Bunun detallarını bilmədən nəsə demək olmaz. Hazırda istintaq prosesi gedir. Yəqin ki, istintaq nəyisə sübut edəcək. Bir də var məsələnin siyasi tərəfi. Bu da, çox qəliz məsələdir. Çünki tarixin bütün dövrlərində bu coğrafiyada savaşlar, müharibələr olub. Bütün imperiyaların, sonrakı dövrdə mərkəzlərin toqquşan maraqları bu ərazilərdə zaman-zaman zorakı qarşıdurmalarla müşahidə edilib. İndi təsəvvür belədir ki, son hadisələrin arxasında böyük ehtimalla Rusiya durur.

Saytların yığılması Saytlarin yigilmasi

– Niyə məhz Rusiya?

– Çünki məlum təyyarə krizisindən sonra Rusiyadan Türkiyə ünvanına hədələr gəlirdi. Bu hədələr rəsmi və qeyri rəsmi olurdu. Bu mənada son hadisənin arxasında Rusiyanın olmasını düşünmək üçün əsas var. Ancaq bu işdə Rusiya olmaya da bilər. Düzdür, son terror hadisəsini törədənlərin kimliyinə baxanda bəlli olur ki, hamısı keçmiş SSRİ ölkələrindəndir. Bunun özü də, olayın arxasında Rusiyanın ola biləcəyi ehtimalını artırır. Lakin bu fərziyyədir. Konkret bir söz demək doğru olmazdı, gözləyək görək istintaq hansı nəticələrə gələcək.

– Bunu Rusiya necə edə bilərdi ki, terrorun olduğu gün artıq Türkiyə-Rusiya münasibətlərində istiləşmə müşahidə edilirdi?

– Qənaətimcə, Türkiyə-Rusiya, Türkiyə-İsrail münasibətlərində əldə edilən irəliləyişin bu terror hadisəsi ilə əlaqəsi yoxdur. Ancaq nəzərə almaq lazımdır ki, terror aktı bir gündə hazırlanmır. Əksinə, belə əməliyyatların hazırlığı aylarla aparılır. Sursatlar, adamlar, istifadə ediləcək texnika, əlaqələndirmə, partlayıcı maddələri. Bunlar adi məsələ deyil. Bəzən aylarla bu hazırlıq gedir. Özü də, gizli şəkildə gedir ki, terrorun arxasında hansı mərkəzin durduğu bəlli olmasın. Əgər mənim gümanım doğrudursa və bu işlərin arxasında Rusiya durursa, məncə, terrorun məhz münasibətlərin yumşalması ərəfəsində baş verməsi təsadüfidir. Başqa sözlə, terror hücumu xeyli öncədən hazırlanıb. Prezident Ərdoğanın məktubundan sonra bu terror hadisəsini dayandırmaq çətin ola bilərdi. Terroru dayandırmaq göstərişi neçə əldə keçməli idi ki, son anda əsas icraçılara gəlib çatsın və onlar dayansınlar. Bir sözlə, çox şeylər ola bilər.

– Siz Rusiya ehtimalını irəli çəkirsiniz, amma deyilənlərə görə, İŞİD artıq terror aktını öz üzərinə götürüb…

– İŞİD belə deyir, Türkiyə baş naziri başqa söz demişdi, üstəlik hadisəni törədənlərin kimliyi bəlli oldu. Bir sözlə, çox şey ola bilər. Nəzərə alın ki, biz ancaq fərziyyələrlə danışırıq. Əslində mənim elə bir ciddi faktım yoxdur ki, bunun əsasında Rusiyanın adını deyim. Sadəcə olaraq ümumi şübhələr, siyasi risklər var. Biz buna baxıb fikrimizi deyirik. Ancaq prinsipcə, bunu hər kəs edə bilər. Ümumiyyətlə bir neçə güc mərkəzi var ki, Türkiyənin ayaqda qalmasını, güclü olmasını istəməyə bilər.

– Gəlin konkretləşdirək, kimlər Türkiyənin güclü olmasını istəmir?

– Məntiqlə qərb bunu istəməyə bilər. Elə Rusiyanın özü də Türkiyənin böyüməsi, güclənməsi və dünya siyasətində əsas qüvvələrdən biri olmasına sevinməyə bilər. Prinsipcə, ərəblərdə bunu istəməyə bilər. Nəzərə alın ki, hərənin öz marağı var və onlar sövdələşib işləmirlər. Hərə öz marağına görə addım atır. Bir daha qeyd edirəm ki, buna səbəb Türkiyənin coğrafiyasıdır. Bu coğrafiyada tarixdən bu yana savaşlar olub. Niyə Skandinaviyada savaş olmur? Çünki bura heç kimə lazım deyil, hələ ərazinin bir hissəsi də buzun altındadır. Burada sən hansı boğazlara, ticarət yollarına nəzarət edə bilərsən? Ancaq biz söhbət etdiyimiz coğrafiyada mühüm boğazlara nəzarət, ərəbistan yarmadasına kiriş, İran, Qafqazlar, türk dünyası, aralıq və qara dəniz məsələsi var. Bu məsələlər ətrafında da maraqlar toqquşur. Hər kəs də, öz marağına uyğun addım atır. Odur ki, biz burada böyük güclərin sövdələşməsindən danışa bilmərik. Hərə öz oyununu oynayır. Türkiyədə məhz yerləşdiyi coğrafi mövqeyinə görə, bu oyunların mərkəzində və hədəfindədir. Əgər Bizans dağılmasaydı və bu gün Türkiyənin yerində xristian yunan ölkəsi olaraq davam etsəydi, bu oyunlar onun başına gələcəkdi.

– Terror hadisəsi zamanı siz Türkiyədə idiniz?

– Bəli, Türkiyədə idim, amma terrorun baş verdiyi İstanbulda deyildim. Daha çox Antalya istiqamətində idik.

– Hadisə Türkiyə daxilində necə qarşılanır, kimlər buna görə, qınanılır?

– Mən Alaniyada idim. Burada yerli hakimiyyətdə millətçilərdir. CHP və MHP burada güclü, AKP isə zəifdir. Burada çoxları Ərdoğanı qınayırdı. Söhbət ondan getmir ki, İstanbul terrorunu Ərdoğan edib. Belə bir söz demirlər, çünki bu ağlasığmazdır. Amma ümumi siyasi məsuliyyət Ərdoğanın üzərinə qoyulur. Yəni Orta Doğu, Balkanlar, Rusiya siyasəti özünü doğrultmadı. Təbii ki, burada Türkiyənin iç prosesi də var. AKP-nin konstitusiya dəyişikliyinə getməsi, Davudoğlunun istefası və s. Yəni hər şey əslində bir-birinə qarışıb. Türkiyənin iç siyasətinin gündəmi fərqli görünür. Terror sadəcə iç siyasətə əlavə arqument gətirdi. Belə də terrora münasibət eynidir, hər kəs istəyir ki, icraçılar, sifarişçilər cəzalandırılsın və belə hallar bir daha baş verməsin. Fərqli yanaşma odur ki, AKP-dən olan mütəxəssislər hümbətçilikdən danışır, deyirlər ki, biz müsəlman olduğumuz üçün terrorun hədəfinə gəlmişik. MHP-CHP-yə yaxınlar isə hümbətdən deyil, millətdən və cümhuriyyətdən danışır. Məsələlərə də, bu iki fərqli prizmadan baxılır və yanaşılır.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button