2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Əvəz Zeynallı Eynulla Fətullayevə: “Sənə görə bura salındım…”

Baş redaktor məhkəmədə dindirildi

“Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının məhkəməsində “haqqin.az” saytının baş redaktoru Eynulla Fətullayev dindirilib. Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsində “Səda TV” adlı “Youtube|” kanalının idarəedicisi Elnur Şükürovla birlikdə mühakimə olunur. Onların işinə Əli Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Oktyabrın 20-də keçirilən məhkəmə iclasında Eynulla Fətullayev “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri, 3 ilə yaxındır həbsdə olan Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınması haqda Əvəz Zeynallıya verilən ittiham üzrə şahid qismində dindirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Eynulla Fətullayev 2022-ci ilin sentyabrında “Facebook” hesabında səs yazısı yayıb. Bunun əsasında Baş Prokurorluqda araşdırma başlayıb, ardınca Əvəz Zeynallı vəkili Elçin Sadıqov vasitəsilə Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət almaq ittihamıyla həbs olunub. Eyni zamanda, vəkil də bu cinayətdə iştirakçılıqda təqsirləndirilərək həbs edilib. Sonradan Elçin Sadıqov ev dustaqlığına buraxılıb. Əvəz Zeynallının işi məhkəməyə göndəriləndə isə onun haqqında cinayət işi ayrılıb.

Eynulla Fətullayev məhkəmədə ifadəsində bildirib ki, Əvəz Zeynallını jurnalist kimi tanıyıb, onunla ünsiyyəti olub. Rasim Məmmədovla isə uşaqlıqdan dostdular. Onun sözlərinə görə, Elçin Sadıqov əvvəllər öz vəkili olduğuna görə dostu həbs ediləndə ailəsinə təklif edib ki, ona da vəkillik eləsin:

“Arabir Rasim Məmmədovgilin evində görüşüb, onun həyat yoldaşı Mehriban xanım, Elçin Sadıqov və mən işini müzakirə edirdik”.

Şahidin sözlərinə görə, günün birində vəkildən eşidib ki, Əvəz Zeynallı rəhbərlik etdiyi internet kanalında Rasim Məmmədov haqqında təhqiramiz fikirlər səsləndirir:

“Deyirdi ki, Rasim Məmmədov oğlunun adını niyə Ramiz qoyub?”.

Eynulla Fətullayev deyir ki, Elçin Sadıqov Əvəz Zeynallının da vəkili olub, onunla münasibəti vardı. Bu səbəbdən vəkil söz verib ki, bu məsələ ilə əlaqədar onunla görüşüb, həll edəcək. Bir müddət sonra isə eşidib ki, Əvəz Zeynallı bir daha Rasim Məmmədov mövzusundan danışmamaq üçün 20 min manat istəyir:

“Sonra bildim ki, Rasim Məmmədovun yoldaşı Mehriban xanım o pulu vəkil vasitəsilə göndərib. Amma Rasimin özünün xəbəri olmamışdı bu məsələdən. Sonradan biləndə hirsləndi”.

Eynulla Fətullayev ifadəsinin davamında bildirib ki, bir müddət sonra Əvəz Zeynallının rəhbərlik etdiyi kanalda yenə də Rasim Məmmədov haqqında xoşagəlməz fikirlər səsləndirib:

“Əsəbiləşib Elçin Sadıqova zəng elədim. Ona 1 saat vaxt verdim ki, 20 min manat Rasimin ailəsinə geri qaytarılsın. Bundan sonra o, Mehriban xanıma Əvəzlə aralarındakı danışığın səs yazısını göndərib. Mehriban xanım da o səs yazısını mənə göndərmişdi. Səsə qulaq asdım, bir də Elçin Sadıqova zəng elədim ki, pul qaytarılsın”.

Eynulla Fətullayev vurğulayıb ki, pul qaytarılmadığına görə səs yazısını yayıb.

Əvəz Zeynallı Eynulla Fətullayevi onunla ünsiyyəti olduğu halda, baş verənləri özüylə dəqiqləşdirməməyə görə qınayıb. O vurğulayıb ki, Rasim Məmmədov haqqında danışmamaq üçün 20 min manat istəməsi, pul alması haqda iddialar yalandır:

“Belə bir sövdələşmə olmayıb, ola da bilməzdi. Əgər sizin dediyiniz kimi, mən 20 min almışdım, sonra da yenə onun əleyhinə danışırdımsa, niyə özümə zəng eləyib heç nə demədiniz? Mehriban xanım niyə zəng eləmədi? Adətən adam özü zəng eləyib bir soruşar ki. sən niyə belə eləyirsən? Heç baxmamısan mən onun haqqında nə demişəm…”.

Əvəz Zeynallı həbsində Eynulla Fətullayevin rolu olduğunu vurğulayıb, buna görə onu qınayıb və aralarında belə bir dialoq olub:

  • Sənə görə bura salındım…
  • Sən özün özünü ora saldın. Azərbaycan hüquqi dövlətdir, ədalət mühakiməsi var.
  • Hə, sən görmüsən bunu. Vaxtilə səni də “voronokda” (dustaqların gətirilib-aparıldığı maşın) gətirəndə 8 nəfər döymüşdü…

Məhkəmə prosesinin davamında təqsirləndirilən Elnur Şükürov ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Lakin vəsatət təmin olunmayıb.

Əvəz Zeynallı və Elnur Şükürovun məhkəməsi davam edir.

Əvəz Zeynallı və Elnur Şükürov 2022-ci ilin sentyabrından həbsdədir. Əvəz Zeynallıya Rasim Məmmədovun ailəsindən rüşvət almaqdan əlavə başqa ittihamlar da verilib. O, Elnur Şükürovla birlikdə vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə və s. əməllərdə ittiham olunurlar. Lakin heç biri özünü təqsirli bilmir.

Əvəz Zeynallı siyasi sifarişlə, onu susdurmaq üçün şərlənib həbs olunduğunu bildirir. Elnur Şükürov isə Əvəz Zeynallının əleyhinə tələb olunan ifadəni vermədiyinə görə həbs edildiyini deyir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button