2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Fazil Mustafaya görə saxlanılan şəxs: “Bölmədə dedilər narkotiki boynuna götürməsən, ananı buraya gətirəcəyik”

“Mənim, ailəmin həyatını məhv etməyin”

Bu ilin aprelində sosial şəbəkələrdə və müxtəlif saytlarda fotosu yayılaraq, deputat Fazil Mustafaya qarşı silahlı hücumun iştirakçılarından biri kimi təqdim edilən, daha sonra narkotik ittihamı irəli sürülən İlkin Süleymanovun məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Novruz Kərimovun sədrliyilə, Rasim Sadıqov və Leyla Əsgərova-Məmmədovadan ibarət hakimlər kollegiyası baxır.

1992-ci il təvəllüdlü İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddələrilə ittiham irəli sürülüb. Tutularkən onun cibindən 3 qram narkotik tapıldığı iddia olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin İlkin Süleymanov məhkəmədə bildirib ki, bu ittiham saxtadır. Onun sözlərinə görə, narkotiklə heç bir əlaqəsi yoxdur, heç siqaret də çəkmir. Yaşadığı Binəqədi rayonu, Xocasən qəsəbəsində qəssablıqla məşğul olur:

“Səhər saat 8-də işə gedirdim, axşam 10-a qədər işdə olurdum. Mənim telefonuma baxın, görün ki, ət müştərilərindən başqa kimlərləsə danışıqlar, mesajlar var? Mənim heç məscidə getməyə vaxtım olmur, əti o tərəfə çəkib, işdə namaz qılıram. Mənim 30 yaşım var, iki körpə uşağım qalıb, niyə bədbəxt eləyirlər? Üç banka kreditim tökülüb qalıb. Baxın da mənim əllərimə. Onsuz da öz dərdim özümə bəsdir. Mənim, ailəmin həyatını məhv etməyin. Nə atam var, nə qardaşım. Bir yaşlı anam var”.

İlkin Süleymanovun sözlərinə görə, cinayət işinin materiallarında onu Binəqədi rayonu, 4-cü polis bölməsinin əməkdaşlarının saxladığı göstərilsə də, bu yalandır. O bildirib ki, 40-cı polis bölməsinin əməkdaşları saxlayaraq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar:

Orada Səbuhini, Azəri soruşdular. Səbuhini ümumiyyətlə tanımırdım. Azər ət alan müştərim olub. Sulutəpə, Xocasənin yarısı bizdən ət alırdı. Halal ət kəsirdik, ona görə. Araşdırdılar, gördülər ki, mənlik bir şey yoxdur. Oradan məni 4-cü bölməyə gətirdilər. Orada mənə dedilər ki, bir “çetlik” narkotik veriləcək, götür. Razılaşmadım ki, nə danışırsız, mən heç siqaret çəkmirəm. Dedilər ki, “onda gedib həyətinizdən daha çox çıxaracağıq, ananı bura gətirəcəyik”. Qandalı qollarıma elə vurmuşdular, barmaqlarım gömgöy idi. İki gün ərzində ailəmə yerim barədə heç bir məlumat verilməmişdi. Mənə “vətən xaini” deyirdilər. Telefonumda Kərbəla ziyarətindəki şəklimi göstərdilər. Özümü öldürmək istəyirdim. Fikirləşdim ki, iki gündə mənim başıma bunları gətirənlər bundan sonra da anamla bağlı dediklərini eləyərlər. Ona görə dediklərinə razılaşdım”.

Məhkəmədə 4-cü polis bölməsinin əməliyyat müvəkkili Elçin Xalıqov dindirilib. O iddia edib ki, İlkin Süleymanovu daxil olmuş əməliyyat məlumatı əsasında saxlayan şəxslərdən biri olub. Onun sözlərinə görə, üstünə baxış zamanı cibindən narkotik tapılıb.

İlkin Süleymanov isə polis əməkdaşının yalan danışdığını vurğulayıb:

“Başdan-ayağa yalan danışır. Mənə bölmədə “bakılım-bakılım” deyirdi. İndi burada gözümün içinə baxa-baxa şərləyir”.

Məhkəmə prosesi avqustun 9-da davam edəcək.

İlkin Süleymanovun ittiham olunduğu maddələrdə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İlkin Süleymanov aprelin 2-də saxlansa da, yaxınları onun yerini aprelin 4-də axşam öyrənə bilib. O, həbs olunduğu ilk günlərdə – adı deputata qarşı sui-qəsddə hallanarkən yaxınları silahlı hücum baş verən zaman onun Xocasəndə olduğunu – çörək alıb evinə getdiyini sübut edən kamera görüntülərini Meydan TV vasitəsilə yaymışdı.

Hüquq müdafiəçiləri 2023-cü ilin yanvarından bu yana ölkədə 500-dən artıq dini inanclı şəxsin narkotik ittihamıyla həbs olunduğunu bildirir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button