2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Fazil Mustafaya sui-qəsd” işində təqsirləndirilən şəxs: “Qətiyyən peşman deyiləm” 

Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarovun, Rəşad Əhmədovun, Azər Səricanovun, Elşad Əsgərovun və Səbuhi Şirinovun məhkəməsi ifadələrlə davam edir.

Sonuncu məhkəmə iclasında sui-qəsdin təşkilatçısı hesab olunan Azər Səricanov məhkəmənin və digər tərəflərin suallarını cavablayıb. O, bir daha bildirib ki, Fazil Mustafanı dini baxışlarına görə insanları, dini ritualları təhqir etdiyi üçün cəzalandırmaq qərarına gəlib. 

Prokuror Səricanovdan Fazil Mustafanı nəyə görə sivil yolla başa salmadığını, sui-qəsd cəhdinə əl atdığını soruşub. Azər Səricanov deyib ki, Fazil Mustafanı lap əvvəldən cəzalandırmaq fikri var imiş. Buna səbəb isə deputatın müxtəlif sosial şəbəkələrdəki çıxışları olub: “Bəzi insanları cəzalandırmaq lazımdır ki, hamıya görsün ki, mənəvi dəyərləri tapdalamaq olmaz. Tək Fazil Mustafa deyil, biri də elə Mirşahin Ağayev. O da çox şey danışırdı.  Burda mühakimə edilənlərin hamısını mən istiqamətləndirmişəm. Nə qədər cəza verirsiz verin. Elə işlər var ki, mütləq həll olunmalıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Fazil Mustafanın nümayəndəsi isə Azər Səricanovdan digər təqsirləndirilən şəxslərə hansı ideologiyanı təbliğ etdiyini maraqlanıb. Təqsirləndirilən şəxs isə İmam Hüseyni təhqir etməyi, aşura günündə toy etməyi misal çəkib. 

 
Nümayəndə Fazil Mustafanın çəkilən misalların heç birini dilinə gətirmədiyini deyərək, müttəhimdən mənbə göstərməsini istəyib: “Feysbuk səhifəsində, yutubda çıxışlarından birində deyirdi ki, məhərrəmlik ayında mələşmək, ulaşmaq olmaz. Mən belə sözləri qəbul edə bilmərəm. 

Nümayəndənin “bir nəfərə qarşı sui-qəsd təşkil etmək üçün 3 odlu silahı neynirdiz, bu qədər silah nəyinizə lazım idi?” sualına cavabında təqsirləndirilən şəxs “bunun nə dəxli var, kişinin belində tapança olar” deyib. 

Təqsirləndirilən Səbuhi Şirinovun vəkili Elçin Sadıqov Azər Səricanovdan Fazil Mustafanın hansı hərəkətlərinin onu qane etmədiyini soruşub: “Mənim dinimi təhqir edənin əllərini kəsərəm.”. 

Elçin Sadıqovun “Fazil Mustafanın siyasi kursundan məlumatlı idinizmi?” sualına təqsirləmdirilən “ Nurçu kimi tanıyıram”,- deyə cavab verib. 

Məhkəmə tərkibinə daxil olan hakim Azər Tağıyevi maraqlandıran məsələ müttəhimin nəyə görə məhz İrana gedib-gələndən sonra bu cinayəti icra etməsi olub. Təqsirləndirilən şəxs deyib ki, sui-qəsddən sonra icraçılara problem yarana bilərdi, onların ölkədən  çıxışında problem yaranmasın deyə İrana gedib. 

Azər Səricanov yekun olaraq əməlindən peşman olmadığını qeyd edib: “Əməlimdən qətiyyən peşman deyiləm! Vəssalam!”.

Prosesin davamında təqsirləndirilən Rəşad Əhmədov sərbəst ifadə verib.

Əhmədov da dövlətə xəyanət, dövlət xadiminin həyatına sui-qəsd cəhdi etməkdə, həmçinin narkotik dövriyyəsində ittiham edilir. Lakin müttəhim özünü yalnız qanunsuz silah saxlamaqda təqsirli bilir.

Deyib ki, hadisədən dərhal sonra İstanbula gedib. Oradan da İrana keçib. İranda 10 gün qaldıqdan sonra isə Azərbaycana qayıdıb, bir neçə gün sonra da həbs edilib: “Mən buradakılardan ancaq Azər Səricanovu tanıyıram, digərlərini görməmişəm. Azər mənə silah vermişdi. Tapşırmışdı ki, saxlayım, lazım olanda gəlib götürəcək. Amma Azərin həbsindən sonra gözüm qorxdu. Əvvəl İstanbula, oradan da Tehrana getdim. 10 gün orada qaldım, geri qayıtdım”.

Bundan sonra təqsirləndirilən şəxsin ibtidai istintaq vaxtı verdiyi ifadəsi elan edilib. 

Əhmədov istintaqda deyib ki, uşaqlıq dostu Valeh İsmayılov uzun illər əvvəl Suriyaya gedib. Orada müharibədə iştirak edib. Müharibədən sonra isə İrana köçüb, həmin vaxtdan orada yaşayıb: “Valehlə sosial şəbəkələrdə danışırdıq. Bir dəfə Qumda Valehlə görüşümüz oldu. Həmin vaxt Valehə Azər Səricanovun Fazil Mustafanı öldürmək planının olduğunu dedim. Valeh də bu işdə maraqlı oldu. Sui-qəsd cəhdinin icra edilməsi üçün mənə 30 min dollar verdi. Pulu ondan alıb Azər Səricanova verdim. Amma pulu alanda Valeh şərt qoymuşdu ki, iş alınmasa, pulu qaytarmalıyam. Tutulmasaydım, İrana qayıdıb yaşayacaqdım.
Bundan başqa, Valeh mənə Azərbaycandakı strateji obyektlərin fotolarını çəkməyi tapşırdı. Mən də dediyi yerlərin şəklini çəkib atdım”.

Proses martın 1-də davam edəcək.

Qeyd edək ki, hadisə ötən ilin martında baş verib. F. Mustafa evinin önündə “Kalaşnikov” avtomatından açılan atəş nəticəsində xəsarət alıb. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham elan edilib.
 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button