2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Gədəbəydə etirazlar: “Niyə kəndlilərin etirazında Rusiya və ABŞ izi axtarmalıyam?”

Söyüdlü hadisəsi ölkə gündəmində və Milli Məclisdə müzakirə olunur…

Gədəbəy rayonunun Söyüdlü kəndində bir neçə gündür ki, davam edən etirazları hakimiyyətə yaxın media xarici amillərlə əlaqələndirir.

Hökumətyönlü medianın bir neçəsi iddia edir ki, Gədəbəy hadisələrinin arxasında Qərb, ABŞ dayanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Həmçinin bu etirazların təşkilində Rusiyanın adını çəkən media orqanları da var.

Bəzi media orqanları isə etirazları keçmiş icra başçısı və siyasi məhbus Saleh Rüstəmovun maliyyələşdirdiyini qeyd edir.

Təxribatın hazırlanması zamanı təşkilatçılar Gədəbəyin keçmiş icra başçısı, bir müddət həbsdə olmuş AXCP üzvü Saleh Rüstəmov və onun oğlu Sezgin Rüstəmovla da təmasa keçiblər. S.Rüstəmov mövzunu siyasiləşdirərək AXCP-nin gündəminə çıxarmalı, oğlu Sezgin isə gənclər arasında təbliğat işi görməli idi. Təxribatçıların Rusiya ilə bağlı “5-ci kolon” üzvlərindən olan keçmiş millət vəkili Nazim Bəydəmirli ilə də təmasları olub və o, Bakıdan bu proseslərin koordinasiyası ilə məşğul olub. Məlumat üçün bildirək ki, vaxtilə vergilər naziri Fazil Məmmədovun dəstəyi və Ramiz Mehdiyevin razılığı ilə parlamentdə təmsil olunmuş N.Məmmədovun bir müddət AXCP-yə maliyyə dəstəyi ayırdığı məlumdur”, – deyə mediada qeyd olunur.

ABŞ, Rusiya və Azərbaycan. Foto: OnePixelStudio/shutterstock

Milli Məclisdə Gədəbəy etirazları…

Yazılanlar Milli Məclisin 23 iyun iclasında da müzakirə olunub.

Deputat Elman Nəsirov Gədəbəyin Söyüdlü kəndində baş verənlərin planlı hazırlandığını deyib:

Heç nə birdən-birə olmur. İki həftə əvvəl Rusiyada yaşayan 2 nəfər gəlib bu hadisələr üçün pul toplayıb. Başqa adamların, Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin və keçmiş millət vəkili Nazim Bəydəmirlinin də adı çəkilir. Bir çoxu da mahiyyətə varmadan bu prosesə qoşulur. Azərbaycan polisi öz vəzifəsini icra edib. Bu zaman bir nəfər polis qaydanı pozub, o da cəzalandırılacaq. DİN bununla bağlı yoxlama təşkil edib və əməkdaşlarını Söyüdlüyə göndərib. Dövlət bütün imkanlarından istifadə edir ki, bu hadisənin əsas mahiyyəti önə çıxsın”.

Elman Nəsirov
Elman Nəsirov, Foto: Azərtac

Deputat Tural Gəncəliyev isə bir həftə öncə Laçın sərhəd-buraxılış məntəqəsinə qarşı törədilmiş təxribatdan sonra Gədəbəydəki hadisələri təsadüfi saymayıb:

“Biz Avropa Şurası Parlament Assambleyasında erməni deputatların bu təxribatı necə səbirsizliklə gözlədiklərini müşahidə edirdik. Beynəlxalq təşkilatlardakı ermənipərəst deputatlar da öz fəaliyyətlərindən əl çəkmirlər. Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının ermənipərəst rəhbəri Natali Luazo ilə görüşmək istəyən zaman o bizi qəbul etməmişdi”.

Tural Gəncəliyev
Foto: sosial şəbəkə

Bu, Ağrı dağa baxıb yaşmaqlanan Azərbaycan qadının obrazı deyil”

Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deputat Bəhruz Məhərrəmov baş verənləri tətxibat adlandırıb.

O, aksiyaya çıxan yaşlı qadınları da kəskin tənqid edib:

Foto: Bəhruz Məhərrəmovun şəxsi arxivindən

Biz nə gördük? Zorakılıqla müşayiət olunan hərəkətlər. Azərbaycan qadını bir örpəyi ilə qan davalarını dayandırıb, indi övladı yaşında polisə daş atıb, onu təhrik edən ağbirçəklər nə zaman meydana gəldi bu cəmiyyətdə? Bu, Ağrı dağa baxıb yaşmaqlanan Azərbaycan qadının obrazı deyil, bu, övladını qurban verən, amma 30 ildə bir addım geri çəkilməyən Gədəbəyli ananın üslubu ola bilməz”.

“Bu, Laçın-Xankəndi yolunda ekoaktivistlərin fəaliyyətinə cavab olaraq hazırlanan, o insanların da alət edildiyi ləyaqətsiz təxribatdır. Bu, Avroparlamentdəki anti-Azərbaycan dinləmənin, son həftələrdə intensivləşən hərbi təxribatlarının bir həlqəsidir”, – depuat qeyd edib.

Əminəm ki, polisin etdiyi hərəkətə hüquqi qiymət veriləcək”

Milli Məclisin Gədəbəydən seçilmiş deputatı Sevinc Hüseynova isə polisin yaşlı qadına qarşı polisin kobud rəftarını qəbuledilməz sayıb.

O, əminliyini bildirib ki, bu hərəkətə hüquqi qiymət veriləcək.

Deputatın sözlərinə görə, Söyüdlü kəndində əhalinin əsas məşğulluq sahəsi əkinçilik, maldarlıqdır:

“Sovet dövründə bu kənd alimlər kəndi kimi də tanınıb. Söyüdlü kəndinin əhalisi I və II Qarabağ müharibəsi zamanı vətəninə xidmət edib. Rayonumuzda baş verən hadisə məndə təəssüf hissi doğurur. Dağın başında halal zəhmətləri ilə övlad böyüdən insanların ekoloji sağlam mühitdə yaşamaq istəyi onların hüququdur. Hadisə zamanı yaşlı qadına olan polisin kobud rəftarı qəbuledilməzdir. Əminəm ki, bu hərəkətə hüquqi qiymət veriləcək”.

“Necə ola bilər ki, bu hadisə Laçın-Xankəndi yolunda ekofəallarımız nəticələr əldə edəndən, sülh müqaviləsi ilə bağlı irəli addımlar atılan zaman baş verib?”, – deyə sual edən Hüseynova əlavə edib ki, ucqar kənddə bu hadisənin yaranmasının arxasında, təbii ki, kimlərsə dayanır:

“Bu qüvvələrin niyyətləri gözlərində qaldı. Hadisənin qarşısı aidiyyəti qurumlar tərəfindən dərhal alındı və reaksiya verildi. Birmənalı olaraq əminəm ki, Söyüdlüdə iş aparan hüquq mühafizə orqanları, həm də Komissiya bu problemi həll edəcək. Sakinlərimizin ekoloji çirklənmə ilə bağlı müraciətləri vaxtında həll olunacaq. Düşünürəm ki, bu hadisəni törədənlər öz layiqli cəzasını alacaq”.

Arzu Nağıyev və Sevinc Hüseynova. Foto: Report.az

Söyüdlü kənd sakinlərinin dediklərində həqiqət var”

Gədəbəydən seçilən digər deputat Arzu Nağıyev isə deyib ki, Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin dediklərində də həqiqət var:

“Problemi bu qədər böyütmək lazım deyildi. Biz bu məsələdə sadə xalqdan istifadə edildi deyə bilərik. Ölkə xaricində yaşayanlar və daxilində olan koordinatları bu hadisədən öz məqsədləri üçün istifadə etdilər. Jurnalistlərin və digər şəxslərin işləri araşdırılmalıdır. Bu gün Gədəbəydə baş verən hadisələrin fonunda dövlətə qarşı böyük aksiyanın qarşısı alınıb və heç bir təhlükə yoxdur”.

“Ola bilər ki, kimlərdənsə nəsə aldıqları müqabilində sifarişli məqalələr yazırlar”

Meydan TV Elman Nəsirovun ittiham etdiyi keçmiş deputat Nazim Bəydəmirli ilə əlaqə saxlayıb.

N.Bəydəmirli deyib ki, zəlzələdən, ya vəlvələdən deputat mandatı daşıyan şəxslər, xüsusilə asanlaşdılmış mandat alanlar öz fəaliyyətləri məşğul olsalar, daha məsləhətlidir.

Nazim Bəydəmirli bəzi media orqanlarında yazılanları mənasız adlandırıb:

Nazim Bəydəmirli
Nazim Bəydəmirli, Foto: APA

Ola bilər ki, kimlərdənsə nəsə aldıqları müqabilində sifarişli məqalələr yazırlar”.

Nazim Bəydəmirli bildirib ki, bir xarici şirkətin marginal maraqlarına görə kənddə iş şəraiti normal qurulmayıb:

Rza Vəzirin rəhbərlik etdiyi bu şirkətin ekologiyaya vurduğu ziyan sübut olunduqdan sonra fəaliyyətinə rəsmi xitam verilməlidir. Eyni zamanda, şirkətin Azərbaycan hökumət ilə bağladığı müqavilə şərtlərinə əməl etmədiyi də nəzərə alınmalıdır. Ona görə də ərazi “AzərGold”un istifadəsinə verilməlidir. Məncə, Muxtar Babayevin rəhbəri olduğu komissiya etirazları obyektiv araşdırıb qiymət verəcək, çünki ortada faktlar var”.

Elman Nəsirov professor elmi dərəcəsi daşıyır, gərək danışanda diqqətli olsun”

Saleh Rüstəmovun vəkili Bəhruz Bayramov Meydan TV-yə açıqlamasında media orqanlarında yazılanları əsassız və böhtan adlandırıb:

Yaxşı olardı, həmin məqaləni yazan sayt ortaya sübut, yəni səs yazısı qoyaydı. Mən hər gün Saleh Rüstəmovla əlaqə saxlayıram, hazırda səhhətində ciddi problem var. O sosial şəbəkə və “Whatsapp” qruplarında yoxdursa, səs yazısı da ola bilməz. Təsəvvür edin ki, Saleh Rüstəmov 4 ildən çox həbs həyatı yaşadı, yaxınlarının bütün əmlakı müsadirə edildi, indi də müalicə olunur. 17 yaşlı oğlu isə siyasi liderdirmi nəsə təşkil etsin? Sosial şəbəkədə olduğundan, statuslar yaza bilər. Amma bu, onun nələrsə təşkil etməsinə əsas ola bilməz”.

Bəhruz Bayramov
Foto: VOA

Vəkil əlavə edib ki, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti yazılanları araşdırmalıdır:

Dövlət orqanları özləri də Söyüdlü kəndində əhaliyə qarşı qanunsuzluqlara yol verildiyini təsdiqləyib, insanlar da hüquqlarını tələb edib. Niyə həmin saytlar bunları araşdırmaq əvəzinə, sübut olmadan bir şəxsin üzərinə atırlar, bu, artıq absurddur! Elman Nəsirov isə professor elmi dərəcəsi daşıyır, gərək danışanda diqqətli olsun”.

Saleh Rüstəmovun oğlu Sezgin Rüstəmov isə “Musavat.com”a qarşı məhkəmə iddiası qaldıracaqlarını deyib.

“Polis dəyənək və qazla yaşlı qadını işgəncəyə məruz qoyursa, niyə xarici iz axtarmalıyam?”

Politoloq Zərdüşt Əlizadə Meydan TV-yə deyib ki, o, dövlət məmurlarının, deputatların çıxışlarına və məlum media orqanlarının yazdıqlarına önəm vermir:

Hadisələri izləyirəm, görürəm ki, dağ kəndindəki qızıl mədənində zəhərli maddələrdən istifadə edirlər. Həmin müəssisənin qazancından kəndə qara qəpik də xeyir olmur, əksinə, onlara ciddi ziyan vurur. Çünki şirkət müasir texnologiyadan istifadə etmədən qızıl çıxarır. Nəticədə kənd çox ağır şəraitdə maldarlığın, əkinçiliyin hesabına yaşayır. Belə olduqda, mən niyə kəndlilərin etirazında Rusiya və ABŞ izi axtarmalıyam?”.

Siyasi şərhçi Zərdüşt Əlizadə
Mənbə: AFU

Mən görəndə ki polis dəyənək və qazla yaşlı qadını işgəncəyə məruz qoyur, niyə xarici iz axtarmalıyam? Məsələ sosialdır və problem ictimai ədalətsizlikdə axtarılmalıdır. Dövlətimizin də sinfi mahiyyəti varlıların hüquqlarını müdafiə etməkdən ibarətdir, nəinki sadə camaatın. Polis də varlı insanların maddi maraqlarını müdafiə edir. Bunu görmək üçün nəyisə axtarmağa ehtiyac yoxdur. Eyni əzmək siyasəti Bakıda, Gəncədə, Qusarda və Zaqatalada da davam edir, sistem hər yerdə eyni tərzdə işləyir”, – deyə o bildirib.

“Söyüdlü qadınlarının etirazı və Bayden…”

Milli Şuranın sədri, professor Cəmil Həsənli hökumətyönlü mediada yazılanları “sərsəmlik” adlandırıb.

O, Meydan TV-yə deyib ki, Söyüdlü kəndində baş verənləri xarici ölkələrlə əlaqələndirmək heç bir məntiqə sığmır:

Cəmil Həsənli. Foto: Meydan TV

“Söyüdlü qadınlarının etirazı və Bayden. Deməli, dağ kəndindəki etirazları ABŞ Prezidenti təhrik edibmiş. Çox gülməlidir, Mirzə Cəlil olsaydı, “Molla Nəsrəddin”də bunu yazardı.
Rusiya amili də “üzürü günahından betər” kimi bir şeydir. Rusiya olan yerdə demirlər, amma Söyüdlüdə deyirlər. Hökumət Rusiyanın Xankəndində və Laçın dəhlizində törətdiyindən danışmalıdır, Söyüdlüdən yox. Halbuki Söyüdlü kəndində bir ailədən 1 akademik, 4 professor, 3 elmlər namizədi çıxıb. Yəni həmin camaat bir plakat da hazırlaya bilmir ki, kənar yerdə iz axtarırlar?!”.

Onun fikrincə, Gədəbəyin uca dağ kəndi olan Söyüdlüdə baş verənlər ölkədə hakimiyyətin, idarəçiliyin hansı acınacaqlı vəziyyətdə olduğunu bütün çılpaqlığı ilə göstərdi.

Gədəbəydə nə baş verib?

İyunun 20-dən Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb.

İyunun 22-də Gədəbəyin Söyüdlü kəndinə sakinlərdən başqa şəxslərin girişi məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyi (DİN) səbəb kimi ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsini göstərib.

Kəndin sakinləri isə bildirirlər ki, əsl səbəb iyunun 20-21-də etdikləri etiraz aksiyasıdır, onları nəzarətdə saxlamaq istəyirlər.

Söyüdlü kəndinin sakinləri iki gün ard-arda evlərinin yaxınlığında qızıl mədənləri üçün ikinci süni gölün salınmasına etiraz edib.

Sakinlər kəndlərində ikinci belə yaradılacaq su hövzəsinin kimyəvi maddələrlə dolu olduğunu, bunun isə sağlamlığa zərər vurduğunu bildiriblər.

Onların sözlərinə görə, bu su hövzələri onların əkin və örüş sahələrində salınır.

Bu da əkinə, meyvəyə, ağaclara və insanların sağlamlığına zərər vurur.

Aksiyada kənd sakinlərindən həbs edilənlər var.

İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində etiraz aksiyasında saxlanılan 5 nəfər kənd sakininin hər birinə 20 sutka inzibati həbs cəzası verilib. Onların haqqında həbs qərarlarını Gədəbəy rayon Məhkəməsinin hakimi Füzuli Mirzəquliyev çıxarıb.

Meydan TV-nin məhkəmədən əldə etdiyi məlumata görə, saxlanılanlar haqqında rayon polis şöbəsində İnzibati Xətalar Məcəlləsinin 513-cü (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsilə protokol tərtib olunub.

Saxlanılanlardan ikisi icazəsiz aksiyanın təşkilində, üçü isə bu aksiyada iştirakda ittiham olunur.

Beş nəfərin məhkəməsi ayrı-ayrılıqda keçirilsə də, hamısına eyni hakim baxıb.

Ayın 21-də də daha 5 nəfərin saxlanıldığı bildirilir. Daha 1 nəfər isə 1200 manat cərimə edilib.

Saxlanılan kənd sakinləri izahatlarında da deyiblər ki, heç bir qanun pozuntusuna yol verməyiblər. Sadəcə, Söyüdlü kəndində qızıl zavodu üçün ikinci tullantı gölünün inşasına etiraz edirlər. Çünki göl həm təbiətə, həm də sağlamlıqlarına ziyandır.

Saxlanılanlara dövlət hesabına vəkil təyin edilib.

O isə məhkəmədə çıxışında kənd sakinləri üçün cərimə cəzası kəsilməsini istəyib. Lakin hakim Füzuli Mirzəquliyev məhkəmə qarşısına çıxarılmış Söyüdlü sakinlərinin hər birinə 20 gün inzibati həbs cəzası verilməsi haqda qərar çıxarıb.

Kənd sakinləri həbs edilən yaxınları ilə görüşə bilmədiklərini, onlara apardıqları sovqatı geri qaytardıqlarını bildirir.

Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər.

Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.

Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.

Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.

Nazirlər Kabineti məsələ ilə bağlı komissiya yaradıldığını deyir.

Komissiya dövlət məmurlarından formalaşıb, tərkibində müstəqil ekspert yoxdur.

Hakimiyyət hadisəyə təxribat donu geyindirir, yerli mediada bununla bağlı eyniməzmunlu materiallar dərc olunur, hadisəni işıqlandıran müstəqil media hədəfə alınır.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button