2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Generalın məhkəməsi: Hərbi hissələrə ayrılmış 143 milyon manat necə mənimsənilib? 

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərinin məhkəməsi davam edir. Söhbət tenderlərlə 143 milyon manatın mənimsənilməsi ilə bağlı cinayət işindən gedir. 

Toplum TV xəbər verir ki, məhkəmə qarşısında Müdafiə Nazirliyinin maliyyə və büdcə idarəsinin rəisi general Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə idarəsinin rəisi olmuş Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin sabiq Maliyyə idarəsi rəisi Vüsal Əlizadə dayanıb. Hazırda məhkəmə şahidləri dindirir. Şahidlərsə əsasən hərbi hissələrdə maliyyə-xidmət rəisi işləmiş zabitlərdir. İstintaq orqanı həmin zabitləri də mənimsəmə üzrə cəlb edib, ancaq onlar necə deyərlər, paylarına düşən dəymiş zərərləri ödədikləri üçün sonradan istintaq orqanı tərəfindən şahid kimi tanınıblar. Hətta hərbidə xidmətlərini də davam etdirirlər. 

Sonuncu məhkəmə iclasında iki hərbi hissədə maliyyə-xidmət rəisi işləmiş, kapitan rütbəsi daşımış Anar Məmmədov şahid kimi dindirilib. Məhkəmədə məlum olub ki, Anar Məmmədov mənimsəmə faktlarının üstü açılandan sonra ordudan ehtiyata buraxılıb, hazırda işsizdir.

Saytların yığılması Saytlarin yigilmasi

Anar Məmmədov 2015-2019-cu illərdə xidmət edib. Həmin dövrlərdə hər il maliyyə yoxlamalarında iştirak edib. Məhkəməyə bildirib ki, hərbi hissələr üçün hər il zərurətdən çox sifarişlər verilib (ərzaq, yataq və sair), nəticədə əlavə köçürülmüş pullar mənimsənilib: “Mən Cəlal Kazımova tabe idim. Hər ay əlavə sifarişlərdən əldə olunan pulların 30 faizini ona verirdim”. 

Şahidin bu sözləri şüşə qəfəsdə olan Cəlal Kazımovu özündən çıxarıb: “Bu adam yalan danışır. Bu, heç kimə pul verən deyildi. Namiq Poladov (nazirliyin inspeksiya idarəsinin sabiq rəisi) bunu daxili qoşunlardan gizir kimi gətirmişdi. Necəsə sonradan zabit oldu. Poladovun adamı idi deyə, işi də rahat idi. Bu pulları 30 nəfərin kartına köçürmüşdü. Sonra da pulu çəkib istifadə etmişdi. Əlahəzrətin (Namiq Poladovu nəzərdə tutur-red) yaxını idi deyə heç kim bunu yoxlamırdı. Bir dəfə mən yoxlama keçirdim, ona görə mənim özümü tənbeh etdilər”.

General Nizami Məmmədov: “Bu adamın (şahidi göstərir) pulları mənimsəməsiylə bağlı mənə şikayətlər daxil olurdu. Mən də şikayətləri nəzərə alıb bunun fəaliyyətini nəzarətə götürdüm. Tapşırdım ki, mənimsədiyi pulları dövlət büdcəsinə geri ödəsin. Bir müddət sonra da xidmət yerini dəyişdim. Sonra eşitdim ki, getdiyi yerdə də qanunsuzluqlarla məşğul olur”. 

Dövlət ittihamçısı təqsirləndirilən Kazımovdan şahidin fəaliyyətindəki nöqsanlarla bağlı aidiyyəti üzrə şikayət edib-etməməsiylə bağlı maraqlananda bu barədə kimə şikayət etdiyini soruşub. Kazımovsa deyib ki, Müdafiə Nazirliyinin təftiş şöbəsinin rəhbərliyinə şikayət edib. 

Məhkəmədə məlum olub ki, şahid Anar Məmmədovun işlədiyi müddətdə mənimsənilən pulların məbləği 391 min 961 manatdır. Anar Məmmədov məhkəməyə bildirib ki, həmin məbləğdən ona düşən hissəsini yaxın vaxtlarda ödəyəcəyək. 

Prokuror Musayev bildirib ki, zərər ödənilməsə cinayət məsuliyyəti  yaranacaq: “Bundan əvvəl də zərəri ödəməyənlərlə bağlı müvafiq tədbir görülüb. Yəqin ki, ödəniş etməyənlər barəsində qətimkan tədbirinin seçilməsi yenidən müzakirə ediləcək”. Hakim Fikrət Əliyev də şahidə zərəri tezliklə ödəməsini tövsiyyə edib “İstintaq orqanı sizə fürsət yaradıb. Cavan adamsınız, məsləhət görürəm ki, ziyanı ödəyəsiniz”. 

Məhkəmə hərbi hissələrdən birində maliyyə-xidmət rəis işləmiş Emil Əhmədovu da şahid kimi dindirib. Aidiyyəti qurumlar həmin hərbi hissədə maliyyə işlərini araşdıranda məlum olub ki, o, mənimsənilən vəsaitlərdən 108 min manatı özünə götürüb. Hakimə bildirib ki, məhkəməyə gələrkən yoldaca həmin məbləğin 30 min manatını istintaq orqanının depozit hesabına ödəyib. Zərərin qalan hissəsini də yaxın vaxtlarda ödəyəcəyini bildirib.

2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. İş üzrə təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib. Bir müddətdir ki, bir neçə qrupun ibtidai istintaqı yekunlaşıb və işləri məhkəməyə göndərilib, hazırda məhkəmələr davam edir.
 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button