2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Gültəkin Hacıbəyli ona olan təzyiqlərin səbəbini açıqladı

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli

21 fevral, saat 12.00-da Bakı Apellyasiya Məhkəməsində çox maraqlı bir proses keçiriləcək. Həmin prosesdə hakim Elşən Kazımovun sədrliyi ilə Nəsimi Rayon Məhkəməsinin 16 sentyabr tarixli gülünc və absurd qətnaməsindən şikayətimizə baxacaqlar. İşin qısa mahiyyəti ondan ibarətdir ki, 10 iyun 2013-cü il tarixində Mehdiyeva Aynur Lətif qızı adlı bir insan alverçisi Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılır, ona qarşı iki ağır cinayət ittihamı irəli sürülməli olduğu halda bu iş yubadılır və elə həmin gün, 10 iyun 2013-cü il tarixində Aynur Mehdiyevanın anası, pensiyaçı Nəhayət Məmmədova Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi yazaraq göstərir ki, guya mən millət vəkili olduğun dönəmdə o qədər kasıb olmuşam ki, öz mənzilimi təmir etdirməyə, evimə hətta stol, stul, televizor almağa pulum olmayıb və buna görə də 2003-cü ildə, yəni, düz 17 il əvvəl(!) ömrü boyu heç yerdə işləməyən evdar qadın Nəhayət Məmmədovadan 50 min dollar borc almışam))). Maraqlıdır ki, həmin böhrançı qadın və ailə üzvləri hökumət mətbuatında məni korrupsiyada, quldurluqla, hədə-qorxu ilə pul tələb etməkdə də ittiham edirlər, ancaq bütün bu maliyyə cinayətlərini törədən şəxsin hətta millət vəkili kimi ən yüksək maaş aldığı halda niyə evinə stol-stul ala bilməyəcək qədər kasıb olmasını izah edə bilmirlər))). Məhkəməyə mənim kimdənsə bir manat pul aldığımı təsdiq edən bircə sənəd, notarial qaydada təsdiq edilmiş borc müqaviləsi, yazılı öhdəlik və s. təqdim edilməyib, çünki, ümumiyyətlə, belə hal olmayıb. İddaiçının bütün “sübutları” onun öz oğlunun öz xəttilə cızdığı cızmaqaralardır. Həmin cızmaqaralarda bir jakuzinin qiyməti gah 660, gah 880, gah da 1000 dollar göstərilir. Bəlli olmur ki, mən üçotaqlı mənzilə üç jakuzi yerləşdirmişəm, yoxsa bir jakuzini üç dəfə almışam. Həmin cızmaqaralara görə evin hamamının hündürlüyü 5 metrdir, halbuki evin ümumi hündürlüyü 2,8 metrdir. Yenə də həmin cızmaqaralara görə ümumi sahəsi 100 kv.m olan tavana 1250 kv.m alçipan vurulub, bütün divarlara divar kazığızı yapışdırılsa da, naməlum məqsədlərə 3 min dollar qiymətində boya istifadə edilib və s.))) Hətta iddiaçının özünün bu şəkildə yazıb doldurduğu cızmaqaralara görə 50 min dolların yarısı düzəlmir. 2003-cü ildə 50 min dollara üç mənzil almaq mümkün olduğu halda, bir mənzilin təmirinə 50 min dolları “silmək” asan iş deyil axı! İddia tərəfi 4 dəfə ərizəsini dəyişib. Əvvəl dedilər ki, borc almışam, notarial sənəd istədik, iddia müddətinin keçməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun qərarını təqdim etdik, getdilər ərizəni dəyişdilər. İddiaçı indi də yazdı ki, bəs borc-zad verməmişəm, həyəcandan iddia ərizəsində səhv yazmışam))), mən Gültəkin Hacıbəylinin evini təmir etdirmişəm, içini mebellə, başqa avadanlıqlarla doldurmuşam və açarları ona vermişəm ona görə də bəs söhbət əsassız varlanmadan gedir. Hökumətin arxasında gizlənən iddiaçı məhkəməyə bircə dəfə gəlmədi ki, ondan soruşaq ki, sən mənim icazəm olmadan mənim evimi necə təmir etdirə bilərdin axı və kim sahibinin icazəsi olmadan zorla başqasının evini təmir etdirib 17 ildən sonra ondan pul istəyir?! Varmı belə bir presedent?! Mülki Məcəllənin Əsassız varlanma maddəsinin 2003-cü ildə qüvvədə olan redaksiyasına görə əsassız varlanma hadisəsi o zaman baş verir ki, əsassız başlanan mülkiyyətçinin əmlakından onun icazəsi və xəbəri olmadan nəsə götürsün. Bu halda isə iddiaçı guya özü mənim razılığım olmadan mənim mənzilimi təmir etdirib və bunu yalnız 10 il sonra, qızı Aynur Mehdiyeva insan alveri faktına görə saxlanılan gün xatırlayıb))). Odur ki, məhkəmə borc maddəsi kimi əsassız varlanmaya da istinad edə bilmədi və bilirsinizmi Mülki Məcəllənin hansı maddəsinə istinadən qətnamə qəbul etdi?! Heç bir maddəyə! Bəli! Qətnamədə Mülki Məcəllənin bircə maddəsinə də istinad yoxdur, eləcə yazılıb ki, Gültəkin Hacıbəyli Nəhayət Məmmədovaya 85 min manat pul ödəməlidir! Özü də işin içində mənzilin bütün təmirinin 15-16 min dollar təşkil etməsi haqqında ekspert rəyi ola-ola! Hüquqşünaslar üsyan edəcək ki, bəs iddia müddəti? Axı borc müqavilələrində 3 illik, əsassız varlanmada 2 illik iddia müddəti tətbiq olunur! Nə iddia müddəti?! Sizə deyirəm ki, Mülki Məcəlləyə istinad etmədən qətnamə qəbul ediblər! Sadəcə, havadan qərar veriblər! Həmin saxta qərarla maşınımı əlimdən alıblar, evimi əlimdən almaq istəyirlər. Özü, anası və qardaşı-üçünün bir arada məhkəmələrdə üzümə durmasının qarşılığında Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə Aynur Mehdiyevanın 8 il 6 aylıq həbs cəzası bir illik şərti cəza ilə əvəzləndi. Bu işi Avropa Məhkəməsi darmadağın edəcək. Bu işə görə çəkdiyim maddi və mənəvi məhrumiyyətlər artıqlaması ilə iddiaçının, hakimlərin, sifarişçilərin, saxta vəkilin və s. hesabına kompensasiya ediləcək, həmin şəxslər buna görə cinayət məsuliyyətinə cəlb olunacaq. Ancaq bu işi tarixi edən əsas məqam onun presedent xarakteri daşımasıdır. Bundan sonra istənilən şəxs istənilən hakimiyyət təmsilçisinin, korrupsionerin üzünə durub heç bir hüquqi əsas olmadan, məsələn, “mən 15 il əvvəl Zeynal Nsğdəliyevə nağd 5 milyon borc pul vermişəm”, “mən 20 il əvvəl Fikrət Məmmədovun evini təmir edib bir milyon pul xərcləmişəm, pulumu geri istəyirəm” deyə biləcək. Məhkəmələrin əlində də gül kimi presedent olacaq))).
Hə, əzizlərim, indi görürsünüzmü niyə deputat kürsüsünü, yüksək vəzifəsini, imtiyazlarını buraxıb xalqın, haqqın, ədalətin yanında olan başqa nümunələr yoxdur?! Çünki, insanın həyatını cəhənnəmə çevirirlər! Bir yandan hökumət, bir yandan da hökumətin müxalifətin və vətəndaş cəmiyyətinin içində olan uzantıları. Mənə hərtərəfli və bütün əxlaq və mənəviyyat normalarını zorlayan bu hücumların əsas məqsədi də hakimiyyət içində olanlara göz dağı vermək, mərkəzdənqaçma meyllərini qabaqlamaqdır. Bu təzyiqlərə dözmək hər adamın hünəridir?! Ancaq biz hər şeyə hazırıq, ayaqdayıq və bütün təzyiqlərə və iyrəncliklərə rəğmən yola davam deyirik! Hər şey çox gözəl olacaq! Bizim müvəqqəti itirəcəyimiz bir maşın, bir üçotaqlı ev olsun! Yüz milyardları ki, itirməyəcəyik! Şərəfimizi və ləyaqətimizi ki, itirməyəcəyik!

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button