2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Hər qarışına nəfəs verilən şəhər – Laçından REPORTAJ

28 il sonra düşmən tapdağından azad olunan Laçında artıq iki ildir ki, quruculuq və bərpa işləri görülür. Laçınlıların öz doğma yurdlarında işlə təmin olunması, onların təhlükəsizliyi və rifahı üçün bir sıra layihələr həyata keçirilir. Dağıdılan infrastruktur yenidən qurulur, ətraf mühit abadlaşdırılır, yollar salınır. Artıq bir çox işlər tamamlanıb, növbəti layihələrin başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, rayonda genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır.

1992-ci ilin mayın 18-də erməni quldurlarının işğalından əvvəl Laçın şəhərində 2020 fərdi, 28 ümumi yaşayış evi olub. İşğal zamanı isə bu evlərin 1500-dən çoxu dağıntılara məruz qalıb. Ötən ilin sentyabrından Laçının baş planına uyğun olaraq yeni evlərin tikintisinə başlanılıb. Artıq 50-dən çox ailə Laçına qayıdıb.

Bu ilin mayın 27-28-də Laçın rayonuna səfər edən Prezident İlham Əliyev ilk çoxmənzilli yaşayış məhəlləsinin də təməlini qoyub.

“Bakı Abadlıq Xidməti” MMC-nin direktor müavini Nəsimi Əsədov bildirib ki, tezliklə Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin tikintisinə başlanacaq: “Hazırda tikintisi başa çatan evlərə sakinlər köçürülür. Mərhələli şəkildə hazır olan digər evlərə sakinlərin köçürülməsi davam edəcək”.

Aqro və Sənaye Parkında 1169 nəfər işlə təmin olunacaq

Azərbaycan Prezidenti Laçına səfər zamanı Aqro və Sənaye Parkında aparılan işlərlə də tanış olub.

N.Əsədov qeyd edib ki, yerli əhalinin məşğulluğu ilə bağlı yaradılan Aqro və Sənaye Parkında istehsal müəssisələri tikilir. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün təxminən 1200-ə yaxın iş yeri açılacaq. Burada şəhər sakinləri işlə təmin ediləcək: “Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək, onların da 80 %-nin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq. Bundan başqa, tekstil, ayaqqabı fabriklərinin açılması, müxtəlif istiqamətlər üzrə qısamüddətli kursların təşkili də nəzərdə tutulub”.

Çaykənarı bulvar ən sevimli məkanlardan olacaq

Laçın şəhərində salınan çaykənarı bulvarda da işlər yüksək keyfiyyətlə icra olunur. Bura Laçının ən sevimli məkanlardan olacaq. “Bakı Abadlıq Xidməti” MMC direktor müavini qeyd edib ki, artıq Həkəri çayında astana və göl yaradılıb. Gölün üzərində asma körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb, kotteclər tikilib. Burada çimərliyin də fəaliyyət göstərəcəyi bildirilib. İnsanların rahat istirahətinin təmini üçün çimərliyin ətrafında əyləncə mərkəzinin yaradılması planlaşdırılır.

İnfrastruktur işləri sürətlə və yüksək səviyyədə aparılır

Laçın şəhərinin baş plan layihəsində xəstəxana, “İşğal” və “Zəfər” muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektlərinin də yaradılması nəzərdə tutulur.

Nəsimi Əsədov bildirdi ki, Laçın şəhərində kinoteatrın tikintisi artıq başa çatmaq üzrədir və tezliklə təhvil veriləcək. Həmin kinoteatrda 250 sakinin film izləməsi nəzərdə tutulub.

“Həmçinin məktəbin tikintisi də davam edir. Əvvəllər burada 1 və 2 saylı olmaqla 2 təhsil ocağı fəaliyyət göstərib. Həmin məktəblər hazırda əsaslı şəkildə təmir olunur. Hazırda məktəbin bərpa işləri davam edir. Sentyabr ayına qədər 2 saylı məktəbin bərpası başa çatacaq. Köçən sakinlərin məktəbli uşaqları həmin məktəbdə təhsillərini davam etdirəcək”, – deyə MMC-nin direktor müavini diqqətə çatdırıb.

Yol infrastrukturu ilə bağlı görülən işlərdən də danışan “Bakı Abadlıq Xidməti”nin rəsmisi şəhərdəki əsas yollarda ilkin asfalt işlərinin başa çatdığını vurğulayıb: “Müəyyən işlərdən sonra ikinci asfalt örtüyünün vurulmasına başlanacaq. Hazırda bütün yolların kənarında səki işləri görülür”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button